Yəqin ki, ətrafınızda yapışqan, benzin, lak, boya kimi məhsulların qoxusunu sevən, bundan zövq alan insanlara rast gəlmisiniz.
Bu məhsulları qoxulamaq zamanla, hətta onlardan asılı olmağa da gətirib çıxarır. Bir çoxumuz üçün qəribə görünə bilər. Lakin sadalananlar narkomaniyanın bir növü hesab edilən toksikomaniyanın əlamətləridir. Toksikomaniya son illər Azərbaycanda kəskin sürətdə artan xəstəliklər sırasında yer alır.
Bəs, onunla necə mübarizə aparmaq lazımdır? Bu xəstəlik daha çox hansı yaşlarda müşahidə olunur?
Bu barədə danışan Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu Fizzə Baxışova bildirib ki, toksikomaniya narkomaniyadan fərqlənmədiyi üçün şübhələnmə əlamətləri eynidir: “Toksikomanlıq insan psixikasına təsir edən bihuşedici maddələrin sui-istifadəsi nəticəsində yaranan həmin maddələrlə, psixi və fiziki asılılıq ifadə olunan xəstəlik vəziyyətidir. Lakin qeyd etmək lazımdır ki, hazırda toksikomaniya termini istifadə olunmur. Bu termin sovet dövrünün termini olub. Onunla bağlıdır ki, narkotik siyahısına daxil olmayan maddələrdən asılı olan şəxslərə toksikoman termini istifadə olunurdu. Daha çox hüquqi müstəvidə dəyərləndirmədir. Tibbi prizmadan baxdıqda, narkotik maddələrdən yaranan asılılıq xəstəliyi ilə eynidir. Bu maddələr insanın bütün orqanizminə, mərkəzi sinir sisteminə, insanın davranışına, psixi vəziyyətinə, düşüncə səviyyəsinə xüsusi təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri dəyişir. Bundan əlavə, narkotik maddələrin istifadə edilməsi nəticəsində görmə illuziyaları və hallüsinasiyaları, kəskin depersonalizasiya vəziyyəti müşahidə oluna bilər”.
Həkimin sözlərinə görə, əksər hallarda toksikomaniya xəstəliyi narkotik maddə istifadə edən şəxslərdə yaranır: “Narkotik maddələrdən asılı olan şəxslər, narkotik maddə qəbulunu dayandırdıqdan sonra onlarda əsasən dərman vasitələrdən istifadə halları müşahidə olunur. Qeyd etmək lazımdır ki, alkoqolizmdən əziyyət çəkən şəxslər çox vaxt benzodiazepin asılılığına düçar olurlar ki, bu da toksikomaniyanın bir növüdür.
Keçmiş illərə baxdıqda hazırda uçucu maddələr, benzin və digər maddələrdən istifadə halları müşahidə olunmur. Psixotrop maddələrdən asılılığın digər maddələrdən asılılıqda olduğu kimi müalicəsi eynidir. Kompleks yanaşma şəklində daha yaxşı nəticə əldə etmək mümkündür. Bu zaman ilkin olaraq detoksikasiya, sonrakı dövrdə psixokorreksiya, psixoterapiya, reabilitasiya aparılır”.
Mövzu ilə bağlı saytımıza açıqlama verən psixoloq Fuad Əsədov deyir ki, toksikomaniyaya daha çox erkən gənclik və yeniyetməlik dövründə rast gəlinir: “Toksikomaniya zəhərli maddələrə qarşı duyulan bir sevgi, bir istəklə müşahidə olunan vəziyyətdir. Bu, müxtəlif səbəblərdən insanda yarana bilər. Ola bilər ki, insanın bədənində, qanında hansısa kimyəvi elementlərin çatışmazlığından yaranır, ya da narkotik istifadəçilərində. Toksikomaniya bəzən uşaqlıqdan da ola bilir. Görə bilərsiniz ki, bəzi uşaqların benzin, boya və bu kimi başqa maddələrin qoxusundan xoşları gəlir. Bəzən hətta deyirlər ki, “benzini içmək istəyirəm”. Lakin sırf toksikomaniya şəklində gənclik və yeniyetməlik dövründə üzə çıxır”.
Psixoloqun sözlərinə görə, bu xəstəliyin müalicəsi zamanı psixoterapiyadan da istifadə olunmalıdır: “Bununla mübarizə aparmaq üçün təbii ki, başlıca olaraq marifləndirmək lazımdır. Xarici ölkələrdə adətən belə insanlar yatılı olaraq xəstəxanalarda qalaraq müalicə alırlar. Müalicə üçün həm dərmanlardan, həm də psixoterapiyadan istifadə olunur. Hər ikisinin paralel getməsi önəmlidir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 590 nəfər toksikomaniya xəstəsi qeydə alınıb. Lakin bu rəqəm 2000-ci ildə 11 nəfər olub. 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan toksikomaniya xəstələrinin sayı 104 nəfər idisə, ötən il bu say 1156 nəfərə çatıb. (Qafqazinfo)