Hazırda jurnalistlərin qarşısında ən böyük problemlərdən biri jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, zor tətbiq etmə, onların peşəkar fəaliyyətinə qanunsuz müdaxilə və qurumlara göndərilən sorğulara cavab verilməməsi məsələləridir. Həqiqətən də bu kimi neqativ hallar var və zaman-zaman jurnalistlər bu tip özbaşınalıqlarla rastlaşırlar.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər bu kimi hallarla bağlı hüquqi müstəvidə qəbul edilən müsbət addımdır. Bundan sonra jurnalistlərin peşə fəaliyyətinə mane olan, onlara zor tətbiq edən insanlar, vəzifəli şəxslər cərimə olunacaqlar, islah işləri ilə və azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar. Dəyişikliklərin ən mühüm tərəfi budur ki, jurnalistlərə qarşı qanunpozuntusuna yol verən şəxslərlə bağlı cinayət məsuliyyəti nəzərdə tutulur.
Digər mühüm məsələ: Məlumdur ki, bu vaxta kimi xeyli sayda insanlarla bağlı mediada həqiqətə uyğun olmayan məlumatlar dərc olunub və onlar təqsirli şəxs kimi təqdim edilərək bütün ictimaiyyətdə haqsız yerə linç olunublar. Sonradan bəlli olub ki, onlar təqsirsizdir. Amma bu şəxslər ağır travma alıblar, ailələri və yaxınları bir müddət cəmiyyət içinə çıxmaqdan çəkiniblər. Niyə? Bir çoxlarının məsuliyyətisizlikləri ucbatından...
Məhkəmə qərarı olmadan insanların təqsirli şəxs kimi təqdim edilməsi yolverilməzdir və buna görə cərimənin müəyyənləşdirilməsi həm media nümayəndələrinin məsuliyyətini artıracaq, həm də daha sağlam xəbərlərin tirajlanmasına təkan verə bilər. Təqsizlik prezumpsiyası deyilən bir məfhum var, bu, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir. Bu prinsipə mediada ciddi əməl olunmalıdır.
Qısası, bu iki amil jurnalistlərə maneə kimi görmürəm. Əksinə jurnalistlərin əlində hüquqi əsas olacaq ki, bununla da qanunpozuntusuna yol verən şəxslərin, vəzifəli şəxlsərin cəzalandırılmasına nail ola biləcəklər.
Düşünürəm ki, bu dəyişikliklər jurnalistlərin reputasiyasının möhkəmləndirilməsinə xidmət edə bilər. Bircə o qalır ki, icra olunsun.
Samir Feyruzov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.