Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.
Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycanda vətəndaşların, o cümlədən qızların və qadınların əlçatan, keyfiyyətli təhsil almaları, müxtəlif peşə və ixtisaslara yiyələnmələri, öz bilik və bacarıqları ilə insan kapitalını zənginləşdirməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Əlavə edib ki, ölkədə qızların təhsili, qadınların elmi araşdırmalarda və idarəetmədə iştirakı sürətlə dəyişən müasir dünyanın tələblərinə, yeni çağırışlara davamlı olaraq cavab verməkdədir.
Ali təhsil ocaqlarında təhsil alan, doktoranturada elmi tədqiqat işi ilə məşğul olan qadınların sayının artmaqda olduğunu diqqətə çatdıran E. Babayev, peşə və ixtisas seçimi işinin təhsilalanların istək və maraqlarına uyğun aparılması istiqamətində ciddi işlər aparıldığını vurğulayıb. Bildirib ki, qizların təhsili yalnız onların gələcək həyat rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir. Çıxışının davamında rektor BDU-da təhsil alanlarla bağlı müsbət statistik göstəriciləri diqqətə çatdıraraq, hazırda təhsil alan bütün tələbələrin 67%-nin, cari təhsil ilində Universitetə qəbul olanların isə 70%-nin qızlar olduğunu deyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsinə diqqət çəkib, Azərbaycan dövlətinin və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına dair gündəliklərin bir daha vurğulanmasında olduqca əlamətdar bir hadisə olduğunu qeyd edib: “Müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasının 30, suverenlik və ərazi bütövlüyümüzün bərpasının 5 illiyini qeyd etməyə başladığımız bu ildə əminəm ki, müstəqil dövlət quruculuğu sahəsindəki nailiyyətlərimiz milli və beynəlxalq miqyasda daha geniş nümayiş olunacaq və onun möhkəmləndirilməsi ili kimi tarixə düşəcək”.
Təhsilin hər bir insanın fundamental hüququ olduğuna diqqət çəkən Komitə sədri, qızların təhsilini yalnız fərdi inkişaf, ailə maraqları kontekstində deyil, həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil kimi gələcəyə qoyulmuş əhəmiyyətli bir sərmayə adlandırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları və məqsədyönlü islahatların, həyata keçirilən layihələrin insan kapitalının inkişafını təmin etməklə yanaşı qızların təhsil imkanlarının artmasına da geniş şərait yaratdığını vurğulayıb.
Ölkənin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayan B.Muradova, gənclərin, xüsusilə də yeniyetmə qızların təhsili, onların problemlərinin həllinə yönələn çoxsaylı layihələrin icra edildiyini bildirib.
B.Muradova, Ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacibliyini nəzərə alaraq, qızların təhsilinə dəstək kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə fəaliyyəti nəticəsində “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”nın təsis edildiyini bildirib. Layihənin ərsəyə gəldiyi andan cəmiyyətin böyük marağına səbəb olduğunu deyən sədr, gənc qızlarla yanaşı təhsil ictimaiyyəti, xüsusilə də korporativ sosial məsuliyyət məsələsinə ciddi önəm verən iş adamlarının prosesə yaxından qoşulduqlarını qeyd edib. O, Dövlət Komitəsinin tərəfdaşları ilə birgə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində reallaşdırılan digər istiqamətləri, eləcə də “Sən Tək Deyilsən” layihəsi, “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı haqqında ətraflı məlumat verib.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, qızların təhsilinə qoyulan sərmayənin həm də cəmiyyətimizin gələcək inkişafına qoyulduğunu bildirib. Dinamik və inklüziv cəmiyyətin formalaşdırılması baxımından qızların təhslinin vacibliyini qeyd edən deputat, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkib.
M.Vəliyeva bildirib ki, dövlətimizin milli inkişaf strategiyasının prioritet istiqamətlərindən olan qadın və gənclər siyasətinin təməlində həm də qızların inkişafı, onların təhsili, karyera məsələsi dayanır. O, erkən nikah və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişiklikləri xatırladaraq, bu dəyişiklikləri qızların inkişafına mühüm töhfə kimi qiymətləndirib.
Elmi təhsilin ən yüksək səviyyəsi adlandıran Bakı Dövlət Universitetinin Fizika fakültəsi Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, hər bir qızın təhsilini davam etdirərək, elmə töhfə verməli olduğunu deyib. Elm sahəsində qadınların iştirakçılığı ilə bağlı göstəriciləri səsləndirən S. Əbdülvahabova, qadınların sayının artmasını müsbət hal kimi qiymətləndirib.
Dövlət Gömrük Akademiyası, İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi, “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçısı Fidan Mehdiyeva, təhsilin qadının inkişafında rolundan danışıb, qızlara daha böyük nailiyyətlər naminə təhsillərini inkişaf etdirmələrini tövsiyə edib.
Şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı, “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçısı Vüsalə Əliyeva, ailədə övladların tərbiyəsi zamanı valideynlərin, xüsusilə də şəhid xanımlarının təhsilli olmasının önəmini vurğulayıb. “Sən tək deyilsən” layihəsində iştirakından danışan V.Əliyeva, ali təhsilə başladıqdan sonra özünə daha inamlı olduğunu qeyd edib.
Çıxışlar dinlənildikdən sonra konfrans bədii hissə ilə davam edib.
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək, təhsil ocaqlarında, akademik dairələrdə daha geniş auditoriyanın diqqətini qızların təhsilinə cəlb etmək, onların ictimai-sosial fəallığının artırılmasına dəstək olmaqdır.