BMT-nin insan hüquqları üzrə ali komissarı Yəməndə genişmiqyaslı müharibə təhlükəsi barədə xəbərdarlıq edib

BMT-nin insan hüquqları üzrə ali komissarı Yəməndə genişmiqyaslı müharibə təhlükəsi barədə xəbərdarlıq edib
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk Yəməndə hərbi əməliyyatların yenidən genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ilə bağlı ciddi narahatlığını ifadə edib.
Volker Türk tərəfləri gərginliyi azaltmağa və Yəmənin yenidən genişmiqyaslı münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün dərhal tədbirlər görməyə çağırıb.
BMT-nin İnsan Hüquqları üzrə İdarəsinin məlumatına görə, avqustun 6-dan etibarən husilərin hökumətin nəzarətində olan ərazilərə hücumları nəticəsində azı 7 mülki şəxs ölüb, 10 nəfər yaralanıb. İyulun sonlarında isə husilərin nəzarətində olan ərazilərdə 2 mülki şəxsin yaralandığı bildirilib.
Avqustun 9-da husilərin Qırmızı dənizdə yerləşən Moha limanına raket və pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 3 liman işçisi ölüb, daha 4 nəfər yaralanıb.
Bundan başqa, avqustun 11-də Bab əl-Məndəb boğazında yük gəmisinə hücum zamanı 4 ekipaj üzvünün – 3 Pakistan vətəndaşının və 1 İndoneziya vətəndaşının öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
BMT-nin İnsan Hüquqları üzrə İdarəsi hücumlar nəticəsində yanacaq anbarları və Səudiyyə Ərəbistanına məxsus səhra hospitalının yaşayış kompleksi də daxil olmaqla, mülki infrastruktura ciddi ziyan dəydiyini açıqlayıb.
Volker Türk bildirib ki, mülki infrastruktura zərbələr Yəməndə onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirə bilər. Onun sözlərinə görə, hazırda ölkədə ən azı 18 milyon insan ərzaq çatışmazlığı ilə üzləşir.
BMT rəsmisi tərəfləri hücumları dərhal dayandırmağa və Yəmən xalqının daha böyük humanitar fəlakətlə üzləşməsinin qarşısını almağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.