Peşə təhsili müəssisələrinə 2025/2026-ci tədris ili üzrə tələbə qəbulu prosesinin başlaması ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib. İlk olaraq media nümayəndələrinə peşə təhsilindəki islahatlar, ümumi vəziyyət və cari ildə görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini həm tədrisin keyfiyyətində, həm də maddi-texniki bazanın müasirləşməsində göstərir.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov cari tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri qeyd edib ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32620 plan yeri üzrə aparılacaq, ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var.
Qeyd edək ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötür. Həmçinin cari ildə qəbul planına 10 yeni ixtisa əlavə edilib.
Peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.