AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır”

  • + A
  • - A
  • 21-11-2024, 12:51

    “YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır”

    İbrahim CƏFƏROV,
    Akademik


    Azərbaycan dövlətinin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının (YAP) 32 illiyindən bəhs edərkən ilk olaraq Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı yada düşür..
    Bəli, Yeni Azərbaycan Partiyası ölkə tarixinin olduqca ağır və keşməkeşli günlərində, Azərbaycanın ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalılarımızın təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar, ölkəni o ağır böhran vəziyyətindən çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Əlbətdə ki, öz sıralarını kəmiyyət, həmçinin keyfiyyət baxımından gündən-günə möhkəmləndirən YAP illərin sınağından yüksək uğurla çıxdı, dövrün tələbinə uyğun olaraq təkmilləşməyə davam edir. YAP tutduğu yola,  əqidəsinə sadiq təşkilat olduğunu arxada qalan müddətdə gördüyü işlər, ölkədə aparılan quruculuq işlərindəki uğurlu fəaliyyəti ilə təsdiqlədi və təsdiqləməyə də davam edir.

    Ümummilli Liderin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən qısa zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Heydər Əliyev eyni zamanda cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün də dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
    Ölkə ziyalılarının-“91-lər”in müraciətinə cavabında Ulu Öndər Heydər Əliyev bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratik prinsiplərə və  siyasi plüralizmə nail olmaq üçün Yeni Azərbaycan  Partiyasının yaradılması obyektiv zərurətdən doğur: Belə partiya  Azərbaycanın ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında  tarixi rol oynaya bilər. Əgər belə  partiya  yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

     Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin  partiyanın qurultayında da söylədiyi kimi, “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur” - deyə olan fikirləri, çətin şəraitdə yarandığına baxmayaraq, qısa müddət ərzində, Azərbaycan xalqının inam və etimadını qazanaraq iqtidar partiyası kimi fəaliyyət göstərən YAP-ın keçdiyi yolun təqdimatı idi. Ulu Öndər o dönəm məhz, YAP-ın ətrafında toplaşan insanlarla birlikdə  ölkəni  parçalanmaqdan, bölünməkdən, həm də vətəndaş müharibəsindən xilas etdi. 
    Qeyd edim ki, 32 ildə YAP ölkəmizin inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələri ilə daim diqqətdə olub. YAP-ın Proqramında əksini tapan hədəflərdən biri və başlıcası ərazi bütövlüyümüzün bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etmişdir və cənab İlham Əliyev də böyük Zəfərlə bu etimadı bir daha doğrultdu.
    Diqqətə çatdırım ki, Yeni Azərbaycan Partiyası son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.
    Hal-hazırda, YAP-ın 730 354 üzvü var. “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

    Azərbaycan cəmiyyətinin əsas qüvvəsi olan, ölkəmizin hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul olunan bütün qərarlar bir sonrakı mərhələdə ölkəmizin, partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır, həmçinin ictimai-siyasi həyatımıza yeniliklər gətirir. Bütün bunlarla yanaşı, güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün Yeni Azərbaycan Partiyası hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Azərbaycan dövlətinin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Eyni zamanda, beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər ölkəmizə çoxlu sayda tərəfdaş qazandırır. Təbii ki, bütün bunlar Beynəlxalq tendensiyaları nəzərə alan adekvat inkişaf yoludur. Bir sözlə, YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR