AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Nar” mobil operatoru müştəriyə internetə görə 40 min manat saxta borc yazdı, məhkəmə sildi

  • + A
  • - A
  • Bu gün, 13:56

    “Nar” mobil operatoru müştəriyə internetə görə 40 min manat saxta borc yazdı, məhkəmə sildi


    “Nar” mobil operatoru abunəçisinə 40 min manata yaxın internet borcu yazıb.

    Xitab24.az-ın əldə etdiyi məlumata görə, borcu ağlasığmaz hesab edən müştəri məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

    Əvvəlcə onu bildirək ki, müştəri 2007-ci ildə “Nar”dan nömrə alıb. 2018-ci ildə isə nömrəyə “Business+” tarifi tətbiq olunub.

    2022-ci ildə isə “Nar” müştəriyə məktub göndərərək abunəçinin 39395.86 manat məbləğində borcu yarandığını, 10 iş günü ərzində ödəməcəyi halda məhkəməyə müraciət olunacağı bildirilib.

    “Nar”dan əvvəl müştəri məhkəməyə müraciət edərək, yaranmış borcu qanunsuz, əsassız hesab edib və məbləğin silinməsi üçün iddia qaldırıb.

    Vətəndaş iddiasına onu da əlavə edib ki, borcun hesablanmasına əsas olan mobil nömrə ümumiyyətlə, onun tərəfindən istifadə olunmayıb, qeyd olunan nömrəylə bağlı “Nar”la hər hansı müqavilə imzalanmayıb. O, eyni zamanda borcun hesablanması mexanizminin də qeyri-müəyyən olduğunu bildirib.

    Müştəri bildirib ki, əgər borc məbləği hesablanmaqda idisə, bununla bağlı ona bu zamana qədər hər hansı bildiriş göndərilməli və ya xəbərdarlıq olunmalı idi.

    Nəsimi Rayon Məhkəməsində istədiyinə nail ola bilməyən müştəri apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsində isə ay ərzində hesablanmış borclar reallığa uyğun olmadığı qənaətinə gəlinib və məhkəmə kollegiyası tərəfindən “Nar”a borcun yaranma əsasları ilə bağlı sübutların təqdim olunması təklif edilib. Lakin şirkət məhkəməyə heç bir sənəd təqdim edə bilməyib.

    Məsələ burasındadır ki, “Nar” ölkədaxili internet xidmətindən istifadəyə görə müştəriyə 2020-ci ilin aprel ayı üzrə 2359,9 manat, iyul ayı üzrə 1354,35 manat, noyabr ayı üzrə 2522,04 manat, dekabr ayı üzrə 5850,76 manat, 2021-ci ilin yanvar ayı üzrə 4379,98 manat, fevral ayı üzrə 1665,32 manat, mart ayı üzrə 1881,26 manat, iyul ayı üzrə 3091,21 manat, avqust ayı üzrə 3255,44 manat, sentyabr ayı üzrə 2117,18 manat məbləğində borc hesablayıb.

    İş burasındadır ki, “Nar” məhkəməyə bu məbləğin hansı həcmdə internetdən istifadəyə görə yaranmasına, hansı tarif planına uyğun hesablanmasına dair sübutlar təqdim edə bilməyib.

    İşin hallarına əsasən müəyyən olunub ki, "Nar" tərəfindən müştəriyə hesablanmış 39383,84 manat məbləğində borcun 268,84 manat hissəsi zəng və aylıq abunə haqqına görə, 39115 manat məbləğində hissəsi isə internetdən istifadəyə görədir. Məhkəmə 268,84 manat məbləğində borcun zəng və aylıq abunə haqqına görə hesablanması ilə razılaşıb, lakin internetdən istifadəyə görə 39115 manat məbləğində borcun hesablanmasını ağlabatan hesab etməyib.

    Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, borcun hansı əsaslarla yaranması və hesablanması məlum deyil, şirkət tərəfindən bununla bağlı heç bir sübut da təqdim olunmayıb. Bundan başqa, 4 il ərzində iddiaçıya hər hansı hesab-faktura təqdim olunmayıb, kifayət qədər yüksək məbləğdə borcun yaranmasına baxmayaraq, bu müddət ərzində "Nar"da müqaviləyə xitam verilməməsi də borcun əsassız hesablandığını təsdiq edir.

    Nəticədə Bakı Apellyasiya Məhkəməsi müştərinin iddiasını təmin edib və borcun silinməsinə dair qərar çıxarıb.
    Bundan sonra "Nar" kassasiya şikayəti verib. Lakin Ali Məhkəmə şirkətin bu şikayətini təmin etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR