Prof. Dr. Esmira Fuad
ASİF ATA VƏ GÜNEY AZƏRBAYCAN
Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var - Cənubi Azərbaycan milləti adlanan dünya... Cənubi Azərbaycanda Uluyurd hərəkatı yaranmalı, tarixdən ibrət dərsi götürülməlidir (Asif Ata)...
O bütün fikirlərini beləcə - böyük cəsarət və uzaqgörənliklə, hətta peyğəmbərcəsinə söyləyirdi. Hələ 1987-ci ildə ”Bilən üçün” adlı tezislərində: “Avropa öz üstünlüyünü əldən verəcək və həmin üstünlük əskiklik kimi görünəcək...” - demişdi. Bundan təxminən on il sonra, daha dəqiq desək, 1996-cı ildə həmin fikri bir qədər də konkretləşdirərək: ”Qərb öz dairəsini aşıb dünyalaşması ilə özünə çox böyük ziyan vurdu!” hökmünü vermişdi. Qərbin bundan sonra balaca-balaca lokal məğlubiyyətlərə düçar olacağını və bu lokal, balaca-balaca məğlubiyyətlərin böyük məğlubiyyətə çevriləcəyini iddia edərkən, eyni zamanda millətçiliyi əbədi ideya kimi dəyərləndirir, gələcəyin millətçilikdən qaynaqlanacağını da düşüncələrə yeritməyə çalışırdı. Bax beləcə, Azərbaycanın mühüm ictimai-siyasi problemləri ilə bağlı öz qənaəti, öz çözüm yolu vardı Asif Əfəndiyevin, Ocaqçı Övladlarının iftixarla “İnam Ata” söylədikləri böyük filosofun... Əslində o, bu məsələlərin ən real həlli yolunu Güney Azərbaycanla bağlayır, vahid, qüdrətli və müstəqil Azərbaycan dövlətinin yaranması üçün bunu əsas götürürdü. Ancaq onun həyat fəlsəfəsinin özülündə məhz türkçülük dururdu. ”Azərbaycan-Türkün beyni və ürəyi, Türkiyə-Türkün qolu və kürəyidir” deyərkən, digər türkdilli xalqların, özbək, qırğız, uyğur, çuvaş, türkmən və başqalarının da, hər birinin bu türk bədənində-varlığında öz yerinin olduğunu, bu baxımdan hər bir türkdilli, türkəsilli xalqın çiyninə çox ağır yük götürdüyünü vurğulayırdı. Bu yükün canında, mahiyyətində isə türkün ruhunu özünə qaytarmaq və dünyaya tanıtmaq missiyasının durduğunu açıq-açıq etiraf edirdi. Eyni zamanda türkçülüyü - türk ruhaniyyatçılığı, türk tarixi və türk ictimai fikri kimi üç əsas bölgüyə ayırır, azərbaycançılığı isə türk ruhaniyyatının canı sayırdı. Əslində, hamının danışdığı, amma heç kəsin heç nə demədiyi Azərbaycançılığın mahiyyətini açıqlayarkən onun işıqla, odla bağlı olduğunu yazırdı. Türklər günəşpərəstdirlər, tarixən oda, günəşə, işığa tapınırdılar. Dünyada yaranışdan bəri qaranlıq və işığın döyüşü gedir. İşıq allahı Hörmüzd ilə qaranlıq allahı Əhrimən arasında gedən döyüş, həm də insanların içində gedir. Yəni, insanların içində Hörmüzd də, Əhrimən də, xeyir də, şər də vardır. Hörmüzd insanların xilaskarı-qəhrəmandır və ondan sonra gələn peyğəmbərlərin hamısından üstündür. Missiyaçıların hamısından böyükdür. Onun qəhrəmanlığı, qəhrəmanlığın ilahisidir...
