Beynəlxalq ictimaiyyət Bağanıs-Ayrım faciəsinə hələ də hüquqi qiymət verməyib
1990-cı ilin 24 yanvarında Qazaxın Bağanıs Ayrım kəndində vəhşicəsinə həyata keçirilən dəhşətli faciədə 7 nəfər qətlə yetirilib ki, onların da 5 nəfəri bir ailənin üzvüdür.
İnsanların yandırılaraq kömürə çevrilməsi keçmiş deyil, tarixdir. Bu ağızdan –ağıza ötürülən hadisəyə yox, fakta söykənən faciədir. Hər birimizin həm də göz yaddaşına həkk olan ağrıdır. Həm də yeri hər addımda ürəyimizi ağrıdır.
Əlbəttə, bu faciəni nə tarix, nə də bizim yaddaşımız unuda bilər. Bağanıs Ayrım faciəsi vəhşilikdir, insanlıq adına yaraşmayan hərəkətdir. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, Azərbaycan bu faciə ilə bağlı cinayət işi açıb:
“Amma cinayətkarların tapılıb məsuliyyətə cəlb edilməsini bizdən asılı olmayan səbəblərdən yerinə yetirə bilməsək də, işğal dövründə beynəlxalq təşkilatlar Bağanıs-Ayrım kəndi ilə bağlı hər hansı siyasi qiymətin verilməsində maraqlı olmayıblar. Avropa İttifaqı, Avropa Parlamenti Avropa Şurası kiçik kənddə baş verən faciəyə hüquqi və siyasi qiymət verilməsində heç bir addım atmayıblar. Ermənistan bu faciə ilə bağlı üzr istəməli, cinayətkarların tapılaraq Azərbaycana təhvil verilməsində müəyyən addımlar atmalıdırlar”.
Qeyd edək ki, Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər.
Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri 2024-cü ilin 23 mayında rəsmən Azərbaycana geri qaytarılıb
Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.