Yaponiyada ekspress qatar alaq otlarına qarşı dərmanlama işləri aparan 4 dəmiryol işçisini vuraraq öldürüb

Yaponiyada ekspress qatar alaq otlarına qarşı dərmanlama işləri aparan 4 dəmiryol işçisini vuraraq öldürüb
Yaponiyanın paytaxtı Tokionun şimalında yerləşən Şin-Kanuma stansiyasında ekspress qatar dəmiryol xəttində alaq otlarına qarşı dərmanlama işləri aparan 4 əməkdaşı vurub. Hadisə nəticəsində onların hamısı həyatını itirib.
Associated Press-in məlumatına görə, qəza Tobu-Nikko xəttində Tokio istiqamətində hərəkət edən Spacia ekspress qatarının stansiyaya daxil olduğu zaman baş verib. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlər onların həyatını xilas edə bilməyiblər.
Hadisə zamanı relslərdə olan daha 6 əməkdaş, o cümlədən 2 işçi, 3 nəzarətçi və sahə rəhbəri xəsarət almayıb. Qatarın təxminən 50 sərnişini də sağlam qalıb.
Tobu Railway şirkətinin məlumatına görə, işçilər relslər boyunca herbisid səpməli olublar. Qatar yaxınlaşarkən nəzarətçilər işçiləri təhlükə barədə xəbərdar etməli və onların relsdən çıxmasını təmin etməlidirlər. Həmçinin onlar maşinistə bayraqla siqnal verir, maşinist isə öz növbəsində siqnal səsi verir.
İşçilərin qatar yaxınlaşarkən niyə relsdən çıxmadığı və nəzarətçilərin hadisədə hansı rol oynadığı hələlik müəyyən edilməyib. İlkin ehtimala görə, qəza rabitə və ya kommunikasiya səhvi nəticəsində baş verə bilər.
Hadisə ilə bağlı araşdırma davam edir. Qəzadan sonra xətt üzrə qatarların hərəkəti bir neçə saat dayandırılıb, daha sonra bərpa olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.