Anadolu Universiteti Bakıda Məzuniyyət Törəni Keçirdi - FOTOLAR
Bakı, 9 avqust — Azadmedia.az
Anadolu Universiteti Açıqöğretim Sisteminin 43-cü ildönümünü Azərbaycan paytaxtı Bakıda keçirilən möhtəşəm məzuniyyət mərasimi ilə qeyd edib. Tədbirdə çıxış edən universitetin rektoru Prof. Dr. Yusuf Adıgüzel bu əlamətdar günün Bakıda keçirilməsindən məmnunluq duyduğunu bildirib və mərasimə qatılan bütün qonaqlara təşəkkür edib.
Azadmedia.az xəbər verir ki, mərasim 9 avqust 2025-ci il, şənbə günü saat 19:00-da IMSA-Maarif Schools-un Bakı, Nərimanovdakı kampusunda baş tutub. Mezunlar, ailələri və akademik heyətin iştirak etdiyi tədbirdə Anadolu Universitetinin xarici ölkələrdəki təhsil fəaliyyətlərində əldə etdiyi uğurlar da xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün məzunları, onların ailələrini və universitet kollektivini ürəkdən təbrik edib.
Səfir Birol Akgün çıxışında deyib:
“Bu gün biz yalnız məzuniyyət mərasiminin şahidi olmuruq, eyni zamanda Türkiyə ilə Azərbaycanın qədim dostluğunun, qardaşlığının və təhsil sahəsindəki əməkdaşlığının bir bəhrəsini də qeyd edirik. Anadolu Universitetinin Açıqöğretim Sistemi sərhədləri aşaraq bilik əldə etməyi asanlaşdırır və iki ölkə arasındakı mədəni əlaqələri daha da gücləndirir.
Əziz məzunlarımız, əldə etdiyiniz diplomlar yalnız akademik uğurunuzun deyil, həm də intizamınızın, səbrinizin və gələcəyə olan ümidlərinizin göstəricisidir. Unutmayın ki, bundan sonra harada olursunuzsa olun, Türkiyə–Azərbaycan dostluğunu təmsil edən könül elçiləri olacaqsınız.
Sizləri ürəkdən təbrik edir, yolunuzun açıq olmasını arzulayıram. Anadolu Universitetinə və əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Səfir çıxışının sonunda “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq, iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə inandığını vurğulayıb.
Ülkər Piriyeva