Politico: Amerikalıların yarıdan çoxu süni intellektdən narahatdır

Politico: Amerikalıların yarıdan çoxu süni intellektin bəşəriyyəti məhv edə biləcəyindən ehtiyat edir
ABŞ vətəndaşlarının yarıdan çoxu süni intellektin gələcəkdə bəşəriyyət üçün ciddi təhlükə yarada biləcəyindən narahatdır.
“Politico” nəşrinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 17 faizi süni intellektin bir gün bəşəriyyəti məhv edəcəyinə demək olar ki, tam əmindir. 20 faiz bu ehtimalı ciddi risk, 26 faiz isə orta səviyyəli risk kimi qiymətləndirir.
Sorğuda iştirak edənlərin cəmi 15 faizi belə bir təhlükənin olduqca az olduğunu düşünür. 7 faiz isə süni intellektin bəşəriyyətin məhvi üçün ümumiyyətlə risk yaratmadığını bildirib. Respondentlərin 15 faizi isə suala cavab verməkdə çətinlik çəkib.
Maraqlıdır ki, süni intellektlə bağlı narahatlıq ABŞ-da həm Respublikaçılar, həm də Demokratlar arasında müşahidə olunur. Respublikaçı mövqeyə yaxın respondentlərin 61 faizi, demokratların isə 70 faizi süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyindən müəyyən dərəcədə narahat olduğunu bildirib.
Sorğuda iştirak edən amerikalıların 48 faizi hesab edir ki, süni intellekt artıq kifayət qədər inkişaf edib və mümkün riskləri azaltmaq üçün texnologiyanın daha da inkişaf etdirilməsi müvəqqəti dayandırılmalıdır. 31 faiz isə süni intellekt üzərində işlərin davam etdirilməsinin tərəfdarıdır və texnologiyanın cəmiyyətə əhəmiyyətli faydalar gətirə biləcəyini düşünür.
Sorğu sentyabrın 13-dən 15-dək keçirilib və 2 064 nəfər iştirak edib.
Bu məsələ son günlər texnologiya sektorunda da müzakirə mövzusuna çevrilib. Ötən həftə ABŞ-ın bir sıra süni intellekt şirkətlərinin rəhbərləri texnologiyanın gələcək inkişafının müəyyən müddətə ləngidilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onların fikrincə, bu, süni intellekt sistemlərinin insanlar üçün təhlükəsiz qalmasına əmin olmaq üçün əlavə vaxt verə bilər.
“Anthropic” şirkətinin rəhbəri Dario Amodei müstəqil auditorların süni intellekt şirkətlərinin təhlükəsizlik standartlarını yoxlamasını təklif edib. O, həmçinin texnologiyanın inkişafı ilə bağlı vahid qaydaların müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Süni intellektin mümkün riskləri ABŞ siyasətində də mübahisə doğurur. Prezident Donald Tramp süni intellektin hər hansı təhlükə yaratdığını düşünmədiyini bildirib. Demokratlar isə əksinə, texnologiyanın inkişafına nəzarətin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə çağırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.