Bakının Murtuza Muxtarov küçəsində yerləşən Axund Hamamı satışa çıxarılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yerləşdirilir.
Belə ki, bina yerli əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilib. Lakin Mədəniyyət Nazirliyi tərəfindən binanın üzərində quraşdırılmış müvafiq lövhə götürülüb.
Murtuza Muxtarov küçəsi 141 ünvanında yerləşən Axund Hamamı hamamı 1885-ci ildə tikilib. Türkiyəli memar və sənətkarlar tərəfindən əsaslı təmir olunan bina 2013-cü ilin avqust ayından təyinatı üzrə fəaliyyət göstərir. Yerli əhəmiyyətli memarlıq abidələri siyahısında 19-20-ci əsrlərə aid edilən bina 3706 inventar nömrəsi ilə qeydiyyata alınıb.
Bununla belə, Axund Hamam hamamının şəxsi mülkiyyətdə olması ilə bağlı məlumatlar var.
Sosial şəbəkələr abidənin 2019-cu ildən 1,7 milyon manata satışa çıxarıldığını iddia edirlər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Murtuza Muxtarov küçəsində yerləşən obyekt Azərbaycan Respublikasının memarlıq abidəsidir:
“Tarixi bina şəxsi mülkiyyətdədir. Məlumat lövhəsinin abidədən götürülməsi ilə bağlı məlumatımız var. Məsələ araşdırılır. Nişan öz yerinə bərpa olunacaq. Təəssüf ki, abidələrə də oxşar münasibətlə tez-tez rastlaşırıq. Biz bir daha bütün vətəndaşları, tarixi abidələrə sahib olan və ya onlardan istifadə edən şəxsləri tarixi irsimizin qayğısına qalmağa və abidələrin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasını tələb etməyə çağırırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.