Türkçülüyün mahiyyətindən danışarkən Babək faktoruna xüsusi diqqət yetirməyin vacibliyini qeyd edirdi. Babəkin tarixiliyi hamıya bəllidir. Onun haqqında deyilənlər də əsassız, haqsız iddialardır. Asif Ata fanatiklərin, cahil dinçilərin fitvasıyla dözülməz fiziki əzablarla müşayiət olunan dəhşətli ölümə məhkum olunan, lakin ölümü ilə də ehkama qalib gələn bu tarixi şəxsiyyətin kədərli, həm də fərəhli taleyi, sarsılmaz əqidəsi, ruhani azadlığı barədə sevə-sevə, ancaq ürək ağrısı ilə danışır, bu taleyin ağrılarını sanki öz ağrısı, fərəhi, qüruru sayırdı: “Ruhsuz və əxlaqsız saydıqları bu qəhrəmanın ruhaniyyatının canı fərəh fəlsəfəsidir. Fərəhin ən gözəli azadlıqdır, özünəməxsusluqdur. Babək can atdığı azadlıqla özgəsinin qılıncla gələn dininə qatılmamağa çalışır, bu yolda mübarizə aparır, bununla da özünün ömrünü fərəhə qərq edirdi. Nə az, nə çox: düz 23 il xilafətlə döyüşmək, o xilafətlə ki, başı Bağdadda, ayağı isə Hindistanda idi, bir əldə qılınc, o birində “Quran”, - yenə də türk vüqarı! Türkün ayrı-ayrı dövrlərinin mahiyyəti tarixi türkçülükdür ki, burada da müəyyən dövrdən sonra əsas rolu osmanlı türkləri oynayıb. Bizim Şumer dövrümüz də türkün aqibəti ilə bağlıdır. Sivilizasiyanın, mədəniyyətin əsasını qoyan Şumerlər bizim eradan əvvəl VIII-V əsrlərdə Midiyalılar yaradıblar ki, onlar da dünyanın ən böyük ölkəsi səviyyəsinə qalxıblar. Midiyalılar məğlub olduqdan sonra, İranın bir hissəsinə çevrilib ki, bu da indiki Cənubi Azərbaycandır. Bununla da Azərbaycan öz dövlətçiliyini itirib, ardı-arası kəsilməz fəlakətlər də məhz bundan sonra başlanıb”, - deyən bir aydının ürək yanğısını, təəssüf hissini anlamamaq mümkün deyil.
Cənubi Azərbaycan məsələsinin, Güneylə bağlı problemlərin onu nə qədər narahat etdiyini, fikrini, ruhunu, bütün varlığını qapsadığını duymaq çətinlik törətmir, hətta bu qapsamanı görmək belə mümkündür. “Cənubi Azərbaycan məsələsi ən azından 36 milyon Azərbaycan türkü deməkdir və 36 milyon Azərbaycan türkü məmləkətin regiondakı vəziyyətini kökündən dəyişdirməklə, Zaqafqaziyada birinciliyi ələ alar və dünyanın mövqeyini dəyişdirər. Onda erməni də quyruğunu qısardı. Ancaq ”Cənubi Azərbaycan məsələsi beş-on günə həll olunası elə asan məsələ deyil”. Asif Ata bu fikirləri söyləyərkən Cənubi Azərbaycan məsələsinə qarşı bütün dünyanın dayandığını iddia edir, bu xalqın ayağa qalxacağı təqdirdə Rusiyanın, başda Amerika olmaqla, bütün Qərbin bizə, yəni bütün Azərbaycana qarşı duracağını deyirdi. Onun qənaətinə görə, Cənubi Azərbaycanda döyüş dünəndən başlayıb, bu gün də davam edir. Lakin necə? Köhnə inqilabi yollamı? İnqilabın ən böyüyü Oktyabr inqilabı idi ki, bir gündə baş verdi, yetmiş ildən sonra süqut etdi. Azərbaycan heç vaxt dar dairə səviyyəsində xoşbəxt ola bilməyəcək. Azərbaycan qoşulanda itirir: Ərəbə, farsa qoşulduq-itirdik! Rusa qoşulub - məhv olduq. İndi də bizi kapitalizmə qoşurlar. Bəşəriyyəti yalnız və yalnız ruhaniyyatçılığın xilas edəcəyinə, dünyanın yalnız ruhaniyyatçılığa gəlməklə xaosdan qurtulacağına əminliklə: “Maraqlıdır, dünyada elə şair, filosof tapılmaz ki, kapitalizmi sevsin. Bəşəri yalnız ruhaniyyatçılıq xilas edəcək, Azərbaycan burda başlanğıc olmalıdır, bizə qoşulmalıdırlar: Biz bunu bacararıq. Gəlin tariximizi bir balaca vərəqləyək: Bütün dünyaya bir Zərdüştümüz, bütün qəhrəmanlara bir Babək bəsdir!” - deyirdi Asif Ata...
O, Cənubi Azərbaycan məsələsini İranın sevmədiyi məsələ adlandırır və fars şovnistlərinin məsələnin əsas həlli yolunu Şimali Azərbaycanı farslaşdırmaqda gördüklərini, eyni zamanda, Cənubi Azərbaycanlıların belə təmkinli görünmələrinin və davranmalarının səbəbinin Şimali Azərbaycanlılarla bağlı olduğunu diqqət mərkəzinə çəkirdi... Yəni, onlar əriməmələrinin, assimlyasiya olmamalarının əsas səbəbi kimi Şimali Azərbaycanı görür, hələliksə burada islamçıılığı yaymaq yolunu əsas götürüblər. Bu ideyanın isə gerçəkləşməyəcəyinə, öz bəhrəsini verməyəcəyinə isə o, əmin idi...
İranın bu istiqamətdə yürütdüyü siyasəti ifşa edir, fəaliyyətinin bir neçə cəhətini göstərirdi. İlk növbədə fars şovinistlərinin Cənubi Azərbaycanı bacardıqca Şimali Azərbaycandan ayırmağı düşündüklərini bəyan edirdi. Elə etmək gərək ki, “Cənubi Azərbaycan haqqında bu tayda düşünən olmasın, özü də bunu hüquqi cəhətdən əsaslandırmaq və məsələni belə şəkildə qoymaq: Heç bir ölkəni parçalamaq olmaz:” Məsələn, Şimali Azərbaycan Qarabağdan əl çəkmir, bəs onda İran niyə Cənubi Azərbaycandan əl çəkməlidir? Bəs xalqın özünün müqəddəratı harda qaldı? Niyə Şimali Azərbaycan özünə rəva bilmədiyini İrana rəva bilir? Maraqlı da burasıdır ki, bu fikirlər qəti surətdə sözlə ifadə edilmir, siyasi dillə anladılır, siyasətin isə öz dili var və onu anlamaq olur. Digər tərəfdən, Cənubi Azərbaycana qarşı təzyiqi gücləndirmək, ümumiyyətlə “Cənubi Azərbaycan” məfhumunu ləğv etmək, onun əvəzinə ayrı-ayrı vilayətlər yaratmaq, onları tamamilə İranın içində əridərək yox etmək, Azərbaycanı farslaşdırmaq üçün onun dilini, məktəblərini əlindən almaq, hamıya bir millətin-fars millətinin varlığını qəbul etdirmək məsələnin həllinin ikinci cəhətidir...”
İstər-istəməz, son illərdə İranda planlı şəkildə törədilən hadisələr yada düşür... Hər birimizə günü bu gün də həllini tapmayan ümummilli problem - Urmu-Urmiya hadisələri, Urmu-Urmiya gölünə tökülən çayların üstündə bənd vurmaqla həmin çayların məcrasının dəyişdirilməsi, gölün süni şəkildə qurudulması prosesinə qarşı Cənubi Azərbaycanda kükrəyən və səngimək bilməyən kütləvi etiraz dalğaları məlumdur...
Böyük filosofun göstərdiyi üçüncü cəhət daha ağrılıdır: “Ermənilərlə münasibəti yaxşılaşdırmaq və bununla Azərbaycana ziyan vurmaq...” (Nə qədər böyük bir uzaqgörənlik! 44 günlük Vətən müharibəsi zamanı da İranın Ermənistanın mənafeyini müdafiə etdiyini, əl altından əzəli-əbədi düşmənlərimizə silah-sursat ötürdüyünü, torpaqlarımızın müzəffər Ordumuzun əfsanəvi qəhrəmanlığı, Xalq və Dövlət birliyi ilə azad olunmasını, Şuşa zəfərini həzm edə bilməməsini bütün dünya gördü!..)
Nəhayət, dördüncü cəhət - Cənubi Azərbaycandakıları cəzalandırmaqdır: Bəhanələr tapıb onları tutmaq, dar ağacından asmaq, güllələmək, öldürmək, bununla da qorxutmaq, gözünün odunu almaq.
Asif Ata bu təhlilləri apararkən gəldiyi son qənaəti belə ifadə edir: “Mənim son fikrim budur ki, bütün bunlar çox böyük ziyanlar verəcək Azərbaycan xalqına. Ola bilsin, qırğın oldu, amma (İranın özünün məhvi barədə deyə bilmərəm) molla hakimiyyəti məhv olacaq!..”
Azərbaycançılıqda Güney Azərbaycan amilinin rolu barədə hər dəfə dəyərli fikirlər səsləndirən Asif Ata Azərbaycan üçün ən əsas siyasi məsələ hesab etdiyi Cənubi Azərbaycan məsələsinin həllini Vahid Azərbaycan dövlətinin yaradılmasında görürdü. O, əhali çoxluğunu, iqtisadi gücü, silahı tanıyan müasir siyasi dünyanın, eyni zamanda Nəsimini, Füzulini tanımadığını (Əslində özünü tanımır kimi göstərdiyinin) və bizi balaca saxlamaq istəyinin tutarlı cavabını da Vahid Azərbaycanda axtarır və: “Vahid Azərbaycan “balacalığımızı” aradan qaldırar. Dünyada yerimizi bilərik, dünya da bizim yerimizi bilər!.. hökmünü verir.
Hələlik gerçəkləşməyən böyük üstünlüyümüzün - Vahid Azərbaycan ölkəsinin isə iki gücün - ruhanilik və döyüşkənlik əməllərinin, daha dəqiq desək, Nəsimiliyin və Səttarxanlığın birliyində qərarlaşacağını söyləyir və onu sabahın fəhmi adlandırır. Cənubi Azərbaycan üçün ən böyük fəlakət saydığı üç əsas şərti şərh edərək maraqlı nəticələrə gələn filosof ilk səbəbi islamçılıqda görür. İslamçılığın qismətçilik, qismətçiliyin isə döyüşkənliyə zidd olduğunu, dinə görə Azərbaycanın indiki fəlakətli halının da Allahın işi hesab edildiyini qeyd edir. Yəni, döyüşməyin mənasız olmadığını düşünənlərin fikirlərində yanıldıqlarını əsaslandırır. Bir zaman ərəbçilik, indi isə farsçılıqdan ibarət olan islamçılığın İranın dünyaya sahib olmaq istəyi üçün əsas vasitə, daha doğrusu, kommunizmin yerini tutmağın rahat yolu olduğunu və bu səbəbdən də islamçılıqla ruhani döyüşün labüdlüyünü qeyd edərək yazır: “...Bu, nə qədər çətin olsa da, başlanmalıdır. Farsçılıq Cənubi Azərbaycanlıların türkçülüyünü danmağa xidmət edir, onun ən mürtəce cəhəti Azərbaycan türklərini fars saymaq, farslaşdırmaq və mahiyyətcə millət kimi ləğv etməkdir. Təbii ki, bu cür təbliğatın, siyasətin qarşısında duruş gətirmək üçün Azərbaycan özgələşməməlidir, özünü tanımalıdır.
Asif Atanın dediyi kimi: “Azərbaycan Midiya dövründə də türk ölkəsiydi, Albaniya dövründə də türk ölkəsiydi, bütün başqa dövrlərdə də türk ölkəsi olub və elə də qalmaqdadır.” İran Midiyası da, udin Albaniyası da əfsanədir, üç Azərbaycan ideyası isə məqsədli yalandır. Azərbaycan birdir, onun əsas etnosu-türkdür!..”
