AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət qadın siyasətinin banisi-Ulu Öndər Heydər Əliyev

  • + A
  • - A
  • 2-06-2024, 10:21

    Dövlət qadın siyasətinin banisi-Ulu Öndər Heydər Əliyev


    "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".
    Ümummilli lider Heydər Əliyev

    Beynəlxalq ictimaiyyət bəşəriyyətin inkişaf məqsədlərini müəyyənləşdirərkən demokratiyanın inkişafını, sosial ədalət və tolerantlığın əldə olunmasını gender bərabərliyindən asılı olduğunu bəyan etmişdir. Buna görə də qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmin olunması, qadınların pozulmuş hüquqlarının bərpası daima diqqət mərkəzində olmuşdur.
    Qeyd etmək lazımdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən Ümummilli lider fəaliyyətinin bütün dövrlərində qadın hüquqlarının müdafiəçisinə çevrilmiş, onun qadın hüquqlarının reallaşması və təminatı istiqamətində imzaladığı mühüm fərman və sərəncamlar irəliyə doğru atılmış tarixi addımlar olmuşdur.
    Vətəndaşlarının hüquq və azadlıqlarını daim qorumuş, onların milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq, qadın hərəkatını, qadınlarla bağlı məsələləri həmişə diqqət mərkəzində saxlamışdır.
    Ümummilli liderin 1993-cü ildə xalqın istəyi ilə siyasi hakimiyyətə qayıdışından sonra qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş və dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.
    Ötən müddət ərzində ölkəmiz "Qadınların siyasi hüquqları haqqında", "Ərdə olan qadınların vətəndaşlığı haqqında", "Analığın mühafizəsi haqqında", "Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında", "Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında" konvensiyalara, o cümlədən "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokola, "Beynəlxalq Əmək Təşkilatının bır sıra konvensiyalarına, o cümlədən "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər əmək haqqı verilməsi haqqında", "Qadınların müxtəlif yeraltı işlərdə və şaxtalarda əməyinin məhdudlaşdırılması haqqında", "İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında", "Hər hansı şaxtadakı qaldırıcı işlərdə qadın əməyinin tətbiqi haqqında" konvensiyalara və digər beynəlxalq sənədlərə qoşulmuşdur.
    Müstəqilliyinin ilk illərində ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, ümummilli lider Heydər Əliyev “IV Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli Fərman imzalamışdır. Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunmuşdur.
    Vurğulamaq lazımdır ki, 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmiş və Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdur. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını və sülhə, gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.
    Konstitusiyamızda qadınların kişilərlə bərabər hüququnu təsdiqləyən ayrıca maddə və bəndlərin mövcudluğu Azərbaycan dövlətinin, onun dövlət rəhbərinin qadın hüquqlarına, eləcə də qadınların kişilərlə bərabər dövlətin və cəmiyyətin aparıcı qüvvəsi olmasına verdiyi yüksək qiymət və ədalətli yanaşmadır.
    Belə ki, Konstitusiyanın 25-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
    Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır.
    Azərbaycan Respublikası 1995-ci ildə Ulu Öndərin şəxsi təşəbbüsü ilə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyasına qoşulmuşdur. Konvensiyaya uyğun olaraq qadınların sosial rifahının yaxşılaşdırılması və onların ictimai fəallığının artırılması istiqamətində ölkəmizdə mühüm addımlar atılmışdır.
    Ötən dövr ərzində Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul etmişdir.
    Görkəmli dövlət xadimi Heydər Əliyev ölkədə qadın problemlərinin institusional həll edilməsi və qadın hərəkatının daha da inkişaf etdirilməsi üçün 1998-ci il yanvarın 14-də “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” və 2000-ci ilin martın 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanlar imzalamışdır. “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmana əsasən qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi qərara alınmışdır
    Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ikinci dövrdə yaddaşlara əbədi yazılmış hadisələrdən biri də 1998-ci ildən başlayaraq hər beş ildən bir keçirilən Azərbaycan qadınlarının qurultaylarının keçirilməsidir. Bu hadisə Azərbaycanda qadın hərəkatının inkişaf tarixində ən mühüm hadisələrdən biridir. Azərbaycan Qadınlarının I Qurultayında iştirak edən Ümummilli lider qadınlar haqqında demişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir". Bu fikirlər bir daha Heydər Əliyev dühasının Azərbaycan qadınına və onun zəhmətinə necə yüksək dəyər verməsinin bariz nümunəsidir.
    Həmçinin 6 mart 2000-ci il tarixdə “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nın (2000-2005-ci illər) təsdiq edilməsi qadınlarımızın ictimai-siyasi fəallığına ikinci bir təkan verməklə yanaşı, qadınların hüquqlarını milli qanunvericilikdə daha geniş şəkildə təmin edilməsi və müdafiəsi məsələlərini də həll etmişdir.
    Ulu Öndərin uzaqgörən və məkrli siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev qadınların cəmiyyətdə fəal iştirakını, hüquq və azadlıqlarının yüksək səviyyədə təminatını, gender bərabərliyinin qorunmasını insan hüquqları sahəsində həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birinə çevirmişdir. Ölkə Prezidentinin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən Komitənin adı dəyişdirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş, dövlət qadın siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atılmışdır. Bu gün istər özəl sektor, istərsə də dövlət orqanlarında gender bərabərliyinin təmin edilməsi istiqamətində çox vacib tədbirlər həyata keçirilir. Xüsusilə, 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsi, bu sahədə ən vacib nailiyyət kimi qiymətləndirilir. Qanun qəbul edildikdən sonra dövlət idarəçiliyində gender bərabərliyinə daha da çox diqqət artırılmış, eyni zamanda ailə siyasətinin və sosial-iqtisadi inkişafın təmin edilməsində dövlət orqanlarının fəaliyyətinin keyfiyyət əhəmiyyətinin artmasına təsir etmişdir.
    Ötən dövrdə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması istiqamətində hüquqi baza təkmilləşdirilmiş, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar, eləcə də dövlət başçısının müvafiq sərəncamları ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı", "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" və bir çox dövlət proqramları qəbul edilmişdir.
    Həmin sənədlərdə əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə onlara qarşı zorakılıq, həmçinin məişət zorakılığı ilə bağlı mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkili, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin təmin edilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası ötən illər ərzində davamlı olaraq həyata keçirilmiş, qadınların əmək hüquqları, sosial təminatla bağlı güzəşt və imtiyazları daha da təkmilləşdirilmiş, Ailə, Əmək, Mülki, Cinayət və digər məcəllələrə müvafiq dəyişikliklər edilmiş, onların cəmiyyətin hər bir sahəsində fəal iştirakına şərait yaradılmışdır.
    Bu gün Azərbaycan Respublikasının normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bu sənədlərdə qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanların hüquq və azadlıqları cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və beynəlxalq hüquq normalarının tələblərinə cavab verir.
    Bu gün ölkəmizin hər yerində olduğu kimi, 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında da cəmiyyətin ictimai-siyasi həyatında qadınların rolu bu gün getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır.
    Muxtar respublikamızda mütəmadi olaraq istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir, qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar fəxri adlara, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər.
    Və sonda xüsusi olaraq və qürurla qeyd etmək lazımdır ki, Azərbaycan qadını dövlət idarəçiliyindəki fəaliyyəti ilə yanaşı, həmişə Vətənin müdafiəsində və döyüş meydanlarında böyük fədakarlıq, şücaət nümayiş etdirmiş, Azərbaycan Anasının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya-başa çatdırdığı qəhrəman oğullarımız torpaqlarımızı düşmən işğalından azad etmişdir. Azərbaycan qadını hər zaman xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yüksək ehtiram və minnətdarlıq hissilə yad edəcək, onun miras qoyub getdiyi dövlət qadın siyasəti daimi və dönməz prioritet məqsədlər olmaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir

    Nahid Quliyev
    Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşı

    Məqalə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR