“Xoşbəxtliklə şəhidlik sinonim sözlərdir...”
Bu sözləri şəhid Nurlan Əbilov 8 may 2016 -cı ildə sosial şəbəkədəki statusunda yazmışdı. Uşaq çağlarında həyatın hər cür sınaqları ilə üzləşən Nurlanı dövran dünya, zaman və insan mövzusunda hikmətli fikirlər söyləmyə sövq edirdi: “Nəfəs almaq yaşamaq deyil. Torpaq altda olub, ürəyimizdə yaşayanlar var...” Hələ uşaqlıq çağlarında Nurlan müharibədə ölümün çaynağından qurtulmağın, sağ qalmağın yolları barədə ciddi düşüncələrə qərq olardı. 18 yaşında yazırdı:  ”Uşaqlıqda  bir arzum vardı. Böyüyəndə operator (kameraman) olmaq. Çünki baxdığım bütün kinolarda müharibə olurdu,  bombalar partlayırdı, hamı ölürdü. Dünya dağılırdı, amma operator sağ qalırdı…”
 Müharibənin qaçılmaz olmasını bilsə də Nuralan böyüyəndə operator ola bilmədi, amma Vətənin layiqli əsgəri oldu.                                       
Qlsa tanıtım:  Əbilov Nurlan Fərrux oğlu 4 avqust 1994- cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Orta təhsilini  Masallı şəhər "Dəfinə" məktəb-liseyində və 1-ci Qarabağ müharibəsinin şəhidi Qəhrəman İsmaylovun adını daşıyan Şərəfə kənd tam orta məktəbində alıb. 2011-ci ildə Bakı Dövlət Universitetinin çoğrafiya fakültəsinə qəbul olub. Ailə vəziyyəti ilə əlaqədar təhsilini qiyabi yolla davam etdirib. 2017-2018-ci ildə həqiqi hərbi xidmətdə olub. 
  2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb. 6 ay komada qalan qazi 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. 
Nəşi  böyük izdihamla Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına ilə Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
“Möcüzə gözləyirdik, olmadı...”     
 
Bu sözləri  Nurlan Əbilov  dünyasını dəyişən gün millət vəkili  Məhşur Məmmədov  sosial şəbəkə hesabında paylaşmışdı:“6 aydır komada olan Vətən müharibəsi iştirakçısı, Masallının igid oğlu 26 yaşlı Nurlan Əbilov şəhidlik zirvəsinə ucaldı...  Nurlan Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb. Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.  Rahat uyu, şəhidim, əzizlərin dövlətə əmanət!”
Həmin gün “Murov qartalı” ləqəbi ilə tanınan  şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri və “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc  Orucova  “Facebook” səhifəsində yazmışdı:
“Bu qazini döyüşlər gedən ərəfədə tanıdım, fakültədən (BDU-nun coğrafiya fakültəsi  nəzərdə tutulur- Red.)  dostları bizimlə əlaqə qurub ona kömək etməyimizi istədilər  və heç kimsəsi olmadığını bildirdilər. Maraqlandıq, iki gözəl balası və həyat yoldaşından başqa heç kimi yoxuydu... Öz əlinin zehmətilə ailəsini dolandırırmış, o qədər yaxşı , mərd insan  olub ki, dostları onunçün canlarını verməyə hazır idilər. Təəssüf ki, türk doktorlar da baxıb durumunun çarəsiz olduğunu bildirdilər. Həyat yoldaşı bu 6 ayda onun başı üstündən ayrılmadı, hər dəfə yeni ümidlə zəng edirdi, olmayan ümiddən necə danışaydıq? Aylardı apardığı yaşam savaşında bu gün şəhidlik zirvəsinə ucaldı. Səhər bu xəbər veriləndə onun kimsəsiz, faciə dolu həyatını xatırladım. Bir də arxasında buraxdığı gözəl ailəsini, dostlarını... Şəhidliyin mübarək, Nuran qardaş!”
...O şəhid ki , onun tabutunu  qarşılayacaq  nə anası, nə atası , nə də qardaş - bacısı vardı.  Amma  Nurlanın dəfn mərasimində dalğalanan yüzlərlə Azərbaycan bayrağını görəndə  onun   gerçəkdən arxasız-dayaqsız olmadığı  da ürəkləri təlatümə gətirdi. Axı o  bayrağın işğaldan azad edilmiş torpaqlarımızda  ucalarda olması üçün  Azərbaycanın Nurlan kimi  igidləri canlarından, qanlarından keçmişdilər.  