Bu gün məsələyə başqa don geyindirənlər Vahid Azərbaycan ideyasına qarşı İranın parçalanması təhlükəsini ədalətsizlik kimi ortalığa qoyur ki, bu da fikir və düşüncələrə təsir edir, onları fəaliyyətdən çəkindirir. Asif Ata isə başqa bir düşüncənin daha optimal qənaət sahibi kimi deyir: “Əslində isə bir xalqın əzilməsi, buxovlanması, əriməsi bahasına yaranan möhtəşəmlik - parçalanmalıdır, bu, ədalətli hadisədir, qaçılmazdır, imperiyaların heç birinin axırı yoxdur; onlar hansı adlarla çağırılsalar da, mahiyyətləri, aqibətləri birdir...”
İndi Şimali Azərbaycanın İrana “qaytarılmasından” danışıldığını, bununla da ikinci İran Azərbaycanı yaratmaq niyyətini, əslində Azərbaycanın olmaması barədə iftiralar yayılmasını həyadan uzaq niyyət adlandıran Asif Ata Cənubi Azərbaycana düşmən olan üçüncü bir cəhət, qərbçiliyin də islamçılıqla eyni, özgələşmənin iki qütbündən biri olduğunu söyləyir: İslam farslaşdırır, qərb Avropalaşdıırır... Bu baxımdan Cənubi azərbaycanlıların müasir Qərb siyasətinin mahiyyətini yaxşı dərk etmələrinin zəruriliyini diqqətə çatdırır. Günümüzün siyasi reallığının mənzərəsini şərh edərkən Qərbin, xüsusən də İrana qarşı duran, İranın zəifləməsini istəyən ABŞ-ın heç də Azərbaycanın güclənməsində, vahid Azərbaycan yaranmasında maraqlı olmaması faktını önə çəkir və bunun ağalıq iddialarına zidd olduğunu, ümumiyyətlə isə, güclü ölkələr üzərində ağalığın çətinliyini diqqətə çatdırır və demək istəyir ki, “azadlıq uğrunda mübarizədə Qərbi müttəfiq saymaq ən azı, sadəlövhlükdür, Qərbin İranla döyüşündə “Azərbaycan dərdi” yoxdur.
Asif Atanın bu məsələdə gəldiyi qənaət isə son dərəcə real və ağrılıdır: “Cənubi Azərbaycanda Uluyurd hərəkatı yaranmalı, tarixdən ibrət dərsi götürülməlidir: İran Məşrutəsini yaradan Səttarxan oldusa, Səttarxanı məhv edən də elə İran Məşrutəsi oldu. Molla inqilabının ən döyüşkən qüvvəsi Azərbaycanlılar olduğu halda, Azərbaycanlılar əsarətdən qurtarmaq əvəzinə daha çox əsarət altına alındılar. Beləliklə də Ümumiran hərəkatlarına rəğbət bəsləməli, ancaq onlara qatılmamalı, onlarda itməməli, müstəqilliyi qorumalı, yüksəltməli, ərsəyə çatdırmalı...”
O, Güney Azərbaycanı inqilablar məskəni adlandırır, bu sırada sərdari-milli Səttar xanın, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi inqilabları ayrıcalıqla qeyd edirdi. Dünyada ondan əvvəl baş verən inqilabları,məşhur İngiltərə, Fransa və Rusiyadakı inqilabları, onların heç də dünyanı təzələyə bilmədiklərini və bunun səbəblərini açıqlayırdı. İlk səbəb olaraq adamın insan olmaması faktını göstərir və inqilabın insanı dəyişmədiyini, əksinə ondakı yırtıcılığı daha da artırdığını deyir. Digər tərəfdənsə inqilabı zor vasitəsilə irəliləmək, inkişafa, azadlığa, bir gün müstəqilliyə nail olmaq kimi dəyərləndirirdi. Bütün cəmiyyətdə adam insan ola bilər, bir şərtlə ki, adam özünü insan eləsin. Quruluş o zaman dəyişilə bilər ki, onu inqilab yox, intibah yaratsın. Asif Ata böyük əminliklə söyləyirdi ki, gələcək millətçiliyindir. “Millətçilik nədir?” sualına: “Millətin özünü dünya saymasıdır”, - deyə cavab verirdi: ”Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var - Cənubi Azərbaycan milləti adlanan dünya. O, dünyanın öz dili var, öz mədəniyyəti var, öz ənənəsi var. Və o dünyaya qarşı İran adlanan, İran dövləti adlanan yağı var. Millətçilik, Cənubi Azərbaycan millətçiliyi - Azərbaycançılığın dərkidir. Dünyamızı əlimizdən alıblar, dünyamızı özümüzə qaytarmalıyıq. Cənubi Azərbaycan millətçiliyi budur...”
