İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Roadshow” layihəsi ilə ölkənin startaplarına dəstək göstərməyə davam edir. Belə ki, layihə çərçivəsində 28 – 30 oktyabr tarixlərində San-Fransiskoda keçiriləcək və dünyanın ən prestijli texnologiya tədbiri hesab olunan “TechCrunch Disrupt 2024” sammitində Azərbaycandan beş startapın (“Polygraf AI”, “iomete”, “Dosty”, “Recepta”, “Adviad”) iştirakı nəzərdə tutulub.
Sammitdə Azərbaycanı təmsil edən startaplardan biri “Recepta” “Startup Battlefield” müsabiqəsinin seçim mərhələsindən uğurla keçərək müsabiqədə iştirak hüququ əldə edib. Builki müsabiqənin ilkin mərhələsinə 200 startap qatılacaq, final mərhələdə isə 20 startapın investorlar önündə təqdimatı (“pitching”) baş tutacaq. Qalib komanda 100 000 dollar məbləğində mükafat alacaq.
“Recepta” startapı kağız qəbzlərə olan tələbatı minimuma endirərək, ətraf mühitin qorunmasına və “yaşıl dünya”ya keçidi mümkün edən həllər təklif edir. Sammitdə iştirak edəcək digər Azərbaycan startapları süni intellektlə bağlı risklərin qarşısının alınması və aşkarlanması (“Polygraf AI”), data idarəetməsi (“iomete”), ev heyvanlarının baxımı ("Dosty") və hərtərəfli rəqəmsal marketinq (“Adviad”) həlləri təklif edir.
Qeyd edək ki, “Roadshow” layihəsi Azərbaycanın startap ekosistemində fəallığı ilə seçilən startapların ən nüfuzlu beynəlxalq tədbirlərdə iştirakına dəstək olmaq məqsədilə həyata keçirilir. Son iki il ərzində Azərbaycan startapları “TechCrunch Disrupt”la yanaşı, “Web Summit” , “Latitude 59”, “Money 20/20”, “Pirate Summit 2023”, “4YFN Barcelona 2024” və “GITEX” kimi nüfuzlu sammit və konfranslarda iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.