AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın xarici siyasi və iqtisadi xəttində Afrika istiqaməti də prioritetə çevrilir

  • + A
  • - A
  • 17-02-2025, 17:37

    Azərbaycanın xarici siyasi və iqtisadi xəttində Afrika istiqaməti də prioritetə çevrilir

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı


    Azərbaycanın xarici siyasət strategiyasının uğurlu göstəricilərindən biri də Avropa, Asiya və Amerika dövlətləri, habelə Türk respublikaları və İslam dünyası ilə əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Nəzər yetirsək görərik ki, bu istiqamətlər üzrə Azərbaycanın bir çox dövlətlərlə ikitərəfli, bərabərhüquqlü və faydalı münasibətləri var.
    Bu cür çoxqütblü əlaqələrin və əməkdaşlığın nəticəsidir ki, Azərbaycan yalnız yerləşdiyi regionda deyil, bütövlükdə Avrasiya geosiyasi məkanında mühüm işbirliyinə və təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində aparıcı rola malikdir. Respublikamızın liderliyi ilə reallaşan enerji layihələri Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər etməklə, respublikamızı qlobal müstəvidə söz sahibi olan dövlətə çevirib. Habelə Cənubi Qafqazdan keçməklə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb nəqliyyat marşrutunun Orta dəhliz istiqamətinin ötürücülüq qabiliyyətinin artırılmasında Azərbaycanın mühüm aktor kimi rolu da beynəlxalq birlik tərəfindən qəbul olunur. Dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çin bu məsələdə Azərbaycanı özünün tərəfdaşlarından biri kimi görür.
    Avrasiya ilə yanaşı, Afrika istiqaməti də bu gün respublikamızın xarici siyasi və iqtisadi xəttində prioritetə çevrilməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ötən həftə ölkəmizə rəsmi səfəri bunu təsdiq etdi.
    Qeyd edək ki, Somali Afrika qitəsinin zəngin resursları, böyük iqtisadi potensialı olan ölkələrindən biridir. Üstəlik, Hind okeanına və Qırmızı dənizə çıxışının olması bu ölkənin beynəlxalq nəqliyyat dəhlizlərindəki strateji əhəmiyyətindən xəbər verir. Lakin tarixi şərait, uzun illər bu ölkədə cərəyan etmiş hərbi-siyasi münaqişələr ölkəni inkişaf etməyə, zəngin iqtisadi potensialından, okeana çıxışın yaratdığı strateji üstünlüklərdən istifadə olunmasına imkan verməyib. Hərbi-siyasi çəkişmələr Somalinin xarici əlaqələrinin də inkişafdan qalmasına səbəb olub. Yalnız son dövrdə Somalinin tarixində yeni mərhələ başlayıb və bu ölkənin öz tərəqqisinə nail olması üçün münbit şərait formalaşıb. Prezident Hasan Şeyx Mahmudun dediyi kimi Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir.
    Beləliklə tarixində yeni mərhələyə qədəm qoyan Somali Azərbaycanın inkişaf təcrübəsini öyrənməyə və tətbiq etməyə böyük maraq göstərir. Bakıda iki dövlətin prezidentlərinin görüşündə bu məsələ ətraflı müzakirə olundu. İki ölkə arasında dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığa dair imzalanan sənədlər də Somalinin Azərbaycanın inkişaf təcrübəsinə göstərdiyi böyük maraqdan xəbər verir, bu ölkənin inkişafa nail olması üçün imkanlar açır.
    Prezidentlərin görüşündə müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Somaliyə sərmayə yatırması ilə bağlı oldu. Bu barədə danışan Prezident İlham Əliyev sərmayə sahələrini müəyyən etmək üçün Somaliyə nümayəndə heyətinin ezam edilməsinin vacibliyini bildirdi. Bu sahələr isə infrastrukturlar, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Somalinin okean sahilində yerləşməsi və zəngin kənd təsərrüfatı potensialının olması bu ölkəni Azərbaycanın xarici sərmayələri üçün cəlb edici edir.
    Ümumiyyətlə bu səfərdən gözləntilər çox böyükdür. Çünki Bakıda əldə edilən razılaşmalar Azərbaycan-Somali əlaqələrinin yaradılmasında və inkişafında ilk addımlardan biridir. Düzdür, buna qədər iki dövlət arasında beynəlxalq təşkilatlar çərçivəsində siyasi təmaslar olub. Hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinə dəstək nümayiş etdirib. Lakin bu səfər konkret olaraq müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması və tərəfdaşlığın gələcək perspektivlərinin müəyyən edilməsi baxımından xüsusi aktuallıq kəsb etdi. Bu baxımdan iki dövlətin prezidentləri arasında Bakıda keçirilən görüşü və imzalanan sənədləri Azərbaycan-Somali əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirə bilərik.
    Bu səfərlə bağlı digər gözlənti isə Azərbaycanın Afrika siyasətinin perspektivləridir. Əvvəldə qeyd etdiyim kimi Afrika istiqaməti respublikamızın xarici siyasətinin yeni hədəflərindən biri kimi özünü göstərməkdədir. Somali ilə əlaqələr isə bu hədəflərə çatmaq baxımından uğurlu addımlardan biridir. Təsadüfi deyil ki, Somali rəhbərliyi də Azərbaycanla münasibətləri, respublikamızın sərmayələrini bu prizmadan dəyərləndirir. Prezident Hasan Şeyx Mahmudun Bakıda mətbuata bəyanatında dediyi kimi Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrinə qapı kimi baxa bilər. Bu fikirlər ondan xəbər verir ki, orta güc olaraq qəbul edilən Azərbaycan beynəlxalq müstəvidə də söz sahibi olan aparıcı dövlətə çevrilib.
    Azərbaycanın xarici siyasətində Afrika istiqamətinin aktuallaşması həm də respublikamızın dünyanı narahat edən problemlərin yoluna qoyulmasında fəal iştirakından irəli gəlir. Məlum olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə bu təşkilatın qlobal nüfuzunu daha da yüksəltməklə bərabər, onun üzvü olan dövlətlərin dəstəklənməsi istiqamətində də olduqca nümunəvi fəaliyyət ortaya qoyub. Xüsusən koronavirus pandemiyası dövründə Azərbaycan peyvənd ədalətsizliyinə qarşı çıxış edərək, Qoşulmama Hərəkatının ehtiyacı olan üzv dövlətlərinə yardımlarını əsirgəmədi. COP29-a sədrliyi zamanı isə Azərbaycanın əsas hədəflərindən biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq oldu.
    Onu da xatırladım ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruanda və Keniyaya səfər edib. Bu səfər zamanı keçirilən görüşlər, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi də Azərbaycanın Afrika siyasətindən xəbər verir.
    Respublikamızın bu addımları, etdiyi yardımlar, etibarlı və sadiq tərəfdaş olması Afrika dövlətləri tərəfindən təqdir olunur. Azərbaycanın Somali üçün dost ölkəyə çevrilməsinin əsas səbəblərindən biri də məhz budur. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəal mövqeyini, qlobal narahatlıq doğuran məsələlərin həllinə töhfələrini dəyərləndirən Somali respublikamızla əlaqələrin inkişafına böyük maraq göstərir. Somali rəhbərliyi əmindir ki, dost Azərbaycan bu ölkənin iqtisadi çağırışlarına dəstək göstərməklə onun inkişafına böyük töhfələr verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR