Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının üstünlük qazanması regionda sülh gündəliyinin möhkəmlənməsi və əməkdaşlıq perspektivlərinin genişlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Politoloq Zaur İbrahimlinin fikrincə, seçkilərin ilkin nəticələri göstərir ki, Ermənistan cəmiyyəti revanşist çağırışlara deyil, sülh və inkişaf vədlərinə üstünlük verib. Onun sözlərinə görə, bu nəticə həm də Azərbaycanın son illərdə həyata keçirdiyi sülh təşəbbüslərinin və diplomatik səylərinin yaratdığı yeni regional reallığın təsdiqidir.
Politoloq qeyd edib ki, Ermənistan seçiciləri artıq ikinci dəfədir sülh gündəliyini dəstəkləyir. Xatırladılıb ki, 2021-ci il seçkilərində də Nikol Paşinyan yüksək səs faizi ilə qələbə qazanmışdı. Bu dəfə də ilkin nəticələr hakim partiyanın inamlı üstünlüyünü ortaya qoyur.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin seçimi revanşist ideyaların hazırkı mərhələdə aktual hesab edilmədiyini nümayiş etdirir. Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və regional əməkdaşlıqla bağlı təşəbbüslərinin seçicilər tərəfindən müsbət qarşılandığı vurğulanır.
Zaur İbrahimli hesab edir ki, son illərdə Azərbaycanın və Prezident İlham Əliyevin ardıcıl şəkildə irəli sürdüyü sülh gündəliyi regionda yeni siyasi atmosfer formalaşdırıb. Müxtəlif xarici təzyiqlərə və geosiyasi təsirlərə baxmayaraq, Azərbaycanın dayanıqlı sülh xəttindən geri çəkilməməsi nəticədə Ermənistan daxilində də bu yanaşmanın qəbul olunmasına şərait yaradıb.
Politoloq bildirib ki, seçkilərdən sonra Ermənistan rəhbərliyinin qarşısında duran əsas məsələlərdən biri Qarabağ separatizminin qalıqları ilə bağlı bütün fəaliyyətlərin dayandırılmasıdır. Onun fikrincə, separatçı strukturlarla əlaqəli maliyyə və təşkilati dəstək mexanizmləri tam ləğv edilməli, bu istiqamətdə aydın dövlət siyasəti ortaya qoyulmalıdır.
Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı praktiki addımların atılması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətləndirilməsi, sülh sazişinin imzalanmasına imkan verəcək hüquqi-siyasi islahatların həyata keçirilməsi vacib məsələlər kimi göstərilir.
Z.Ibrahimlinin qənaətinə görə, Ermənistan cəmiyyətinin seçimi regionda yeni əməkdaşlıq mərhələsinin başlanması üçün əlavə imkanlar yaradır və Cənubi Qafqazda uzunmüddətli sabitlik perspektivlərini gücləndirə bilər.