“Gəncə bölgə deyil, heç Bakıda belə gözəl və əzəmətli teatr binası yoxdur”-Ədalət Hacıyev+ÖZƏL+FOTO

“Bəzi insanlar Gəncəyə “bölgə” deyə müraciət edirlər. Mən deməzdim ki, Gəncə bölgədir. Gəncənin tarixi Azərbaycanın tarixi ilə sıx bağlıdır. Siz bilirsiniz ki, çox mühüm hadisələr də həmişə Gəncədə baş verib. Gəncə nəinki ictimai-siyasi həyatda fəal olan xadimləri ilə, həmçinin tanınmış sənətkarları ilə də şöhrət qazanıb. Onlar Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm rol oynayıblar. Mən bura gələndə gördüm ki, heç Bakıda belə gözəl və əzəmətli teatr binası yoxdur. Bu teatrın çox gözəl ən-ənələri var. Mən yaradıcı kollektivlə də tanış oldum, yaxşı aktyor truppası var. Onların hər biri çalışıb, əziyyət çəkiblər. Amma həyat dəyişir, bir yerdə qalmaq, dayanmaq olmur. Biz hər dəfə inkişaf etməliyik. Yerində qalıb saymaqla kifayətlənmək olmaz. Yeni-yeni işlər görməliyik ki, tamaşaçıların etimadını doğruldaq”
Bunu Moderator.az-a açıqlamasında Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət işçisi Ədalət Hacıyev deyib. O daha sonra teatra direktor gəldiyi gündən hazırlanan səhnə əsərlərindən danışıb:
[
“44 günlük vətən müharibəsi ilə əlaqədar olaraq Vaqif Əmiraslanın “Gülüstan” əsəri səhnələşdirildi. Tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik tərtibatçısı Sübhan İbrahimov, məsləhətçisi isə teatrın quruluşçu rejissoru və aktyoru Şahmar Məmmədovdur. Biz artıq bu tamaşanı 3 dəfə nümayiş etdirmişik. Tamaşaçılar tərəfindən də çox gözəl qarşılanıb. Mən ümumiyyətlə teatrda hazırladığımız tamaşalara böyük həvəslə oturub baxıram. Elə tamaşalar var ki, sən ona rəhbər kimi baxırsan, amma elə tamaşalar da var ki, sən ona tamaşaçı kimi oturub baxırsan.
“Gülüstan” da məhz o tamaşalardandır. İkinci tamaşa isə “114 FM” oldu. Bu gənc tələbənin diplom tamaşası idi. Belə ki, rejissor Raya Əli Şərif, Şəbnəm Xeyrullanın "Arqon" monopyesi əsasında "114 FM" səhnə təcrübəsini hazırladı. Bu tamaşa hazırlanan müddətdə bizim teatr i ticket bilet satışına yeni qədəm qoymuşdu. Bir də gördüm mənə dedilər ki, tamaşaçılar özləri gəlib bilet alıblar. Bu sevindirici hal idi. Tamaşaçı sənin işini qiymətləndirir, bilet alıb gəlir. Hələ mən Akademik Rus Dram Teatrında olanda narkomaniyaya qarşı mübarizəyə aid bir pyes axtarırdıq. Rejissor Abdulla Elşadlı ilə danışanda mənə dedi ki, Vasili Siqarevin bir əsəri var, onun motivləri əsasında bir tamaşa hazırlamaq istəyir. Əsəri də özü tərcümə edib. Əsərlə tanış oldum, oxudum. Belə bir nəticəyə gəldik ki, bu əsəri biz səhnələşdirək. Əsəri bizim mentalitetə uyğunlaşdırdıq və nəticədə “Zəhri-Mar” tamaşası meydana gəldi.
Tamaşada əsas obrazları Əməkdar artist Novruz Cəfərov, eləcə də aktyorlar Zülfiyyə Əliyeva, Şahmar Məmmədov, Aysu Kəngərli, Ruslan Hüseynov və Elmir Məmmədov canlandırırlar. “Zəhri-Mar” təkcə bir ailənin faciəsindən bəhs etmir. Tamaşa insanın yanlış seçimlərinin doğurduğu ağır nəticələri, ailə dəyərlərinin sarsılmasını, mənəvi aşınmanı və cəmiyyətin qarşısında duran təhlükələri təsirli səhnə dili ilə təqdim edir. Mən deyərdim ki, bu tamaşaya baxan adam mütləq siqaret çəkməkdən də imtina edəcək. Dünən mövsümü biz bu tamaşa ilə bağladıq. Biletlər öncədən satılmışdı. Bizə çox xoş olur ki, həm aktyorlar həvəslə çalışırlar, həm də tamaşaçılar tərəfindən yaxşı qarşılanır” deyə o bildirib.
Ədalət Hacıyev bildirib ki, yeni mövsüm üçün teatrın planlaşdırdığı əsərlər və layihələr çoxdur:
“Gəncə tamaşaçıları yüksək mədəniyyətə sahibdirlər. Burada savadlı, mədəni təbəqə çoxdur. Mən bunu Xalq artisti Fəxrəddin Manafovla görüşdə də bir daha hiss etdim. Tamaşaçılar Fəxrəddin Manafova çox gözəl, yüksək intellektə sahib olan suallar verirdilər. Bu görüş o qədər maraqlı idi ki, bitmək bilmirdi. Biz də o tamaşaçılar üçün yüksək səviyyəli və keyfiyyətli tamaşalar hazırlamalayıq ki, onları sevindirək. Biz bu layihəni davam etdirəcəyik.
Fəxrəddin Manafovla görüşdən sonra Xalq artisti Şəfiqə Məmmədova ilə telefon danışığımız oldu. Biz onu da dəvət etdik. Mütləq payız aylarında Şəfiqə xanımla da görüş keçirəcəyik. Böyük məmnuniyyətlə onu teatrımızda qonaq gözləyirik. Daha sonra Sədayə Mustafayeva, Nəcibə Məlikova, Amaliya Pənahovanın yaradıcılıq və yubiley gecələri keçiriləcək. Teatr elə bir yerdir ki, qapısından içəri girdinsə işlə məşğul olmalısan, yaradıcılıq daim davam etməlidir. Bizim iki səhnəmiz var. Yeni mövsümdən də hər iki səhnədə iş gedəcək. Teatrda iş getməlidir, teatr qaynamalıdır. Biz gənc, azyaşlı tamaşaçılarımız üçün “Buratino” tamaşasını hazırlamaq istəyirik. Bununla da azyaşlılar öz asudə vaxtlarını- şənbə və bazarı daha maraqlı və yaddaqalan keçirəcəklər. O uşaqlar bu gün teatra gəlsələr, böyüyəndə də gələcəklər. Beləliklə də biz tamaşaçı qazanmış oluruq. “Məhsəti günləri” adlı kompozisiya da təqdim edəcəyik. Bundan başqa rejissor Ərşad Ələkbərov da gəlib teatrla və kollektivlə tanış olub. O bizə 4 əsər təqdim edib. Biz bunları bədii şurada müzakirə edib, qərar verəcəyik. Həm də bizim teatrın yubilyarları var. Əməkdar artist İlham Hüseynovun yubileyinə tamaşa hazırlayacağıq. İlham Hüseynov çox dəyişkən və maraqlı aktyordur. Biz bu işlərin hamısını ilin sonuna qədər həyata keçirəcəyik” deyə teatrın direktoru Ədalət Hacıyev deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.