AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astanada əldə olunan razılaşmalar Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına yeni impuls verəcək

  • + A
  • - A
  • Bu gün, 09:56

    Astanada əldə olunan razılaşmalar Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına yeni impuls verəcək

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı

    Bu həftənin əsas siyasi hadisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına etdiyi dövlət səfəri oldu. Səfər zamanı qarşılanmadan başlayaraq, keçirilən bütün görüşlər və tədbirlər bu iki türk dövləti arasındakı münasibətlərə yeni işıq saldı, onların əlaqələrinin qardaşlıq, dostluq və strateji tərəfdaşdıq ruhunda inkişaf etdiyini göstərdi.
    Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasında xalqlarımızın ortaq etnik mənşəyə, eyni soy kökünə malik olması kimi mühüm milli-mənəvi dəyərlər dayanır. Tarixin bütün dönəmlərində Azərbaycan və Qazax xalqları qardaşlıq və dostluq telləri ilə bir-birinə sıx bağlı olublar. Və bütün bunlar müasir dövrdə iki dövlət arasında əlaqələrin təməlində dayanan dəyişməz meyarlardır. Prezident İlham Əliyevin Astanada mətbuata açıqlamasında qeyd etdiyi kimi: «Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq».
    Elə milli-mənəvi bağlılıqdan irəli gələrək Azərbaycanla Qazaxıstan arasında bütün müstəvilərdə münasibətlər hər zaman çox yüksək səviyyədə olub. Son 3 ildə Prezident İlham Əliyevin Qazaxıstana 7, Prezident Kasım-Jomart Tokayevin isə 6 dəfə Azərbaycana səfər etməsi yüksək siyasi münasibətlərin və dövlət başçılarının dostluğunun göstəricisidir. Digər tərəfdən, iki dövlət arasında münasibətlərin hələ 20 il bundan əvvəl strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyması da dərin siyasi münasibətlərdən xəbər verir. 2005-ci il may ayında Bakıda imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan və Qazaxıstan arasındakı dostluğun və qardaşlığın rəmzinə çevrilib.
    Yüksək siyasi münasibətlərin və strateji tərəfdaşlığın nəticəsidir ki, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın dairəsi olduqca əhatəlidir. Buraya iqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, nəqliyyat-logistika, rəqəmsal kommunikasiyalar, həmçinin, mədəni-humanitar sahələrdə əməkdaşlıq kimi məsələlər daxildir. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar böyükdür. Səfər zamanı mübadilə olunan sənədlər də bunu deməyə əsas verir.
    Bu sırada iki dövlətin nəqliyyat-logistika sahəsində əməkdaşlığı və Orta Dəhlizin inkişafına verdikləri töhfələr xüsusi vurğulanmalıdır. Qeyd edək ki, Çin və Orta Asiyanı Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Azərbaycanla Qazaxıstanın Orta Dəhliz nəqliyyat marşrutunda yükdaşımalarının həcminin artırılması istiqamətində həyata keçirdikləri səmərəli əməkdaşlıq, indiyədək reallaşdırdıqları infrastruktur layihələri bu marşrutun qlobal rəqabətdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bunun nəticəsidir ki, 2024-cü ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Hazırda isə Azərbaycan və Qazaxıstan dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində iş aparır. O cümlədən, Qazaxıstan Aktauda konteyner qovşağı inşa edir, Azərbaycanda isə Ələt limanının imkanları artırılır. Bütün bunlar, o cümlədən yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə salınması Orta Dəhlizdə səmərəliliyi daha da artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və planlaşdırıldığı kimi, yükdaşımaların həcmini artırmağa imkan verəcək.
    Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı Orta Dəhlizin ötürücülük imkanlarının artırılması ilə bağlı qarşıda dayanan vəzifələr bir daha nəzərdən keçirildi. O cümlədən iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə diqqət yetirildi, ən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsinin ikiqat artırılması və 1 milyard dollara çatdırılması barədə razılığa gəlindi.
    Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi əlaqələrin əsas istiqamətlərindən birini də energetika sahəsində əməkdaşlıq təşkil edir. Hazırda Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan marşrutu ilə dünya bazarlarına çatdırılır. Keçən il Azərbaycan ərazisindən keçməklə 1,5 milyon ton Qazaxıstan nefti ixrac olunub və gələcəkdə bu həcmin artırılması nəzərdə tutulur. O cümlədən iki dövlət arasında yaşıl enerjinin ixracı ilə bağlı əməkdaşlıq yaranıb. Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi isə Azərbaycanla Qazaxıstanın rəqəmsal inteqrasiyanı təmin edəcək.
    Səfərin əsas tədbirlərindən biri də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasının keçirilməsi oldu. Qeyd edək ki, bu format ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılan qərarların işlənib hazırlanması üçün səmərəli mexanizmdir. Bu baxımdan Ali Dövlətlərarası Şura Azərbaycanla Qazaxıstan arasında etimada və qarşılıqlı dəstəyə əsaslanan münasibətlərini dərin məzmunundan xəbər verir.
    Azərbaycan və Qazaxıstan ən çətin məqamlarda bir-birinə dəstək olub. Torpaqlarımızın işğal altında olduğu illərdə Qazaxıstan bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. O cümlədən iki dövlət hər zaman bir-birinin uğuruna sevinib. Qazaxıstan dövləti tərəfindən Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunması da bu sevincin, iki dövlətin dostluğunun və qardaşlığının təcəssümüdür. Astanada mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bildirdi ki,  Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir.
    Azərbaycanın inkişafı həm regional, həm də qlobal müstəvidə maraqla izlənilir. Bu inkişafı və yüksəlişi təmin edən Prezident İlham Əliyev isə dünyanın ehtiramla qarşılanan siyasi liderlərindəndir. Bu baxımdan Astanada dövlət başçılarının mətbuata bəyanatla çıxışları zamanı Kasım-Jomart Tokayevin Prezident İlham Əliyev barədə fikirləri hər birimizi dərindən qürurlandırdı: «İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb» - deyə Qazaxıstan Prezidenti bildirib.
    Azərbaycan Qazaxıstan əlaqələrini başqa rakurslardan da dəyərləndirə bilərik. Belə ki, bu əlaqələr həm də türk dövlətləri arasında və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsinə xidmət edən lokomotiv rolunu oynayır. Digər tərəfdən, Azərbaycan Qazaxıstan əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı iqtisadi inteqrasiyanı dərinləşdirir. Və bütün bunlar onu deməyə əsas verir ki, bu iki ölkə arasında müxtəlif müstəvilərdə həyata keçirilən əməkdaşlıq əlaqələri, fəal qarşılıqlı fəaliyyət həm də geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir.
    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki arasındakı əlaqələrin, strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu səfər həm də Türk dünyasının mühüm siyasi hadisəsinə çevrildi. Ona görə də Astanada əldə olunan razılaşmalar həm iki dövlət arasında əlaqələrə impuls verəcək, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına töhfə olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR