Ülvi Quliyev
Milli Məclisin deputatıƏldə etdiyimiz tarixi Zəfər cəmiyyətimizə məlum olan həqiqətləri daha qabarıq şəkildə üzə çıxardı. Bir daha əmin olduq ki, müharibədən əvvəlki dövrdə sülh danışıqlarının illərlə uzanması və yalnız işğalçının maraqlarına xidmət etməsi heç də təsadüfi olmayıb. Sözdə münaqişənin dinc yolla həllinə alternativin olmadığını vurğulayan vasitəçi ölkələr, əslində, Ermənistanın işğalı nəticəsində yaranmış status-kvo vəziyyətini qorumağa çalışıblar. Çünki həmin dövrdə bu, onların hər birinin Cənubi Qafqazdakı geosiyasi maraqlarına cavab verirdi. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalmasının əsas səbəblərindən biri də elə bununla bağlı idi.
Əgər belə olmasaydı, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Fransa prezidenti müharibənin ilk günlərində “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi əcaib, beynəlxalq hüququ heçə sayan bəyanatı dilinə gətirməzdi. Tarix sübut edir ki, həyatda heç nə təsadüfi baş vermir, Fransa rəhbərliyinin bəyanatı da onun ənənəvi, ermənipərəst siyasətindən qaynaqlanır. Elə buna görə də Prezident İlham Əliyevin oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə ucaltması erməni sevdalılarını növbəti dəfə məyus etdi. Prezidentin xalqımıza müraciətində yaxın tariximizdən bu faktı yada salması da əsla təsadüfi deyildi: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.
Azərbaycan Prezidentinin noyabrın 8-də Xankəndinin mərkəzi meydanında qəbul etdiyi Zəfər Paradı Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına, eləcə də əsassız bəyanatları və qərəzli qətnamələri ilə beynəlxalq hüquqa kölgə salan, təhlükəsiz dünya nizamını bu cür riyakar siyasətlə təhdid edən dairələrə ən tutarlı cavabdır. Prezident İlham Əliyev bu möhtəşəm Paradı məhz Xankəndidə qəbul etməklə son iki əsri də aşan tarixi zaman kəsiyinə Azərbaycan xalqının ədalət və ləyaqət möhürünü vurdu. Xankəndi mesajının əsas məğzi ondan ibarətdir ki, haqqın və ədalətin təntənəsini kimlərsə ləngidə bilər, lakin heç bir qüvvə onun qarşısını əbədi ala bilməz. Hərdən elə təəssürat yaranır ki, aparıcı aktorlardan bəziləri hansı təhlükəli ssenarilərə imza atdıqlarını, sanki özləri də sonadək dərk etmirlər. Çünki onlar təhlükəsiz dünya nizamının qorunmasında, həqiqətən, maraqlı olsaydılar, ayrı-seçkilik və bölücülük siyasətindən çoxdan imtina edərdilər. Necə ola bilər ki, həmin dairələr Ukraynada, Gürcüstanda, Moldovada və hətta İspaniyada separatizmə qarşı ən sərt mübarizə üsullarını təqdir etdikləri halda, Azərbaycana gəldikdə, hansısa güzəştlər və insan haqları yada düşür? Heç cür anlaşılan deyil ki, digər coğrafiyalarda separatçıların hətta fiziki cəhətdən zərərsizləşdirilməsi təşviq və təqdir edildiyi halda, Azərbaycandan separatçı rejimin keçmiş “rəhbərlərini” həbsdən buraxmaq tələb olunur? Halbuki, onlar milli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Bəzi dairələrin riyakarlığı bununla bitmir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi birgünlük antiterror tədbirinin legitimliyini şübhə altına alıb onun nəticələrinə kölgə salsınlar. BMT-nin səlahiyyətli qurumları bu tədbir zamanı mülki infrastrukturun və mülki erməni əhalisinin hədəf seçilmədiyini təsdiq etdiyi halda, bəziləri ədalət və vicdan hissini unudaraq, Azərbaycanın Qarabağa hücum etməsi kimi cəfəng iddialar səsləndirir, guya ermənilərin etnik təmizləməyə məruz qalması yalanını dünya ictimaiyyətinə sırımağa çalışırlar. Riyakarlıq o həddə çatıb ki, belələri Ermənistan baş naziri N.Paşinyanın mülki infrastrukturun birbaşa hədəf seçilmədiyi ilə bağlı ictimai etirafını da görməzdən gəlirlər. Getdikcə daha çox aydın olur ki, Ermənistanın himayədarları ayrı-seçkiliyi və bölücülüyü təşviq edən ikili standartlar kimi təhlükəli siyasətdən imtina etmək fikrində deyillər. Ermənistan rəhbərliyinin ziddiyyətli mövqeyi, fərqli güc mərkəzləri arasında vurnuxması həm də bu siyasətdən qaynaqlanır. Ona görə də baş verənlərə, Ermənistan rəsmilərinin ziddiyyətli bəyanatlarına, sözləri ilə əməllərinin üst-üstə düşməməsinə təsadüflər prizmasından yanaşmaq sadəlövhlük olardı.
