Hindistan insanların ilan sancmasına ən çox məruz qaldığı ölkədir

İnsanların ilan sancmasına ən çox məruz qaldığı ölkə Avstraliya deyil, Hindistandır. Alimlərin apardığı yeni araşdırmaya görə, dünyada ilan sancmalarının sayına görə Hindistan ilk sırada yer alır.
Araşdırma Liverpul Tropik Tibb Məktəbinin alimləri tərəfindən aparılıb və nəticələr PLOS Medicine jurnalında dərc olunub.
Tədqiqatçılar 2007-ci ilin yanvarından 2025-ci ilin martına qədər 79 ölkədə ilan sancması ilə bağlı elmi məlumatları və araşdırmaları təhlil ediblər. Onların hesablamalarına əsasən, dünyada hər il 2,1 milyondan 7 milyona qədər insan ilan zəhərlənməsi ilə nəticələnən sancmalara məruz qalır. İlan zəhəri səbəbindən isə hər il təxminən 274-513 min nəfər həyatını itirir. Alimlər real göstəricilərin daha yüksək ola biləcəyini də vurğulayırlar.
İlan sancmalarının sayına görə Hindistan dünyada birinci yerdədir. Ölkədə hər il təxminən 409 min–1,3 milyon ilan sancması qeydə alına bilər.
İkinci yerdə Nigeriya qərarlaşıb — burada illik göstərici 666 minə çata bilər. Üçüncü yerdə isə İndoneziya gəlir — 490 minə qədər hadisə.
Reytinqdə daha sonra Konqo Demokratik Respublikası (467 minə qədər), Efiopiya və Keniya yer alır.
İlk onluğa həmçinin Banqladeş, Uqanda, Pakistan və Braziliya daxildir. Ümumilikdə, dünyada ilan sancmalarının təxminən 75 faizi 20 ölkənin payına düşür.
Xüsusilə Saxaradan cənubda yerləşən Afrika ölkələrində vəziyyət ağır olaraq qalır. Dünyadakı ilan sancmalarının və ilan zəhərindən ölüm hallarının təxminən 45 faizi məhz bu regionun payına düşür.
Alimlərin fikrincə, ölkədə gəlir səviyyəsinin aşağı olması ilan sancmalarının daha çox baş verməsi və ölüm hallarının artması ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Tibbi yardıma çıxışın məhdud olması da problemin ağırlaşmasına səbəb olan amillərdən biridir.
Tədqiqatçılar bildirirlər ki, ilan sancmalarının qlobal miqyasını dəqiq müəyyənləşdirmək hələ də çətindir. Xüsusilə aşağı gəlirli ölkələrdə aktual statistikanın çatışmazlığı real vəziyyətin tam qiymətləndirilməsinə mane olur.
Yeni hesablamalar göstərir ki, əvvəlki tədqiqatlarda dünyada baş verən ilan sancmalarının sayı əhəmiyyətli dərəcədə aşağı qiymətləndirilmiş ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.