FIJET Azərbaycan sədri vəzifəsinə jurnalist Ülkər Piriyeva təyin edilib

FIJET Azərbaycan sədri vəzifəsinə jurnalist Ülkər Piriyeva təyin edilib
Bakı – Beynəlxalq turizm jurnalistikasının inkişafına töhfə verən nüfuzlu təşkilatlardan biri olan FIJET (Fédération Internationale des Journalistes et Écrivains du Tourisme – Beynəlxalq Turizm Jurnalistləri və Yazıçıları Federasiyası) turizm jurnalistikasının inkişafını, beynəlxalq media əməkdaşlığını və ölkələrin turizm potensialının dünya ictimaiyyətinə tanıdılmasını təşviq edən beynəlxalq təşkilatdır. Federasiya müxtəlif ölkələrdən jurnalistləri, yazıçıları, media nümayəndələrini və turizm mütəxəssislərini bir araya gətirərək beynəlxalq informasiya mübadiləsinin və mədəni dialoqun inkişafına töhfə verir.
Bu istiqamətdə qəbul edilən qərara əsasən, jurnalist Ülkər Piriyeva FIJET Azərbaycan sədri vəzifəsinə təyin edilib. Bu təyinat Azərbaycanın beynəlxalq media platformalarında daha geniş təmsil olunması, turizm jurnalistikasının inkişafı və ölkənin zəngin tarixi, mədəni irsi və turizm potensialının dünya ictimaiyyətinə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ülkər Piriyeva uzun illərdir media sahəsində fəaliyyət göstərən peşəkar jurnalistdir. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) üzvü, Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “International Press Card” (Beynəlxalq Media Vəsiqəsi) sahibidir. Eyni zamanda 1453 Kral Medya Xəbər Agentliyinin Azərbaycan üzrə sədri, Globalbakış.com xəbər portalının xəbər redaktoru və Avrasyabulteni.com xəbər portalının təsisçisidir.
Fəaliyyəti dövründə Ülkər Piriyeva ictimai-siyasi proseslər, beynəlxalq münasibətlər, diplomatiya, turizm və media sahələrində yüzlərlə analitik məqalənin, reportajın və müsahibənin müəllifi olub. O, yerli və beynəlxalq media platformalarında Azərbaycan həqiqətlərinin, milli maraqların və ölkənin beynəlxalq nüfuzunun təbliği istiqamətində fəal jurnalist fəaliyyəti göstərərək peşəkar jurnalistikanın inkişafına öz töhfəsini verib. Obyektivlik, operativlik və peşə etikası prinsiplərinə sadiqliyi ilə seçilən jurnalist müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda və media layihələrində Azərbaycanı təmsil edib.
Yeni vəzifəsində Ülkər Piriyevanın əsas fəaliyyət istiqamətləri sırasında Azərbaycanın turizm potensialının beynəlxalq media vasitəsilə tanıdılması, turizm jurnalistikasının inkişafına dəstək verilməsi, xarici media qurumları ilə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq jurnalist şəbəkələri ilə əlaqələrin möhkəmləndirilməsi və FIJET çərçivəsində Azərbaycanın beynəlxalq platformalarda daha fəal təmsil olunması yer alacaq.
Qeyd edək ki, FIJET dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən milli nümayəndəlikləri vasitəsilə turizm jurnalistikasının inkişafına, peşəkar media əməkdaşlığının genişləndirilməsinə, mədəni irsin və turizm dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verən nüfuzlu beynəlxalq təşkilatlardan biri hesab olunur. Bu təyinat Azərbaycanın beynəlxalq media məkanında mövqeyinin daha da gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.