AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyadan nə gözəl bir insan köçdü...

  • + A
  • - A
  • 17-03-2025, 09:38

    Dünyadan nə gözəl bir insan köçdü...

    Ölüm haqq olsa da, Azərbaycanın Xalq artisti Ənvər Həsənovun vəfatı içimi göyüm-göyüm göynətdi. Xayalım məni uşaqlıq illərimə apardı. Kinomuzun yaraşıqlı, gözəl aktyoru ilə ilk dəfə 7-ci sinifdə oxuyanda Bakıda küçədə rastlaşmışdım...

    ...O vaxt yay tətilini atamın xalası oğlu Əməkdar inşaatçı, Sosialist Əməyi Qəhrəmanı Seyid Məhəmməd Hüseynovgildə keçirirdim. Böyük-kiçiyin Ağa deyə xitab etdiyi Seyid Məhəmməd Dənizkənarı bulvara yaxın Myasnikov küçəsində (indiki Tərlan Əliyarbəyov)) Azərbaycanın çox görkəmli və adlı sanlı adamları ilə - bəstəkar Fikrət Əmirov, xalq rəssamı Mikayıl Abdullayev, xalq artisti Nəsibə Zeynalova, akademik Mirməmməd Cavadzadə, xalq artisti Hökümə Qurbanova, əməkdar artist Vəfa Fətullaayeva, Əməkdar Elm Xadimi, professor Qaraş Mədətov və başqaları ilə qonşu idi. Onun oğul övladlari Mirsəmid, Miraslan, Mirsədi, Mirislam, Mircamaləddin və qonşu uşaqlarla hərdən iki əkiz binanın arasındakı kiçik meydançada futbol oynayırdıq. Bir dəfə top meydançadan kənara çıxdı. Bu zaman Səməd Vurğunun ev muzeyi tərəfindən gəlib bulvara gedən Murad (“Uşaqlığın son gecəsi” filmindən Murad kimi tanıdığım aktyorun o zaman adını bilmirdim) ayaq saxladı. Peşəkar futbolçulara məxsus fəndlə topu saxlayıb, sağ ayağndan sol ayağına, soldan da sağa çiləyərək bizə tərəf atdı... Uşaqlardan kimsə ona ucadan “çox sağ olun” dedi. O da bizə baxıb xəfifcə gülümsündü. 55 il əvvəl yaraşıqlı idman gödəkçəsində, enlibalaq cins şalvarda gördüyüm aktyor indi də gözümün qabağındadır. Şaçları çiyinlərinə tökülmüşdü, uzun bakenbardları üzünün yarsına qədər uzanmışdı. Tələbə olduğunu, M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil aldığını da bilmirdim. Mən bir anlıq dayandım. Heyrətlə uşaqlıq dünyamızın ən maraqlı film qəhrəmanına baxdım. O üz-gözündəki təbəssümlə bizdən uzaqlaşıb getdi. Çox sonralar Ənvər bəyin müsahibələrindən öyrəndim ki, 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” filmi beynəlxalq festivalda 5 diplom alıb. Ənvər də "Ən yaxşı kişi rolu" mükafatı ilə təltif olunub.

    Dediyinə görə, həmin filmdəki Muradla həyatdakı Ənvər arasında elə də fərq yox idi. Çünki o da həyatda çılğın, şıltaq olub. Hərdən “Uşaqlığın son gecəsi”nə çəkildiyi günləri bir kino lenti kimi gözünün önündən keçirirmiş. O əlçatmaz, ünyetməz illərə qayıdıb, cavanlığını yaşamaq istədiyini dilə gətirirdi. Deyirdi ki, kim cavanlığına qayıtmaq istəməz ki? “Amma artıq yaş öz sözünü deyir...”
    Murad obrazını o qədər sevib -sevdirmişdi ki, nəvəsinin adını da Murad qoymuşdu. Həmin filimə baxan və Muradı sevən bizim yaşıdların çoxu ya oğul övladlarına, ya da nəvələrinə Murad adını qoymuşdu....

    ... Bu gün sübh tezdən, mübarək Ramazanın 17-ci günü obaşdan durub “Uşağlığın son gecəsi” filminə yenidən baxıram. Baxıram və inana bilmirəm ki, Murad – Ənvər Həsənov bu gün həyatda yoxdur... Düz deyiblər, ömrün son dayanacağına kimin nə vaxt və necə çatacağı Uca Yaradandan savayı heç kəsə bəlli deyil. Əlvida, Murad... Əlvida, Ənvər Həsənov...

    Allah RUHUNU daim şad eləsin. Son dayanacağında məkanı behişti əla olsun İNŞALLAH.

    Ruhuna etiramla

    Nurəddin ƏDİLOĞLU,
    17.03.25.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR