AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qürur Tariximiz” adlı tədbir keçirilib

  • + A
  • - A
  • 27-09-2024, 07:30

    27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qürur Tariximiz” adlı tədbir keçirilib

    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qürur Tariximiz” adlı tədbir keçirilib.

    Tədbirdə giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq Şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 4 il arxada qalır.

    Daha sonra Geologiya fakültəsinin Kristalloqrafiya və mineralogiya kafedrasının müdüri, dosent Kərim Rəhimov çıxış edərək Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

    Daha sonra Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev çıxış edərək Zəfər tariximizin başlanğıcı olan Anım gününün əhəmiyyətindən bəhs etdi. Düşmənin müharibənin ilkin günlərində etdiyi hədələrdən danışaraq, onların "əgər müharibə davam etsə, tanklarımız bakıda olacaq" sözlərini yada salan Ələkbər müəllim, onların bu arzularının gerçəkləşdiyini, bugün hərkəsin onların hərbi texnikalarını Bakının mərkəzində, Hərbi Qənimətlər parkında görə biləcəyini diqqətə çatdırdı. Xüsusilə Vətən müharibəsində xalqımızın qəhrəman oğullarının Vətən keşiyində durmaq üçün cəbhəyə necə can atdıqlarını diqqətə çatdırdı. Qarabağ Azərbaycandır! şüarı altında monolit qüvvə kimi toplaşan xalqımızın şücaətindən bəhs edərək, bundan sonrakı qələbələrimizin Zəngəzur Azərbaycandır! Göyçə Azərbaycandır! İrəvan Azərbaycandır! şüarları altında olmasını dilədi.

    Tədbirdə iştirak edən Geologiya fakültəsinin tələbələri, II Qarabağ Müharibəsi qazisi Musa Abbasov və Ruslan Əhmədov öz çıxışlarında müharibələrdə göstərdikləri qəhrəmanlıqlar, müharibə psixologiyasından və döyüş təcrübələrindən ətraflı məlumat veriblər.

    Bədii hissədə isə Geologiya fakültəsinin tələbələri Səma Ənnəqiyeva, Tunar Tağızadə, Ülvi Şirinov və Rəvan Məmmədov çıxış ediblər.

    Tədbir Anım Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR