Mayın 26-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Yazıçılar Birliyi və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvinin dini-fəlsəfi görüşlərində ümumbəşəri ideyalar” mövzusunda onlayn konfrans keçirilib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan poeziyasının klassiki, orta əsrlərin dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış zəngin yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, görkəmli mütəfəkkirin adının, şəxsiyyətinin və yaradıcılığının daim uca tutulması məqsədi ilə görülən işlər dövlətimizin əsas prioritetlərindən biridir. Azərbaycan intibahının ən tanınmış nümayəndələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığının həm də multikulturalizm və tolerantlıq baxımından zəngin olduğunu qeyd edən S.Salahlı bildirib ki, şairin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığında xalqlara, insanlığa və ləyaqətə hörmət, vətənpərvərlik hissləri və doğma Vətənə sevgi vurğulanır.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında qeyd edib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq. Əsərlərində müxtəlif xalqların həyatını təsvir edən Nizami Gəncəvinin ölməz “Xəmsə”si multikultural dəyərləri, elmi, sülh və tərəqqini təbliğ edib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorunun elmi işlər üzrə direktor müavini Əlizadə Əsgərli XII əsr ictimai-siyasi və hüquqi fikrimizin ən görkəmli numayəndəsı Nizami Gəncəvinin öz dövrünün və gələcək dövrlərin humanist və demokratik istiqamətli fikirlərinin, habelə sosial ədalət ideyalarının parlaq təbliğatçısı olduğuna diqqət çəkib. Ə.Əsgərli Nizaminin irfan dünyasında tutduğu yeri vurğulayaraq, əsərlərindən nümunələr gətirib, tolerantlıq münasibətlərinin ədibin bədii nümunələrində necə əks olunduğundan söz açıb.
Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov və İslamşünaslıq kafedrasının müəllimi İbrahim Quliyev mövzu ilə bağlı məruzələrlə çıxış edərək, Nizami Gəncəvi yaradıcılığında dini-fəlsəfi görüşlərdən, ümumbəşəri mənəvi dəyərlərdən bəhs ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.