AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Qafqazda sülhün yeni erası başlayır

  • + A
  • - A
  • Bu gün, 12:39

    Cənubi Qafqazda sülhün yeni erası başlayır
    Məşhur Məmmədov,
    Millət vəkili


    Avqustun 8-də Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş təkcə Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni siyasi və iqtisadi mərhələnin başlanğıcını qoydu. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış Birgə Bəyannamə uzun illər davam edən münaqişəni diplomatik həll yoluna çıxardı.
    Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında bunu “Qafqazda sülhün bərqərar olduğu tarixi gün” adlandırdı. Ölkə rəhbəri həm də ABŞ-ın 33 il əvvəl tətbiq etdiyi müdafiə sahəsindəki məhdudiyyətlərin aradan qaldırılmasını ölkəmiz üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirdi. Bu addım Azərbaycanın müdafiə imkanlarının inkişafına, texnoloji əməkdaşlıq və təhlükəsizlik sahəsində yeni perspektivlərə yol açır.
    Azərbaycan diplomatiyası bu prosesdə iki mühüm nailiyyət əldə etdi:
    Onlardan biri ATƏT-in Minsk Qrupunun bağlanması – münaqişənin artıq beynəlxalq müzakirə predmeti olmadığının təsdiqi, digəri isə Zəngəzur dəhlizinin açılması – Naxçıvanla əsas ərazi arasında maneəsiz əlaqənin təmin olunması və regionda yeni nəqliyyat arteriyasının yaradılması.
    Bəyannamənin Strateji Məzmunu da görüşün əhəmiyyətindən və gələcək perspektivlərdən söz açır.
    İmzalanan sənəd bir neçə bəndini diqqətə çatdırlram:

    Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin qarşılıqlı təsdiqi;

    “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi çərçivəsində Ermənistan ərazisindən keçəcək beynəlxalq logistika xəttinin yaradılması;

    Qisas və revanşizmin istisna olunması – gələcəkdə hər hansı hərbi qarşıdurmaya qapıların tam bağlanması.


    Bu müddəalar təkcə Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmır, həm də regionda davamlı sülh arxitekturasının formalaşmasına xidmət edir.
    Axşam baş tutan görüş bütün dünyanın diqqət mərkəzindədir.

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev razılaşmanı tarixi nailiyyət kimi qiymətləndirərək, Almatıda keçirilmiş nazirlər səviyyəsində görüşlərin prosesin irəliləməsində mühüm rol oynadığını vurğuladı. ABŞ isə təkcə vasitəçi kimi deyil, həm də iqtisadi tərəfdaş kimi yeni mərhələyə qədəm qoydu. Dövlət katibi Marko Rubio bunu “Cənubi Qafqazın iqtisadi potensialını reallaşdırmaq üçün böyük fürsət” adlandırdı.

    Vaşinqton görüşünün nəticələri üç əsas istiqamətdə strateji əhəmiyyət kəsb edir:
    Bunlar təhlükəsizlik – uzunmüddətli sülh və sabitliyin təmin olunması; iqtisadiyyat – yeni nəqliyyat və ticarət xətləri ilə regionun qlobal bazarlara inteqrasiyası və geosiyasət – Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi, Cənubi Qafqazın qlobal enerji və logistika xəritəsində mövqeyinin güclənməsi.
    Avqustun 8-də imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının ardıcıl, prinsipial və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu sənəd yalnız iki dövlət arasında sülhün təmin olunması deyil, həm də regionun sabitlik, əməkdaşlıq və inkişaf dövrünə keçidinin hüquqi əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan bu addım, gələcək nəsillər üçün təhlükəsiz və rifahlı Cənubi Qafqaz reallığını təmin edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR