AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRİA COP29 çərçivəsində “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda tədbir keçirib

  • + A
  • - A
  • 18-11-2024, 13:56

    İRİA COP29 çərçivəsində “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda tədbir keçirib

    COP29-un Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda tədbir keçirilib.
    Açılış nitqi ilə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva bildirib ki, rəqəmsallaşma və innovasiyaların dayanıqlı tətbiqi ilə qurum son iki ildə ətraf mühitin qorunmasına müsbət töhfə verən rəqəmsal məhsullar ərsəyə gətirib. Daha sonra İRİA-nın sədr müavini Şahin Əliyev Azərbaycanın rəqəmsal inkişaf strategiyasının vektorları, əldə edilən nailiyyətlər və yaxın perspektiv üçün qarşıda duran məqsədlərdən bəhs edib. Ş. Əliyev rəqəmsallaşmada əməkdaşlığın önəmini vurğulayaraq bu prosesin böyük miqyasda reallaşması üçün digər dövlət qurumları ilə intensiv koordinasiyanın vacibliyini vurğulayıb.
    “Kağızsız Hökumət”in iqlim fəaliyyəti kontekstində əhəmiyyətinə toxunan Agentlik rəsmisi növbəti 3 ildə qurumlararası əməliyyatların 80%-nin rəqəmsal mühitə keçidi istiqamətində böyük işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Növbəti 3 ildə ‘mygov’ üzərindən 10 həyat hadisəsinin aktiv edilməsi, ölkə üzrə ‘digital.login’dən istifadənin, habelə hökumət xidmətləri üçün ödənişlərin 100%-ə çatdırılması hədəflənir ”, - deyə Şahin Əliyev qeyd edib.

    Tədbirin davamında İRİA-nın sədr müavini Rəşad Xalıqov Azərbaycanın rəqəmsal hökumət məhsullarının ətraflı təqdimatı ilə çıxış edib. Təqdimatında o, bu rəqəmsal həllərin xüsusilə ətraf mühitin qorunmasına verdiyi töhfələrə diqqət çəkib. O bildirib ki, “digital.bridge” Milli Məlumat Mübadilə sistemi kağız istifadəsini azaldır, effektivliyi artırır və rəqəmsal dövlət xidmətlərini daha da əlçatan edir. O, həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi ilə ildə 2 000, “digital.bridge” sayəsində isə ildə 10 000 ağacın qorunduğunu qeyd edib. “mygov” haqqında danışarkən R. Xalıqov bu platformanın vətəndaşmərkəzli rəqəmsal xidmət olduğunu vurğulayıb: “Daha əvvəl biz xidmətyönümlü həllər yaradırdıq, indi isə yanaşmamızın əsasında məhz vətəndaşın rahatlığı, platformanın vətəndaş üçün adaptiv olması durur ”. O vurğulayıb ki, “mygov”da vətəndaşların sənədləri rahatlıqla əldə etməsi təmin olunur və bu da nəqliyyatdan istifadə edərək xidmət mərkəzlərinə gedilməsini minimuma endirir.

    Tədbirin interaktiv hissəsində İRİA-nın sədr müşaviri Salar İmaməliyevin moderatorluğunda İsrail Aerokosmik Sənayesi təşkilatının regional direktoru, marketinq və biznesin inkişafı üzrə menecer Dani Paslev ilə panel sessiyası baş tutub. Müzakirələr zamanı İsrailin qabaqcıl kosmik texnologiyasının Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının görüntülənməsində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR