Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki, “2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.”
Xatırlatmaq istərdim ki, müasir beynəlxalq hüquqa əsasən formalaşmış hüquqi rejim hərbi gücün tətbiqinin iki qanuni formasını nəzərdə tutur: 1) beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və ya bərpası üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən həyata keçirilən kollektiv tədbirlər; 2) BMT üzvünün hərbi hücuma cavab olaraq fərdi və ya kollektiv özünümüdafiə hüququnun reallaşdırılması.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı şəkildə güc tətbiq edilməsi təhdidindən və ya güc tətbiq etməkdən çəkinirlər”. Qeyd edilən imperativ normadan bir mühüm istisna nəzərdə tutulur. BMT-nin təsis sənədinin 51-ci maddəsinə uyğun olaraq, onun Nizamnaməsi təşkilatın üzvünə silahlı hücum baş verərsə ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququna heç bir şəkildə təsir etmir.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il kağız üzərində qalması, tarixə qovuşan münaqişənin ədalətli həlli üçün ATƏT-in Minsk qrupu tərəfindən heç bir əməli fəaliyyət göstərməməsi, erməni silahlı birləşmələrinin ardı-arası kəsilmədən təxribatlar törətməsi, düşmən dövləti tərəfindən ölkəmizə qarşı yeni ərazi iddialarının irəli sürülməsi əks-hücüm tədbirlərini qaçılmaz etdi. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
Azərbaycan qalib dövlət olaraq, eyni zamanda, sülhə hazır olmasını ardıcıl formada nümayiş edir və Ermənistanla sülh sazişinin imzalamması üçün beş baza prinsipini təqdim etmişdir: 1) dövlətlərin biri-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2) dövlətlərin biri-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3) dövlətlərarası münasibətlərdə biri-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4) dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 5) nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması yalnız qeyd edilən prinsiplər əsasında mümkündür və bu yanaşmaya heç bir hüquqi əlternativ yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.