Moskva meri Sergey Sobyanin özünün Teleqram kanalında moskvalıları Rusiyada keçirlən prezident seçkilərində iştirak etməyə və öz gələcəyini və yaxınlarının gələcəyini etibar edə biləcək şəxsə səs verməyə çağırıb.
Sobyanin bu haqda yazıb: “2024-cü il martın 15-dən 17-dək Rusiya Federasiyasında prezident seçkiləri keçiriləcək. Biz prezidentliyə namizədlərə səs verməklə, heç bir mübaliğəsiz xalqımızın gələcəyinə güvəndiyimiz bir şəxsi seçirik”.
Sobyanin qeyd edib ki, prezident Rusiyada dövlət hakimiyyəti sistemində əsas rol oynayır, vətəndaşların hüquq və qanuni mənafelərinə toxunan bütün əsas məsələlər üzrə yekun sözü o deyir.
“Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanıdır və bu, indiki dövrdə xüsusilə vacibdir”, - mer vurğulayıb.
Sobyanin əlavə edib ki, Moskva Rusiyanın ürəyi, ölkənin paytaxtı və ən böyük şəhəridir. Seçkilərdə moskvalıların səsi ənənəvi olaraq ağır çəkiyə malikdir.
“15 mart saat 08:00-dan 17 mart saat 20:00-dək onlayn və seçki məntəqələrində səsvermədə iştirak edə bilərsiniz”, - mer bildirib.
O xatırladıb ki, seçki məntəqələrində ənənəvi üsulla kağız bülletenlə səs verə və ya xüsusi elektron terminaldan istifadə edə bilərlər. "Sizdən seçim etməyinizi xahiş edirəm", - Sobyanin deyib.
Rusiyada səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır:
Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.