Ermənistan baş naziri N.Paşinyanın Xankəndidə keçirilən Zəfər Paradından dərhal sonra Fransaya üz tutması da təsadüfi deyil. Belə olmasaydı, dildə sülhdən danışan N.Paşinyan Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirələrində ölkəmizə qarşı uydurma ittihamlar səsləndirməz, ən azından, öz ictimai etirafını və sülh təşəbbüsünün məhz Azərbaycandan gəldiyini unutmazdı. Qranada görüşünə gəldikdə isə, N.Paşinyan nədənsə unudur ki, həmin görüşdən bir gün əvvəl İrəvanda olan Fransanın Xarici işlər naziri Ermənistana hərbi texnikanın və silahların göndərilməsi ilə bağlı ölkəsinin qərarını açıqlamışdı. Yeri gəlmişkən, hücum təyinatlı “Bastion” zirehli avtomobillərinin bir hissəsi artıq Ermənistana çatdırılıb. Nə qədər anlaşılmaz görünsə də, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel noyabrın 13-də bəyan etdi ki, təmsil olunduğu təşkilat Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir. Azərbaycan ilə Ermənistan arasında vasitəçilik iddiasında olan bir təşkilatın yüksək ranqlı rəsmisi tərəfindən bu cür bəyanatın verilməsi, üstəlik, həqiqətləri təhrif edərək Azərbaycan əleyhinə əsassız ittihamların səsləndirilməsi bir daha sübut edir ki, Cənubi Qafqazı geosiyasi maraqların açıq toqquşma məkanına çevirmək istəyənlər üçün beynəlxalq hüququn və ədalət prinsipinin artıq heç bir anlamı qalmayıb. Belələri geosiyasi maraqları naminə nəinki insan haqları və demokratiya kimi bəşəri dəyərləri, hətta etnik və dini ayrı-seçkiliklə bağlı cahilliyi də utanmadan təzyiq və təhdid alətinə çevirə bilirlər. Sülhdən danışan Ermənistan hər gün silahlanırsa, guya tərəfsiz vasitəçi olacağına cəmiyyətimizi inandırmaq istəyən dairələr Ermənistanı durmadan silahlandırırsa, hansı xoş niyyətdən, hansı ədalətli və tərəfsiz vasitəçilikdən danışmaq olar? Bütün bunlara görə Azərbaycan cəmiyyətində bu əminlik möhkəmlənir ki, ayrı-ayrı dairələr etdiklərinin beynəlxalq hüquqa həqarət olduğunu ya görmürlər, ya da görmək istəmirlər. Əgər belələri beynəlxalq hüquqa və ədalət prinsipinə hörmət etsəydilər, 2019-cu ildə Xankəndinin şəhər stadionunda “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən və bununla da Azərbaycana qarşı ərazi iddialarını təsdiq edən N.Paşinyanı az qala “demokratiyanın son qalası” hesab etməzdilər. Ermənistan rəhbərliyi nə qədər sülhdən danışsa da, əslində, mövqeyini dəyişməyib, eynilə himayədarları kimi əsl niyyətini riyakarcasına pərdələməyə, gizlətməyə çalışır. Ermənistan hökuməti sülh çağırışında səmimi olsaydı, N.Paşinyan sentyabrın 2-də separatçı xunta rejiminə növbəti ildönümü ilə bağlı təbrik məktubunu göndərməzdi. Əgər kimsə bundan sonra da sözlə əməl arasındakı ziddiyyəti görmürsə, bir dəfə də olsun Ermənistanın müharibə cinayətlərini, Xocalı soyqırımını, milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün 35 illik məşəqqətini dilinə gətirmirsə, əksinə, Azərbaycanın işğalçıya və separatçılara qarşı legitim mübarizə hüququnu şübhə altına almaqla ona kölgə salmağa çalışırsa, xalqımız belələrinin xoş niyyətinə necə inana bilər?
Şuşadan ucalan Azan səsindən, Xankəndidə dalğalanan Azərbaycan Bayrağından əbəs yerə qıcıqlanan dairələr yaxşı olardı ki, beynəlxalq hüququn və tarixi ədalətin bərqərar edilməsinə hörmət göstərsinlər, beynəlxalq institutlara ictimai etimadın itirilməsinə səbəb olan qərəzli və zərərli addımlardan çəkinsinlər. Hansı coğrafiyada baş qaldırmasından asılı olmayaraq, separatizm kimi təhlükəli tendensiyaya eyni, barışmaz mövqedən yanaşsınlar. Təhlükəsiz dünya nizamı bütün dövlətlərdən, ilk növbədə, aparıcı aktorlardan məhz bu mövqeni tələb edir. Cənubi Qafqazda dayanıqlı və ədalətli sülh yalnız o zaman bərqərar olacaq ki, Ermənistan və havadarları Prezident İlham Əliyevin Xankəndidən etdiyi bu çağırışın mahiyyətini təhrif etmədən məsuliyyətli şəkildə qiymətləndirə biləcəklər: “Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi... Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin... Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik... Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.