AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dostlarımızı və bədxahlarımızı tanımaq zamanıdır!

  • + A
  • - A
  • 5-10-2024, 11:45

    Dostlarımızı və bədxahlarımızı tanımaq zamanıdır!

    Ülvi Quliyev,
    Milli Məclisin deputatı


    Azərbaycana qarşı yönələn təzyiq və təhdidlər son vaxtlar o dərəcədə eybəcərləşib ki, buna reaksiya verməmək və ya hiddətini gizlətmək mümkün olmur. Sözdə ərazi bütövlüyü və suverenliyimizə guya hörmətlə yanaşdıqlarını bəyan edən ayrı-ayrı dairələrin siyasi riyakarlığı elə iyrənc həddə çatıb ki, bəzən ən kəskin söz belə, onlara münasibətdə yetərli və adekvat görünmür. Səbəb də çox sadədir. Çünki, Azərbaycana gəldikdə, bu dairələrin sözü ilə əməli üst-üstə düşmür, sanki beynəlxalq hüquqa bəslənilən ictimai inama bilərəkdən kölgə salınır.

    Avropa Şurası Parlament Assambleyası (AŞPA), bir tərəfdən bəyan edir ki, təşkilat ümumbəşəri dəyərlər seçiminə sadiqdir, ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı prinsipi guya onun üçün prioritetdir. Digər tərəfdən, elə bu təşkilat oktyabrın 1-də Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersenin təşəbbüsü ilə “Dağlıq Qarabağda insan hüquqlarının vəziyyəti” adlı süni mövzu ətrafında müzakirələrə şərait yaradır. AŞPA-da bu təşəbbüsü dəstəkləyən deputatlar “Dağlıq Qarabağ” terminindən istifadə etməklə, əslində, ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almış olurlar. Amma həmin deputatlar o qədər də məlumatsız və təcrübəsiz deyillər ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati-ərazi vahidinin de-fakto və de-yure mövcud olmadığını bilməsinlər. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bilə-bilə şübhə altına alanlar təkcə Azərbaycana qarşı hörmətsizlik etmirlər, onlar, ilk növbədə, təşviq etdikləri dəyərlərə bəslənilən ictimai inamı sarsıdırlar.

    İkinci Qarabağ müharibəsindən və xüsusilə ötən ilin antiterror tədbirindən sonra ayrı-ayrı beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da Azərbaycan əleyhinə aparılan qərəzli müzakirələr əyani şəkildə göstərdi ki, etnik və dini təəssübkeşlik kimi cahil arqumentlərə söykənən riyakar mövqe bu qurumların dəyərlərinə çoxdan kölgə salıb. Deputat Frank Şvabenin təşəbbüsü ilə ölkəmizin nümayəndə heyətini səsvermə hüququndan məhrum edən, yaxud deputat Liz Kristofersenin təklifi ilə “Dağlıq Qarabağda insan hüquqlarının vəziyyəti” adı altında süni müzakirələrə şərait yaradan bir təşkilat hansı haqla ümid edə bilər ki, Azərbaycan suveren hüquqlarına təhdid cəhdlərini sükutla qarşılayacaq və onlara heç bir reaksiya verməyəcək?

    Beynəlxalq hüquqa zidd olan bu cür mühakiməni artıq davranış tərzinə çevirənlər özləri-özlərini aldadaraq hələ də inanırlar ki, Ermənistana qəbul etdirdikləri vassallıq missiyasını başqalarına da sırıya biləcəklər. Elə bu səbəbdən, ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adı altında keçirilən qərəzli dinləmələrin ardınca ABŞ Dövlət katibinin köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında verdiyi bəyanatlar təəccüb doğurmamalıdır. Onun “ABŞ Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməyə davam edir” fikri də ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyin ifadəsidir. Bu, Vətən müharibəsinin hələ ilk günlərində Fransa Prezidenti Emmanuel Makronun səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa zidd olan cəfəng bəyanatına dolayısı ilə dəstəyin ifadəsidir. “Dağlıq Qarabağın süqutu” və ya “Dağlıq Qarabağda insan hüquqları” kimi ifadələri beynəlxalq leksikona aktiv şəkildə sırımaq istəyənlərin mövqeyi ona dəlalət edir ki, ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı prinsipi əsasında ədalətli və layiqli sülhə çağırışların arxasında əksər hallarda əməli niyyət dayanmır. Prezident İlham Əliyev elə bu səbəbdən sentyabrın 6-da nüfuzlu Cernobbio Forumundakı çıxışında bəzi siyasi mərkəzlərin ölkəmizə qarşı açıq-aşkar ayrı-seçkilik etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı:

    “Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik”.



    Lakin görünən odur ki, bəzi dairələr ölkəmizin suverenliyinin bərpası reallığı ilə hələ də barışa bilmirlər. Zaman ötdükcə cəmiyyətimizdə o əminlik də artır ki, Azərbaycanın öz daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda apardığı irimiqyaslı bərpa-quruculuq işləri qardaş və dost ölkələri nə qədər sevindirirsə, suverenliyimizin bərpasını həzm edə bilməyən dairələri bir o qədər məyus edir. Çünki Azərbaycan bu işləri görərkən bir çox beynəlxalq maliyyə institutlarını öz təsiri altında saxlayan həmin dairələrə müraciət etmir, onlardan kömək istəmir, ən başlıcası, özünü borclu və asılı vəziyyətə salmır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirakı bədxahlarımıza həm də onun mesajıdır ki, təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan Böyük Qayıdış Proqramını daha böyük əzmlə davam etdirəcək və suveren hüquqlarından heç vaxt imtina etməyəcək. Açılış tədbirinin məhz Cəbrayıl Şəhəri Günündə keçirilməsi, Prezident İlham Əliyevin tədbirdəki çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanı qərəzli şəkildə hədəf seçənlərə ən tutarlı cavabdır:
    Ətraflı

    “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına... Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir”.

    Cəmiyyətimiz üçün artıq o da sirr deyil ki, başqalarının oyununda alət olmağa vərdiş etmiş, hər an sahibini dəyişməyə hazır olan Ermənistanı silahlandıranlar onu yenidən təhlükəli yola sövq edirlər. Amma bu, Ermənistana heç bir halda haqq qazandırmır. Çünki, maşa olmaq rolunu könüllü şəkildə özü seçib. Prezident İlham Əliyev Ermənistanı və onu silahlandıran hamilərini, Cənubi Qafqazı qlobal toqquşma məkanına çevirməklə burada söz sahibi olmağı arzu edənləri bir daha xəbərdar etdi:

    “Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları!”

    İstər bəsit erməni sevdasına görə, istərsə də cahil təəssübkeşlik zəminində Ermənistanın arxasında dayanan siyasi mərkəzlər, nəhayət, etiraf etməlidirlər ki, Azərbaycan ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk qrupundan imtina olunması ilə bağlı tələbində tam haqlıdır. Yalnız bu tələblərin reallaşması ədalətli və dayanıqlı sülhə xidmət edə bilər. Əgər bəzi dairələrin sözü ilə əməli üst-üstə düşmürsə, bu, sülh fürsətinə vurulan zərbə deməkdir. Bunu görməmək sadəlövhlükdür. Əgər kimsə hesab edirsə ki, Azərbaycan xalqının üzləşdiyi riyakar ayrı-seçkiliyə qarşı dözümü hüdudsuzdur, bu da növbəti və bağışlanılmaz sadəlövhlükdür!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR