QHT.az xəbər verir ki, 19–21 sentyabr 2025-ci il tarixlərində qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlar və onların ailə üzvləri üçün növbəti mühüm sosial layihə həyata keçirilib. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə ANA & BALA 7 Sağlamlıq Yay Düşərgəsi reallaşdırılıb.
Hemofiliyalı Xəstələr İctimai Birliyinin sədri Ayaz Hüseynov bildirib ki, düşərgənin ilk günündə Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkimi Dr. Ələmdar Cəfərzadə hemofiliya xəstəliyinə müasir yanaşmalar və ağrının idarə edilməsi mövzusunda seminar keçirib. Tədbirin sonunda iştirakçı uşaqlar və onların ailə üzvləri üçün tibbi müayinələr təşkil olunub.
Üç gün davam edən düşərgə çərçivəsində uşaqların asudə vaxtını səmərəli keçirməsi üçün idman yarışları, əyləncəli və maarifləndirici proqramlar da keçirilib. Bu tədbirlər uşaqların sağlam böyüməsinə, ailələrin maariflənməsinə və sosial inteqrasiyasına töhfə verib.
İctimai Birliyinin sədri Ayaz Hüseynov qeyd edib ki, ANA & BALA 7 Sağlamlıq Düşərgəsi, həssas qruplara aid olan, xüsusilə də əlilliyi olan 18 yaşadək uşaqların sanator-kurort müalicəsinə cəlb edilməsinin vacibliyini vurğulayan pilot layihədir. Layihə bu istiqamətdə dövlət qurumlarının dəstəyi ilə gələcəkdə daha geniş proqramların həyata keçirilməsinə zəmin yaradır.
Əsas məqsəd bilik və təcrübəni bölüşərək uşaqların sağlam və xoşbəxt böyüməsinə dəstək olmaqdır.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.