Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir..
Azərbaycan sosial dövlət olaraq uşaqların müdafiəsi, onların qayğı ilə əhatə olunması istiqamətində fəal dövlət siyasəti ilə seçilən ölkələrdən biridir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində aparılan ardıcıl islahatlar uşaq qayğı sisteminin inkişafı, uşaqların sosial təminatı və reabilitasiyası sahəsində də mühüm addımların atılmasına imkan verib.
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə uşaqlar reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər.
Uşaqlar hər bir dövlətin gələcəyi hesab olunur. Dövlətimiz uşaqlara böyük diqqət və qayğı göstərir, onların sağlam, savadlı və xoşbəxt böyüməsi üçün müxtəlif imkanlar yaradır. Ölkəmizdə uşaqların təhsil alması, sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Məktəblərin yenilənməsi, uşaqlar üçün müasir təhsil şəraitinin yaradılması da dövlətimizin qayğısının göstəricilərindəndir.
Uşaqların hüquqlarının qorunmasına da xüsusi diqqət yetirilir. Hər bir uşaq təhsil almaq, sağlam böyümək, istirahət etmək və öz istedadlarını inkişaf etdirmək hüququna malikdir. Dövlətimiz xüsusi qayğıya ehtiyacı olan uşaqların da yanında olur və onların cəmiyyətə fəal şəkildə qoşulması üçün şərait yaradır.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram proqramı təşkil edilib.
Tədbir çərçivəsində uşaqların emosional rifahının və sosial bacarıqlarının inkişafına dəstək məqsədilə qrup terapiyası fəaliyyətləri keçirilib, mərkəzdə bayram ab-havası yaradılıb və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Bayram proqramı çərçivəsində uşaqlar Sea Breeze ərazisində təşkil olunan əyləncəli tədbirdə də iştirak ediblər. Burada onlar müxtəlif oyun və əyləncə fəaliyyətlərinə qoşularaq asudə vaxtlarını səmərəli keçirib, yaşıdları ilə ünsiyyət qurublar.
Biz uşaqlara göstərilən bu qayğını yüksək qiymətləndirməli, yaxşı oxumalı, vətənimizi sevməli və gələcəkdə dövlətimizə faydalı vətəndaş olmağa çalışmalıyıq. Çünki uşaqlara göstərilən qayğı ölkəmizin parlaq gələcəyinə qoyulan ən böyük sərmayələrdən biridir.
Zəminə Səfərova,
“İnkişaf və Rifah Naminə” İctimai Birliyinin rəhbəri