“Həyatının acısı ilə barışan  şəhid” 
Şərəfə orta məktəbinin məzunu, 2007-ci ildən BDU-nun coğrafiya fakultəsində, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasında dosent vəzifəsində çalışan  pedoqoji elmlər namizədi Nərminə Seyfullayevanın Nurlan barədə yazısını kiçik ixtisar və  düzəlişlə “Şəhidlik manifesti” kiatabına daxil edirik:     
“…Ətrafımızda elə insanlar var ki, onların həyatı gətirmir ki, gətirmir. Lakin başına gələn acı hadisələr onların iradəsini qıra bilmir, əksinə, onlar daha nikbin və mübariz olurlar. Nurlan belələrindən idi. Çox çətinliklə böyüyüb, qısa həyatında barmaqla sayılası xoş günləri olub Nurlanın. Atası Fərrux uzun müddət ağır xəstə olub, atasını  itirəndə Nurlan yeniyetmə olub. Onun ölümünün anası ilə özünün həyatına necə zəhər qatacağından  xəbərsiz idi. Eynən övladları 5 yaşlı Amin və 3 yaşlı Fərrux kimi...
…Müəllimləri və Nurlanı yaxından tanıyanlar onun uşaqlıq və yeniyetməlik  dövründə çox fəal, məsuliyyətli, hər şeylə maraqlanan, bacarıqlı, vətənini, millətini sevən biri olduğunu söyləyirlər. İstənilən sahədə suallar verməyi sevər, eşitdiyi, oxuduğu  maraqlı informasiyaları digərləri ilə paylaşmağı, söhbət və müzakirələrin   mərkəzində dayanmağı bacarardı. Anası Sədaqət xanıma və özünə aid ailə problemlərini həll etməkdə kiməsə minnətçi düşməyi sevməzdi.  Nurlanı tanıyanlar hər zaman əlində kitab olan oğlan kimi xatırlayırlar ...   
Nurlan riyaziyyatı əla bilirdi. Müəllimi Jalə xanım Nurlanın çox qürurlu olduğunu yana-yana belə söyləyir: “Nurlanı həvəsləndirmək üçün digər şagirdlərin yanında,  hər zaman deyirdim ki, qəbul imtahanında riyaziyyatdan bütün test tapşırıqlarını düzgün həll etsən, sənə qiymətli hədiyyə alacam. İmtahandan sonra cavabları yoxlamağa gəldi. Dedi ki, bütün tapşırıqları düzgün yazmışam, 25-ci tapşırığın cavabı da budur, lakin onu yazmadım. İstəmədim ki, hədiyyəyə görə cavabları doğru yazdığımı düşünsünlər. Həm də siz  xərcə düşməyəsiz.”   
Ali məktəb diplomunu aldığı gün qurban  kəsəcəkdi…
Nərminə xanım daha sonra yazır:  “…Müəllimliyə yüksək dəyər verən Nurlanın ən böyük arzusu Şərəfə kənd məktəbində işləmək idi. Maddi imkanlarının olmadığını bilən Nurlan qiyabi təhsil almağa qərar verir.  Kiçik yaşlarından ən ağır sahələrdə  işləməyə, atasından qalma yarıtikili  evlərini anası ilə tamamlamağa başlayırlar. Lakin uzun müddətli ağır iş rejimi, keçirdiyi çətin və keşməkeşli həyat anasının  sağalmaz xəstəliyə tutulması ilə nəticələnir. Anası ağrılarını gizlədir, ayaqda ikən bircə balasının evləndiyini görmək istəyirdi.  Nurlan evləndikdən sonra məsuliyyəti ikiqat artdı. Ailə qayğıları, anasının xəstəliyinin şiddətlənməsi və vəfat etməsi səbəbindən təhsildə ara verməyə qərar verən Nurlan hərbi xidmətə çağrıldı. Sərhəd qoşunlarında  bir il 6 aylıq (ali təhsili bitmədiyinə görə) hərbi xidməti dövründə nümunəvi əsgər olmuş, xeyli sayda fəxri fərmanla təltif edilmişdir.
2018-ci ilin  payizda əsgəlikdən qayıtdıqdan sonra Nurlangilin həyatı yavaş yavaş axarına  düşürdü.  Universiteti bitirmək üçün  kəsr imtahanlarını verdiyi və dövlət imtahanından keçdiyi gün onun üçün ən əlamətdar gün idi. Qaynanası Rəsmiyə, Nurlanın sevinc içində “inana bilmirəm ki, mən universiteti bitirdim...” dediyinu xatırlayır .  Bu niyyətlə Nurlan  qurbanlıq qoyun da alıbmış,  diplomunu  aldıqdan sonra kəsdirəcəkmiş.Təəssüf ki həmin qurbanlıq Nurlanın yas məclisində kəsilərək ehtiyacı olanlara paylanıldı.  
  2020-ci ilin yayında məlum Tovuz hadisələrindən sonra Nurlan bir çox dostları kimi döyüşlərdə iştirak etmək üçün könüllü yazılır.
21 sentyabr 2020-cildə Nurlan ordu sıralarına cəlb olunur. Keçdiyi qısa döyüş yolunda Nurlan öz vətənsevərliyi, qorxmazlığı, şücaəti ilə fərqlənib. Döyüş dostlarının söylədiyinə görə Nurlanın güclü təbliğatçılıq bacarığı varmış. Ən təhlükəli anda da əsgərləri ruhlandıra bilirmiş. Ağır döyüş əməliyyatlarının birində,  8 oktyabrda Füzuli şəhərinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə Nurlan baş nahiyəsindən güllə yarası alır. Beyninin sol yarımkürəsindən aldığı zərbə   nəticəsində Nurlan 6 ay 11 gün komada qaldı. Nurlan komada olarkən Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunur.   
Nurlan Əbilov 19 aprel 2021-ci il tarixində Mərkəzi Hərbi Qospitalda şəhadətə yüksəlir və həmən gün də Şərəfə kənd qəbirstanlığında torpağa tapşırılır. Ölümündən sonra dostları onun bir neçə il əvvəl sosial şəbəkələrdə paylaşdığı “Xoşbətliklə şəhidlik  sinonim sözlərdir. Hər ikisinin “dadını əbədiyyata qovuşub “cənnətdə” yaşayanlar bilir” statusunu yayırlar.  Demək ki, Nurlan özünü şəhid olmağa hazırlayırmış...”
26 yaşından  sonra  8 ay 15 gün  yaşadı, onun da 6 ay 11 gününü komada qaldı.
  “…Şəhid Nurlanın iki körpə övladı, sevib-seçdiyi ömür yoldaşı onsuz qaldı... Sağlığında həsrətlə arzuladığı universitet diplomunu da ala bilmədi. Müharibədən yayınmaq üçün kifayət qədər tutarlı dəlilləri də vardı. Lakin, görünür ki, Nurlanda vətən  sevgisi  daha yüksək idi.... 
Qısa, çətin və acılarla dolu həyat hekayəsini bitirmək üçün Nurlanın xanımı Aydanın fikirlərini öyrənmək istədim. Dedi: ”Qəlbimdən keçənləri sözlərlə ifadə edə bilmirəm.  Yanan qəlbimin fəryadını, odunu, atəşini gözümdən  içimə süzülən yaşlar söndürə bilməz.Qulaqlarımda Nurlanımın səsi qalıb: “...bir az da səbr et Aydan, həyatımız daha gözəl olacaq, mənə edilən bütün yaxşılıqların əvəzini qaytaracağam, bütün çətinliklər bitəcək...” Amma bitmədi çətinliklər. Yarımçıq qaldı arzuları həyatımız kimi... Nurlandan mənə atalarının ölümünü anlamayan,  onun məzarına  həvəslə gül düzən iki körpə qaldı və bir də böyük bir qürur hissi...  İnanıram ki, gələcəkdə övladları da fəxr edəcəklər Nurlanla...”
P.S: Masallı şəhər 70 saylı dairənin millət vəkili Məşhur Məmmədovun köməkçiləri, “AzadMedia.az” xəbər portalı, Masallı rayon Təhsil Fondu, “Ümidim sənsən” Sosial İnkişafa Dəstək İctimai Birliyi  Nurlan Əbilovun 28 may tarixinə -  Respublika Gününə təsadüf edən 40 mərasimində iştirak etmiş, şəhidin məzarını ziyarət edib və həyat yoldaşı Aydan xanıma  Allahdan səbr diləmişlər.