AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Son cümlənin ağırlığı” — Zivər bəy Əhmədbəyov haqqında

  • + A
  • - A
  • Bu gün, 10:48

    “Son cümlənin ağırlığı” — Zivər bəy Əhmədbəyov haqqında


    Bu gün Azərbaycan memarlıq tarixinin böyük simalarından biri — Zivər bəy Əhmədbəyovin 153 yaşı tamam olur. Adını daşıyan küçədən hər keçəndə adam hiss edir ki, bu şəhər bir vaxtlar daşla yox, zövqlə, düşüncə ilə, ruhla tikilib. O küçədəki binalar sadəcə memarlıq nümunəsi deyil — bir insanın dünyagörüşünün daşlaşmış halıdır.

    İnternetdə onun haqqında məlumat axtarırsan — qarşına klassik tərcümeyi-hal çıxır. Doğulduğu il, oxuduğu institut, tikdiyi binalar, yaratdığı cəmiyyətlər… Hər şey səliqəli və quru görünür. Elə bil bir neçə abzaslıq adi bir həyat hekayəsidir. Amma diqqətlə baxanda anlayırsan ki, o cümlələrin hərəsinin içində bir ömür yatır. Bir böyük zəhmət, bir böyük qələbə, bir böyük sevinc və bir böyük ağrı.

    1873-cü ildə Şamaxıda doğulan bu adam təkcə bina tikmirdi. O, bir xalqın estetik yaddaşını qururdu. Peterburqda təhsil alıb geri dönmək, öz biliyini bu torpağın ruhuna uyğun memarlığa çevirmək hər adamın işi deyildi. Şamaxı Cümə məscidindən Təzə Pirə, Əmircandakı möhtəşəm məsciddən Bakının yaşayış binalarına qədər onun əl izi bu gün də yaşayır. O tikililərdə həm Şərqin zərifliyi, həm Avropanın dəqiqliyi, həm də Bakı ruhu var.

    Təzə Pir məscidi, Şamaxı Cümə məscidi və Murtuza Muxtarov məscidi kimi memarlıq incilərinə baxanda adam anlayır ki, bəzi insanlar daşdan da duyğu yarada bilir.

    O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı oldu. Mədəniyyət abidələrinin qorunması üçün cəmiyyətlər yaratdı. Bir xalqın keçmişini gələcəyə daşımaq istəyirdi. Çünki yaxşı anlayırdı: yaddaşını itirən şəhər, ruhunu da itirir.

    Və sonra o son cümlə gəlir.

    “1925-ci ildə Bakıda intihar edir.”

    İnsanı sarsıdan da budur. Bir şəhərə bu qədər gözəllik bəxş edən adamın içində necə bir qaranlıq vardı ki, sonda özü ilə tək qala bilmədi? Hansı ağrılar onu o nöqtəyə gətirdi? Bunu heç bir ensiklopediya yazmır. Tarix çox vaxt insanların yaratdıqlarını qeyd edir, yaşadıqları ağrıları isə susaraq keçir.

    Amma bəzən bir insanı anlamaq üçün tikdiyi binalara baxmaq kifayətdir. Çünki bəzi memarlar daşların arasına öz talelərini də hörürlər.

    Ruhu şad olsun, Zivər bəy. Şəhər hələ də sizi danışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR