AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəni, torpağı hər kəsdən çox sevirdi, vüsalı da Vətən oldu

  • + A
  • - A
  • 10-01-2021, 10:49


    Bir ilə yaxın idi ki, toy hazırlığı görürdü Mədinə xala. Əzizləyib, oxşayırdı hər gün Vüsalının xına xonçalarını, bəy paltarını. Kənddəki ata evini təmir etdirib balasına bəy otağı bəzəyirdi. O, Mədinə xalanın beş övladının ortancılı idi. Ailədəki iki qız, iki oğlan ailə qursa da, Vüsal hələ tələsmirdi, təhsilim bitsin, kursumu tamamlayım, xidmətimi edim ailə quraram, – deyirdi. Vüsalının vüsalını görmək istəyən Mədinə ana ilə İslam kişi o günü həsrətlə gözləyirdilər. Vüsal isə hər məzuniyyətə gələndə kurslarda, təlimlərdə təltif edildiyi ordenləri, medalları gətirib anasının sinəsinə taxır, bax bütün bu medalları, ordenləri sənin sayəndə almışam. Sən məni vətənpərvər böyütməsəydin, mən uğur qazana bilməzdim. Bunlar sənin haqqındır, ana, – deyirdi.

    Bütün bunları qonağı olduğum şəhid ailəsində – Vüsal İslam oğlu Vəliyevin ruhunun işığına toplaşdığımız bir ocaqda öyrənirəm.
    Həmsöhbət olduğum Mədinə ana ürək yanğısı ilə danışır :
    – Övladlarımın hamısı əzizdir, mənə. Vüsalım isə tamam başqa idi. Göz bəbəyim idi o. Hər səhər zəng vurur, səsini eşitməyəndə gücüm tükənir, səsin mənə güc verir, – deyirdi. O qədər həssas idi ki, ailəsinə qarşı... Aprel döyüşlərində yaralananda heç birimizə xəbər verilməyini istəməmişdi. Bir böyük oğlum Apoş gedib Gəncədə hospitalda onu görmüşdü. Ona da bərk-bərk tapşırmışdı ki, bilməsin atamgil. Hər məzuniyyətə gələndə elə həvəslə danışırdı ki, əsgərlərimizin təlimlərdəki uğurlarından. Deyirdi, ana, mütləq geri alacağıq torpaqlarımızı. Səni Şuşaya, oradan da Kəlbəcərə, İstisuya aparacağam. Oradakı bulaqlar min dərdin dərmanıdır. Vətən müharibəsi başlayan gündən hər gün gözüm telefonda qaldı, hamı zəng vurdu, ondan soraq gəlmədi. Gecə-gündüz əlimi Uca Tanrıya tutub dua elədim, xalqımızı, oradakı balalarımızı qoru, başımızı dik, alnımızı açıq et, Allahım, – dedim. Atası ondan xəbər gəlmirdi deyə, çox təlaşlanırdı, əlaqə saxlaya bilmirdi. Şəhidlər Naxçıvana gəldikcə fikrə dalır, Allaha əmanət olsunlar, – deyirdi. Heç vaxt mənə bildirmirdi fikirli olduğunu. Günün çoxunu Vüsalın ev tikdirmək üçün aldığı dirrik yerində keçirirdi. Mənə deyirdi ki, fikir eləmə, o, qoçaq oğlandır, indi aslan kimi döyüşür, sağ-salamat qayıdacaq. Amma hiss edirdim ki, ömür-gün yoldaşım Vüsalın müharibədə itkin düşməyindən bərk nigarandır. Bu ona niskilli uşaqlığını xatırladırdı. Axı o, üçgünlük olanda atası İkinci Dünya müharibəsində itkin düşmüşdü. Elə, bəlkə də, bu fikir onun ürəyinin dayanmağına səbəb oldu. Vüsal üçün xəyallar qurduğu – evi bu tərəfdən tikərik, ay oğul, üzü gündoğana tikilən ev yaxşı olur. Həyətə də bağ salarıq, – dediyi həyətdə də həyatla vidalaşdı. Həyat yoldaşımı itirəndə Vüsaldan hələ xəbər olmasa da, ürəyim hiss edirdi ki, o yaşayır, hələ də döyüşür. Həmin gün isə (noyabrın doqquzu), sanki od düşmüşdü ürəyimin başına, özümə yer tapa bilmirdim. Həmin vaxt bir anlıq səs gəldi, sanki kimsə məni şəhid anası deyə səslədi, tez çölə çıxıb həyətə boylandım. Heç kim yox idi. Bircə ağ göyərçin gəlib qonmuşdu qapımıza. Sinəsi yaralı bir göyərçin. Sonradan bildim ki, həmin an balam şəhid olub. Bəlkə də, elə həmin ağ göyərçin Vüsalımın ruhu imiş. Sülh tərəfdarı idi axı balam. Oğlumun cənazəsi gələn gün də gəlmişdi həmin ağ, yaralı göyərçin.

