Almaniyada Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə diversiya hazırlamaqda ittiham olunan ukraynalı məhkum edilib

Almaniyada Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə diversiya hazırlamaqda ittiham olunan ukraynalı məhkum edilib
Ştutqart Ali Torpaq Məhkəməsi Rusiya kəşfiyyatının maraqları naminə diversiya hazırlamaqda ittiham olunan üç Ukrayna vətəndaşından birini 1 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Digər iki təqsirləndirilən şəxs bəraət alıb. Bu barədə Bild məlumat yayıb.
Almaniya Federal Prokurorluğunun versiyasına görə, həmin şəxslər Köln şəhərindən GPS izləyiciləri olan bağlamalar göndərərək Ukraynanın “Nova Poçta” şirkətinin yükdaşıma marşrutlarını müəyyənləşdiriblər.
İstintaq hesab edir ki, daha sonra həmin marşrutlar üzrə içərisində yandırıcı qurğular olan bağlamaların göndərilməsi planlaşdırılıb. Bu bağlamaların Almaniyada və ya Ukraynanın nəzarətində olan ərazilərdən keçərkən alışaraq mümkün qədər böyük zərər vurması nəzərdə tutulub. İttihama görə, hücumların məqsədi əhalini qorxutmaq olub.
Məhkəmə prosesində əsas məsələlərdən biri təqsirləndirilən şəxslərin Rusiya xüsusi xidmət orqanları üçün işlədiklərini anlayıb-anlamamaları olub. Ekspertlər onları xüsusi xidmət orqanlarının konkret tapşırıqlar üçün istifadə etdikdən sonra əlaqəni kəsdiyi “birdəfəlik agentlər” kateqoriyasına aid ediblər.
Üç təqsirləndirilən şəxsin hamısı onlara qarşı irəli sürülən ittihamları rədd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.