Alimlər Alzheimer xəstəliyinin son dərəcə nadir hallarda donor qanı vasitəsilə insandan insana ötürülə biləcəyini nəzəri olaraq irəli sürüblər. London Universitet Kollecinin tədqiqatçıları bu ehtimalla bağlı araşdırmanı The Lancet jurnalında dərc ediblər.
Alzheimer xəstəliyi əsasən yaşlanma, genetik meyillilik və həyat tərzi ilə əlaqələndirilir. Lakin son illərdə aparılan araşdırmalar göstərib ki, xəstəliklə əlaqəli bəzi patoloji zülallar istisna hallarda insanlar arasında ötürülə bilər.
Yeni icmalda əsas diqqət beta-amiloid zülalına yönəldilib. Bu zülal Alzheimer zamanı beyində patoloji yığıntılar əmələ gətirir. Beta-amiloid həmçinin beyin damarlarının divarlarında amiloidin toplanması ilə xarakterizə olunan serebral amiloid angiopatiya ilə əlaqələndirilir. Bu vəziyyət beyində qanaxma riskini artıra bilər.
Alimlərin ehtimalının əsaslarından biri 2023-cü ildə Danimarka və İsveç sakinləri arasında aparılmış geniş tədqiqatdır. Araşdırma zamanı sonradan təkrarlanan beyin qanaxmaları keçirmiş donorlardan qan alan şəxslərdə də oxşar problemlərin daha çox müşahidə edildiyi müəyyənləşdirilib.
Tədqiqatçılar böyük epidemioloji araşdırmaların aparılmasını və donor qanında patoloji beta-amiloidin müəyyən edilməsi üçün üsulların hazırlanmasını təklif edirlər. Xüsusilə çoxsaylı qan köçürülməsinə ehtiyacı olan xəstələrin daha ətraflı araşdırılmasının vacib olduğu vurğulanır.
Bununla belə, alimlər bildirirlər ki, müasir qan köçürülməsini Alzheimer xəstəliyinin sübut olunmuş ötürülmə yolu hesab etmək olmaz. Hazırda mümkün riskin miqyasını müəyyənləşdirmək üçün kifayət qədər məlumat yoxdur və bu ehtimalın təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.