AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? – ŞOK ADLAR

  • + A
  • - A
  • Dünən, 23:40

    “Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? – ŞOK ADLAR

    Bir atalar sözündə deyilir ki, müftə pendir tələdə olur. Bu müdrik kəlam Qərbin qrant və yardım siyasətini tam mənası ilə ifadə edir. ABŞ və Avropa İttifaqının ölkələri özündən asılı vəziyyətə salmaq və onlara təzyiq mexanizmləri formalaşdırmaq üçün bu məsələni daim işlək vəziyyətdə saxlayır.

    Müxtəlif fondlar vasitəsi ilə həyata keçirilən bu siyasət Azərbaycanda da özünün “bəhrəsini” verib. Qrant dəllalları illərdir xaricdən gələn milyonlarla dollar (avro) vəsaiti mənimsəməklə məşğuldurlar. Azərbaycanda bunun qarşısının alınması, qanunsuz pul axınının neytrallaşdırılması üçün ciddi işlər görülür. Qanunlar sərtləşdirilir, qadağalar qüvvəyə minir və s.

    Təkcə vətəndaş cəmiyyəti institutları deyil, həm də dövlət orqanlarının xarici ölkələr və təşkilatlardan qrantlar alması heç kimə sirr deyil. Bu qrantlar hara xərclənir, necə istifadə olunur?

    Qrantverənlərlə qrantalanlar arasında sövdələşmə olması və qrantın bölünərək mənimsənilməsi zamanı ciddi maxinasiyalara yol verilir.

    Azərbaycanda xaricdən ən böyük qrant və yardım alan strukturlardan biri Qaçqın və Məcburi Koçkünlərlə iş üzrə Dövlət Komitəsidir. Bu qurumun yardım ənənəsinin olması 1990-cı illərə gedib çıxır. Həmin illərdə erməni ekstremistlərinin əli ilə dədə-baba torpaqlarından zorla çıxarılan milyondan artıq qaçqın və məcburi köçkünün problemlərini həll etmək üçün yardıma ehtiyac yaranmışdı. Bu cür humanitar böhranlar zamanı xarici xüsusi xidmət orqanları fəaliyyətə keçir. Belə dəhşətli böhran onlara münbit şərait yaradır. Müxtəlif adlarla missiyalarına başlayırlar. Eləcə də xarici ölkələrin müxtəlif strukturları da bu şəraitdən məharətlə istifadə edir. Nəticədə həm sadə vətəndaşların hissləri istismar edilir, onları ələbaxımlı edirlər, həm də yardım, qrant verdikləri təşkilatların üzərində təsir imkanları artır. Bu isə dövlətin təhlükəsizliyinə ciddi təhdid yaradır.

    Amma indi qaçqın faktiki yoxdur, öz torpaqlarından didərgin düşmüş insanlar doğma yurdlarına dönürlər. Digər tərəfdən dövlət də bu təbəqədən olan insanların ehtiyaclarını qarşılayır. Odur ki indi “Qaçqınkom”un qranta, yardıma daha ehtiyacı yoxdur.

    Buna baxmayaraq, bu qurum hələ də xarici təşkilatlarla, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə çoxsaylı yardım, qrant proqramları reallaşdırmağa davam edir.

    Aydındır ki, BMT nin özünün vəsaiti yoxdur və yardımlar müxtəlif donorların hesabına alınır və yönəldilir. Hazırda da dünyada iki böyük belə struktur var: ABŞ ın USAİD təşkilatı və Avropa İttifaqı. Bu strukturların ayırdığı vəsaitlərin də son məqsədinin nə olduğunu izah etməyə ehtiyac yoxdur.

    “Qaçqınkom”da ya bunu başa düşmürlər, ya da bu qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin burada xüsusi marağı var. Məsələn, “Qaçqınkom”un şöbə müdiri Sənan Hüseynovun və yaxınlarının bir neçə QHT-si var və bu qurumlar müntəzəm qaydada xaricdən böyük məbləğdə qrantlar alırlar. Vəsaitlər hara gedir, nəyə xərclənir, yəqin S.Hüseynovun özü yaxşı bilər.

    Bu strukturda çalışan digər İlham adlı şəxsin və onun həyat yoldaşının da müntəzəm qaydada qrant, yardım aldığı iddia olunur.

    Bu vəsaitlər hara gedir, hansı məqsədlərə xərclənir? Əvvəlki dövrdə olduğu kimi kəskin qaçqın problemi olmadığı halda “Qaçqınkom”un qrant və yardım əməkdaşlığı niyə günü-gündən şişir? Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və digər vəzifəli şəxslərinin bunda nə marağı var?

    Bu məsələlər xüsusi araşdırma predmetidir və aidiyyəti orqanların fəaliyyət sferasıdır.

    P.S. Eşitdiyimizə görə, dövlətin müvafiq orqanları artıq bu məsələ ilə maraqlanmağa başlayıblar.

    Tahir Turan
    Globalinfo.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR