AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocalı soyqırımı insanlığa qarşı törədilən ən ağır beynəlxalq cinayətdir

  • + A
  • - A
  • Dünən, 18:30

    Xocalı soyqırımı insanlığa qarşı   törədilən ən ağır beynəlxalq cinayətdir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    XX-ci əsrin faciələri sırasında Xocalı soyqırımı qəddarlığı ilə fərqlənən bəşəriyyət tarixində misli görünməyən cinayət əməli olmuşdur. Milli mənsubiyyətinə görə insanların xüsusi amansızlıqla qətlə yetirilməsi ermənilər tərəfindən Azərbaycan xalqına qarşı iki yüz il davam edən etnik təmizləmə siyasətinin ən acı səhifələrindən biri kimi yaddaşlarda qalmışdır.
    1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq, yerlə yeksan edilmişdir. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl yaşda olan insan vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı əsir və girov götürülənlərin 196 nəfərinin, o cümlədən, 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır. Erməni işğalının nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb.
    Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
    Məhz Umummilli Liderin təşəbbüsü əsasında 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Həmçinin Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-də Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
    Mühüm hadisələr sırasında “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilməsi xüsusi olaraq qeyd olunmalıdır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir - 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.
    Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bir çox ölkələrdə qəbul olunan parlament aktlarında bu soyqırım tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıldılar.
    Ölkəmizin hüquq mühafizə orqanları Azərbaycan vətəndaşlarına qarşı soyqırım, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlər törədən şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri üçün bütün zəruri addımları atırlar.
    Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri həyata keçirilib. Ən ağır beynəlxalq cinayət olan Xocalı soyqırımını törədən şəxslərin iştirakı sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmələri haqqında müvafiq qərarlar çıxarılıb.
    BMT 26 noyabr 1968-ci ildə “Müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərə münasibətdə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul edərək, beynəlxalq cinayətləri törədən şəxslərin cinayət məsuliyyəti və cəzadan boyun qaçırmalarını zaman keçməsi səbəbindən istisna etmişdir. Bu bir daha onu təsdiq edir ki, hər bir müharibə canisi ədalət mühakiməsi qarşısında cavab verəcək. Separatçı, marionet rejimin rəhbərlərinin bu günlərdə Bakıda keçırılən məhkəmə prosesləri buna əyani sübutdur.
    44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin gedişində qəhrəman ordumuz torpaqlarımızı mənfur düşməndən azad etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Xocalı faciəsi qurbanlarının qisasını alındı, şəhidlərimizin qanı yerdə qalmadı”. Dövlət Başçısı tərəfindən 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması bir daha bütün dünyaya bəyan etdi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi əbədi olaraq bərpa edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR