Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsinədə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhərdən kəndə-səyyar intellekt marafonu” layihəsinin final mərhələsi keçirilib.
QHT.az xəbər verir ki, Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında yeniyetmə və gənlərin iştirakı ilə intellektual oyunların keçirilməsini nəzərdə tutan layihənin final mərhələsinin tədbiri Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində təşkil edilib.
Final mərhələsində Rustov kəndininin “Zəfər”, Çiçi kəndinin “Qartallar”, Dağlı kəndinin “Ekipaj”, Küpçal kəndinin “Zəfər” , Susay kəndinin “Susay”, Digah kəndinin “Uğur”, Qımılqışlaq kəndinin “Qımılqışlaq”, Əliməmmədoba kəndinin “Ultimatum”, İkinci Nügədi kəndinin “Azman”, Birinci Nügədi kəndinin “İntellekt”, İsnovqışlaq kəndinin “Zirvə”, Mirzəqışlaq kəndinin “Zəka”, Zərdabi qəsəbəsinin “İstiqlal”, Barlı qəsəbəsinin “Viktoriya”, Alekseyevka kəndinin “RT-Team” və Quba şəhərinin “İntellekt” komandaları tərkibində 80 nəfər yeniyetmə və gənc iştirak edib.
Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan coğrafiyasının, flora və faunasının, tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin, tarixi şəxsiyyətlərinin, mədəniyyət və incəsənət xadimlərinin təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.
Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev bu yarışın yeniyetmə və gənclərin təhsilə, oxuyub-öyrənməyə marağının artırılmasında, vətənpərvərlik tərbiyəsinin yükəldilməsində, Vətənimizin təbliğində böyük əhəmiyyəti olduğunu qeyd edərək təşkilatçılara belə tədbirlərin təşkil edilməsinə görə minnətdarlığını bildirib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin gənclər sektorunun müdiri Mənsur Ağayev öz çıxışında gənclər və idman nazirliyinin bu kimi layihələrə daim dəstək verdiyini və bu cür tədbirlərin gənc nəslin məntiqi təfəkkürünün inkişaf etdirilməsində, ünsiyyət bacarıqlarının, komandada işləmə qabiliyyətinin inkişaf etdirilməsində müstəsna əhəmiyyət daşıdığını qeyd edib.
Rəsmi hissədən sonra keçirilən Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə final mərhələsində Quba rayonunun Zərdabi kəndini təmsil edən “İstiqlal” komandası qalib adını qazanıb. Küpçal kəndinin “Zəfər” komandası ikinci, Susay kəndinin eyniadlı komandası isə üçüncü yeri tutub. Yekunda qalib və mükafatçılar kitab hədiyyələri, diplom, medal və kubokla təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsndə Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında keçirilən intelektual yarışlarda ümumilikdə, Quba rayonunun 72 kənd və qəsəbəsində yaşayan və təhsil alan 442 nəfər yeniyetmə və gənc iştirak edərək bəhrələnib.