    Vüsalımın cənazəsi gələn günü mənə xəbər verdilər onun şəhid olduğunu. O an ağlımdan ilk keçən onu kim qarşılayacaq fikri oldu. İki oğlum var, qohum-qonşum çox olsa da, atası yox idi. İslam sağ olsa, balamı özü qarşılayardı, – dedim. Öyrənəndə ki, elimizin əziz ağsaqqalı – Ali Məclisin Sədri şəhidləri özü şəxsən qarşılayıb, yanan ürəyim az da olsa, sakitləşdi. Vüsalım atasız qarşılanmadı, – dedim. İgidimi ocağımıza gətirəndə evimizi toy evi kimi bəzədim, yoluna qırmızı xalça sərdim. Toy çaldırdım balama. Sən şəhidlik köynəyini bəy paltarından üstün tutdun. Vətənini öz yarından, anandan, bacından çox sevdin, Vüsalım, – dedim.
    Apoş Vəliyev (qardaşı): – Vüsalın ən böyük arzusu Vətənin bütövlüyü idi. O, dünyaya göz açdığı il elimizin üstünü qara buludlar almışdı. Uşaqlığı mənfur düşmənin atdığı mərmi səslərini, Vətən uğrundakı döyüşlərdə canından keçən igidlər haqqında hadisələri dinləməklə keçmişdi. Uşaqlıq arzusu idi hərbçi olmaq. Vətən müharibəsi başlayandan bir neçə gün sonra ondan xəbər ala bilmədik. Qəlbimizi şübhə didirdi ki, yəqin Murov əməliyyatında itirdik onu. Amma son ana kimi ümidli idim. Onunla son yazışmamızda, hər şey yaxşıdır, özünüzdən muğayat olun, narahatçılığa gərək yoxdur, yazmışdı. O, həmlə batalyonunun komandiri idi. Vaxtilə Polad Həşimov kimi zabitlərdən öyrənmişdi hərb sənətinin sirlərini. Həmişə deyirdi ki, mən əsl generalın tələbəsiyəm. İyunda baş verən təxribatda Polad Həşimovun şəhid olmasından çox sarsılmışdı. Onun qisasını almağa can atırdı. Fürsət tapıb Bakıya gələndə onun məzarına gedir, əziz generalımız, qisasınızı almadan bu dünyada bizə rahat nəfəs almaq haramdır, – deyirdi. O, hərbçi olmağı o qədər sevirdi ki, yaralansa belə, ordudan təxris olmadı. Qələbəyə böyük ümid bəsləyirdi. Ali Baş Komandanın rəhbərliyi ilə qaytaracağıq Qarabağı, – deyirdi hər dəfə söhbətləşəndə. Hərdən ona, sanki sən Şuşada dünyaya gəlmisən, o qədər sevirsən ki Qarabağı, elə bil qarabağlısan, – deyərdim zarafatla. O isə həmişə gülümsəyib cavab verərdi: – Vətənin o başı, bu başı olmaz. Naxçıvan da, Şuşa da, Qarabağ da, bütöv Azərbaycan bizimdir. O, şəhidlik şərbətini də elə çox sevdiyi Şuşada içdi. Vüsalın şəhid olma xəbərini eşidən gündən zabit yoldaşları, dost-tanışları, əsgərləri hər gün mənə zəng vurur, yazır, onun igidliyindən danışırlar. Qardaşımın cənazəsini görəndə düşündüyümdən də igid biri olduğuna şahidlik etdim. Qolunda və ayaqlarında sarğı olduğundan onun yaralı-yaralı döyüşdüyünü bildim. Yoldaşları yaralı olmasına baxmayaraq, döyüş meydanını tərk etmədiyini hər dəfə qürurla dilə gətirirlər.
    Zabit yoldaşı Qəzənfər Dünyamalıyev deyir ki, bu gün həyatdayamsa, bunu döyüş yoldaşım Vüsala borcluyam. O məni yaralı vəziyyətdə öz həyatını təhlükəyə ataraq səngərdən çıxarıb. Yeddi kilometr yolu çiynində daşıyıb. O yaralansa da, heç vaxt geri çəkilmədi, həmişə irəli, ardımca dedi.
    Vüsalın cənazəsini Naxçıvana gətirəndə Ali Məclisin Sədri hava limanında şəxsən qarşıladı. Doğma atamız kimi dərdimizə şərik oldu. Atamın yoxluğunu bizə hiss etdirmədi. Bizim, bütün şəhid ailələrinin bircə istəyi və bir təsəllisi var: əzizlərimizin xatirəsinə ehtiramla yanaşılsın, onlar unudulmasın. Bütün bu sadaladıqlarıma isə mən burada – doğma yurdumda bir daha şahid oldum. Naxçıvanlılar öz doğması kimi qarşılayır şəhid balalarını, onlara el ağlayır, onlarla hamı qürur duyur.
    Tural Vəliyev (qardaşı): – Bizim aramızda az yaş fərqi olduğu üçün əkiz kimi idik. Həmişə hər yerə bir gedər, birlikdə oyun oynayar, məktəbdə də bir-birimizdən ayrılmazdıq. Onun yüksəldiyi zirvə həmişə arzusunda olduğu bir zirvə idi. Vüsal Heydər Əliyev adına Hərbi Liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini də uğurla tamamladı. Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücumda Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabrda Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. O, hərbi xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən isə “Vətən uğrunda” medalı ilə təltif edilib. Mən bir şəhid qardaşı kimi ailəmiz adından dövlət başçısına və muxtar respublikamızın rəhbərinə bu diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

    Azərbaycan əsgərinin dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissi ilə döyüşə atıldığı, tarixi ədalətin bərpa edildiyi 44 günlük Vətən müharibəsində candan öncə Vətən deyən, sinəsini düşmən gülləsinə sipər edən oğullarımızın sayəsində tarixə yazıldı Vətən savaşı. Hər bir əsgər aslan kimi döyüşdü, Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Vətəndən daha əziz, daha yüksək heç nə yoxdur. Belə Vətən sevgisi görməmişdi dünya dünya olanı. Vüsal kimi yüzlərlə igid Azərbaycan oğlu öz canı bahasına vüsalına – Vətəninə qovuşdurdu 30 ildir, torpaq həsrəti ilə yanan ürəkləri. Özləri isə xalqımızın ürəklərdə sönməyən məşələ döndülər.

     Ramiyyə ƏKBƏROVA



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR