Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərh
Ermənistanın baş naziri Nikol Paşinyanın 11 avqust tarixində hökumətin iclasında çıxışı zamanı, növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlayarkən, Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verməsi heç bir məntiqə sığmır.
Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməsinə mənəvi haqqı yoxdur.
Ermənistanın bu iddiaları davamlı olaraq təkrarlaması göstərir ki, Laçın sərhəd buraxılış məntəqəsi təsis edilənədək Ermənistanın Laçın yolundan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin məntəqə təsis edildikdən sonra qarşısının alınması bu ölkəni narahat edir.
Erməni sakinlərin həqiqətən də iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi mümkündür.
Ermənistan tərəfi, əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.