Cənubi Azərbaycan məsələsini bütöv Azərbaycanın ən əsas siyasi məsələsi olduğunu bu mövzudakı yazılarında dönə-dönə vurğulayan böyük filosof islamlaşmağı da, qərbləşməyi də millət üçün, elə ədəbiyyatın özü üçün də zərərli sayır, özgələşmənin iki qütbü adlandırır, “İslam farslaşdırır, Qərb Avropalaşdırır” deyərək cənublu soydaşlarımızı müasir Qərb siyasətinin əsl üzünü görməyə, mahiyyətini anlamağa çağırırdı. XX əsrdə Güney Azərbaycanda sonu məğlubiyyətlə nəticələnən inqilabların məğlubiyyət səbəbləri də onu dərindən düşündürürdü. Bu səbəblərdən biri kimi ruhani təməli olmadan Güney Azərbaycanlıların sosial-demokratiyaya uymalarını, onların Ümumiran hərəkatının ən fəal, ən cəsur və ən istedadlı adamları olduğunu və bununla da özlərinə yox, Ümumirana qulluq etdiklərini göstərirdi: “Bütöv İran hərəkatı (pis mənada) Təbrizdə yarandı, İranı böyüdən, tarixə salan Səttarxan oldu, təəssüf ki, müstəqil Azərbaycan ideyası atılmadı ortaya, düşündülər ki, elə Ümumiran məşrutəsi elə Azərbaycanın azadlığı deməkdir və Azərbaycana azadlıq veriləcək. Bu düşüncədə olanlar və möhtəşəm bir ölkə iddiası ilə yaşayan bir ölkə özünün bir hissəsini o qədər böyütməz ki, özü kiçilsin. Pişəvəri hərəkatında bu ideya var idi, lakin onu da məhv etdilər öz ideyaları ilə birgə. Burada da, Güney Azərbaycan ideyası kommunizim və sosializm ideyası ilə bir yerdə verilirdi, Müstəqil Azərbaycan yox idi. Odur ki, nə olursa-olsun, Müstəqil Azərbaycan hərəkatı, Uluyurd hərəkatı yaranmalıdır. Qələbə bundan sonra mümkündür!..”
Bu məsələdə də tələsməməyi, xalqı tam yetkinləşdirməyin vacibliyini qeyd edirdi: ”Xalqı ayağa qaldırmazdan əvvəl, xalqı ayaq üstə qoymaq lazımdır...” Müdrik filosofun “Parçalanan xalq müstəqil ola bilməz, müstəqillik məsələsinin canında da Güney Azərbaycan məsələsi dayanır. Bu gün Azərbaycan bütün ölkələrlə dostluq edir. Qərblə, Amerikayla dostluq Güney Azərbaycanı qurban verməklə mümkündür. Xalq bunu tələb etməlidir: İranla dostluq da Güney Azərbaycanın bahasına edilməsin!.. Güney Azərbaycanla birlik zərurətdir...” qənaətinin, deyərdim ki, hökmünün əbədi istiqlalımızın baş tezisi olduğunu, əcəba, çoxmu soydaşımız anlayır?!.. Əslində son günlərdə İranda baş verən olaylar - 22 yaşlı Məhsanın baş örtüyünü düzgün örtməməsinən dolayı “əxlaq polisi” tərəfindən döyülərək öldürülməsindən sonra başlanan kütləvi etiraz dalğaları Güney xalqının Uluyurd hərəkatına başlamağa qadir olduğunun göstərgəsidir. O gün isə uzaqda deyil...
Esmira Fuad