Azərbaycan və Türkmənistan prezidentləri görüşüb

Regional və ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib
Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Türkmənistan rəhbərlərinin qarşılıqlı səfərləri xatırlanıb, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib.
Qeyd edilib ki, ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun və əlaqələrin yüksək dinamika ilə inkişaf etdiyini göstərir.
Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin son illərdə daha da möhkəmləndiyi vurğulanıb. Tərəflər siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Xəzər dənizi məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət də görüşün gündəliyində yer alıb.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün regional əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Prezident İlham Əliyev tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Dövlət başçısı Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladıb və bu tarixi təşəbbüsə görə Qurbanqulu Berdiməhəmmədova bir daha minnətdarlığını bildirib.
Sonda dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.