Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının qərarı ilə tanınmış professor, tibb elmləri doktoru, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər 2025-ci il tibb nominasiyası üzrə Nobel mükafatına təqdim edilib.
Yeni metodları dünya alimləri tərəfindən yüksək qiymətləndirilən V.Qələndər bir çox beynəlxalq mükafatlara və ordenlərə, o cümlədən Avropa Təbiət Elmləri Akademiyasının "Ali xidmət" ordeninə, Türk Dünyası Araşdırmaları Akademiyasının Qızıl Ulduz medalı və "Şərəf" ordeninə, Beynəlxalq Atatürk mükafatı və Beynəlxalq Mükafatlar Komitəsi (Cenevrə, İsveçrə) tərəfindən "Hippokrat" ordeninə layiq görülüb.
Qeyd edək ki, V.Qələndər 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcəsi alıb. Hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru vəzifəsində çalışır.
ABŞ-ın Florida universitetində Rui Fernandesin müəllifi olduğu "Local and Regional Flaps in Head & Neck Reconstruction" praktik yanaşma dərsliyinin 20-ci fəslində "Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri" adlı bərpa üsulu rezidentlər və bu sahənin mütəxəssisləri üçün "Vaqif Qələndər" metodikası kimi tədris olunur.
Vaqif Qələndər 40-dan çox xarici konfransda məruzələrlə çıxış edib, 78 elmi əsəri isə beynəlxalq jurnallarda dərc olunub. O, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, İPRAS (İnternational Plastik-Reconstruktiv Suergary Sosiety) mötəbər beynəlxalq təşkilatı idarə heyətinin üzvüdür. 2025-ci ildə Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “İlin elm adamı” seçilib və “Ali şərəf və ləyaqət” ordeni ilə təltif olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.