AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hər bir dərəcəlik istiləşmə daha bir milyard insanı təhlükəli istiyə məruz qoya bilər

  • + A
  • - A
  • Bu gün, 01:00

    Hər bir dərəcəlik istiləşmə daha bir milyard insanı təhlükəli istiyə məruz qoya bilər


    İqlim dəyişmələri nəticəsində artan ekstremal istilərin yaşlı insanlar üçün yaratdığı təhlükə əvvəlki hesablamalardan daha ciddi ola bilər.
    ABŞ-ın Stanford Universitetinin alimləri apardıqları araşdırmada qlobal temperaturun yüksəlməsinin müxtəlif yaş qruplarına təsirini 2100-cü ilədək modelləşdiriblər. “The Lancet Planetary Health” jurnalında dərc olunan tədqiqatda 60 yaşdan yuxarı insanların yüksək temperatur və rütubətə dözümlülüyünün daha aşağı olması da nəzərə alınıb.

    Araşdırmaya görə, qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi yüksələrsə, dünyada 60 yaşdan yuxarı insanların təxminən 22 faizi hər il ən azı bir ay ərzində sağlamlıq üçün təhlükəli istilərə məruz qala bilər.
    Alimlər bildirirlər ki, temperaturun hər əlavə 1 dərəcə yüksəlməsi təxminən daha bir milyard insanın orqanizmin istilik yükünü kompensasiya etmək imkanlarını aşan isti və yüksək rütubətlə təxminən bir ay əlavə üzləşməsinə səbəb ola bilər.

    Qlobal istiləşmənin 3 dərəcəyə çatması halında isə Cənubi Asiya və Fars körfəzi ölkələri kimi ən həssas bölgələrdə yaşayan yaşlı insanlar ilin təxminən üç ayı ərzində həm gündüz, həm də gecə təhlükəli istilərlə üzləşə bilərlər.

    Tədqiqatçılar xüsusilə yoxsulluğun yüksək olduğu və soyutma imkanlarının məhdud qaldığı ölkələrin risk altında olduğunu bildiriblər. Bu ölkələr sırasında Hindistan, Pakistan, Banqladeş, Myanma və Niger qeyd olunur.
    Alimlərin fikrincə, ekstremal istilər gələcəkdə daxili köçün və sərhədlərarası iqlim miqrasiyasının əsas səbəblərindən birinə çevrilə bilər.

    Tədqiqat müəllifləri istixana qazlarının emissiyalarının azaldılmasını, həmçinin istilərlə mübarizə planlarında yaşlı insanların müdafiəsinə xüsusi diqqət yetirilməsini vacib sayırlar.

    Alimlər soyutma sistemlərinə, o cümlədən kondisionerlərə çıxışın genişləndirilməsinin də əhəmiyyətini vurğulayıblar. Onların sözlərinə görə, istilərdən baş verən ölümlərin böyük hissəsi açıq havada deyil, qapalı məkanlarda qeydə alınır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR