Ərdoğan: Türkiyə Aİ-yə üzvlüyü artıq prioritet hesab etmir

Ərdoğan: Türkiyə Aİ-yə üzvlüyü artıq prioritet hesab etmir
Türkiyə Avropa İttifaqına üzvlüyü artıq prioritet hesab etmir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jazeera Arabic” telekanalına müsahibəsində bildirib.
Ərdoğanın sözlərinə görə, Ankara Aİ-yə mümkün üzvlük perspektivindən tamamilə imtina etməyib. Lakin onun fikrincə, Avropa İttifaqı Türkiyənin inteqrasiyasına real hazırlıq nümayiş etdirmir.
“Avropa 53 ildir Türkiyəni öz sıralarına qəbul etmir və gələcəkdə də bunu etməyəcək. Lakin biz qapımızı bağlamamışıq”, – deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, Ankara Aİ-yə üzvlük imkanını hələ də nəzərdən keçirir: “Əgər bizi qəbul etsələr, daha yaxşı. Qəbul etməsələr də, problem deyil”.
Türkiyə 1999-cu ildən Avropa İttifaqına rəsmi namizəd ölkədir. Üzvlüklə bağlı danışıqlar isə 2005-ci ilin oktyabrında başlayıb. Lakin sonrakı illərdə proses demokratiya, qanunun aliliyi və fundamental hüquqlarla bağlı fikir ayrılıqları fonunda faktiki olaraq dayanıb.
Avropa İttifaqı Şurasının məlumatına görə, üzvlük danışıqlarının 35 fəslindən 16-sı açılıb, onlardan yalnız biri müvəqqəti olaraq bağlanıb. Ankara ilə son hökumətlərarası konfrans 30 iyun 2016-cı ildə keçirilib.
2018-ci ilin iyununda Aİ Şurası Türkiyənin üzvlük danışıqlarının faktiki olaraq dalana dirəndiyini açıqlayıb. Yeni danışıqlar fəsillərinin açılması və ya bağlanması, həmçinin Aİ ilə Türkiyə arasında Gömrük İttifaqının modernləşdirilməsi istiqamətində əlavə işlərin aparılması nəzərdə tutulmayıb.
Avropa Komissiyasının hesabatlarında Türkiyədə ifadə azadlığı, məhkəmə sisteminin müstəqilliyi və müxalifət nümayəndələrinə münasibətlə bağlı narahatlıqlar dəfələrlə vurğulanıb.
2025-ci il üzrə Aİ-nin genişlənmə hesabatında isə Türkiyə məhkəmə sistemi və fundamental hüquqlar sahəsində hələ ilkin mərhələdə olan ölkə kimi qiymətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.