İnsanlar var ki, yaşa dolduqca dəyişirlər. Həyat onları sərtləşdirir, zaman duyğularını köhnəldir, illər ürəklərindəki uşağı yavaş-yavaş susdurur. Amma elə insanlar da var ki, ömür onların saçlarına dən salsa da, qəlblərindəki işığı söndürə bilmir. Əməkdar jurnalist, “Tərəqqi” medallı Əminə Yusifqızı məhz belə insanlardandır.
Bu il onun 75 yaşı tamam olur. Elə bir gündə dünyaya göz açıb ki, sanki taleyi əvvəlcədən yazılıb – 1 İyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə. Bəlkə də buna görədir ki, illər keçsə də, Əminə xanımın təbiətində o saf uşaq duyğusu, insanlara inam, dostluğa sədaqət və dəyişməyən səmimiyyət yaşayır. Onu tanıyanların hamısı bir fikirdədir: Əminə xanım qəlbini qoruya bilən nadir insanlardandır.
Yevlaxın isti nəfəsli küçələri, Kür qırağının adamları, rayon həyatının sevinci və qayğısı onun ömrünün ayrılmaz hissəsinə çevrilib. Uzun illər Yevlaxda nəşr olunan “Kür” qəzetinin redaktoru kimi fəaliyyət göstərən Əminə Yusifqızı region mətbuatında öz dəst-xətti ilə seçilib. O dövrdə rayon qəzetləri arasında “Kür” həm tirajına, həm dövrülüyünə, həm də oxucu sevgisinə görə ön sıralarda dayanırdı. Bu uğurun arxasında isə peşəsinə vurğun, yorulmaq bilməyən bir qadının əməyi dayanırdı.
Əminə xanım üçün jurnalistika sadəcə peşə olmayıb. O, qələmi missiya kimi qəbul edib. Hər yazısında insan taleyi, yurd sevgisi, zəhmət adamına hörmət duyulub. O, rayonun ictimai-siyasi həyatında da fəal iştirak edən ziyalı xanım kimi tanınıb. Harada yenilik vardısa, harada quruculuq işi görülürdüsə, orada onun addım izləri görünürdü.
Yadıma gəlir, Yevlaxda olduğum illərdə rayonun həyatından qəzetimiz üçün yazılar hazırlayırdım. O zaman yaxın qohumu Ulduz xanım İcra Hakimiyyətində işləyirdi. Rayon rəhbəri məni ona tapşırmışdı. Obyektləri birlikdə gəzir, insanlarla görüşürdük. Həmin günlərin birində Əminə xanım da bizə qoşuldu. Yevlaxı elə sevə-sevə göstərirdi ki… Hər yeni tikiliyə, hər abad küçəyə, hər quruculuq işinə doğma bir adam kimi sevinirdi. Sanki şəhərin hər uğurunda onun da payı vardı. Elə vardı da…
Çünki Əminə Yusifqızı yalnız qəzet səhifələrində deyil, insanların yaddaşında da iz qoymağı bacaran qələm sahibidir.
Onun həyatının təməlində isə böyük ailə tərbiyəsi dayanır. Əminə xanım çoxuşaqlı ailədə böyüyüb. Anası Nazxanım Səfərova ömrünün 70 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edən, adı ehtiramla çəkilən Qəhrəman Ana olub. Atası Yusif kişi sadə sürücü işləsə də, rayonun sayılıb-seçilən insanlarından biri kimi tanınıb. Bu ailədə zəhmətə hörmət, insan sevgisi və dürüstlük həyat qanunu idi. Əminə xanım da həmin ocağın işığını bütün ömrü boyu qoruyub.
Bəlkə də buna görə o, yaxşı jurnalist olmaqla yanaşı, həm də gözəl ana, qayğıkeş nənə, etibarlı dost və sədaqətli qadın kimi hər kəsin sevgisini qazanıb. Onun dostluğunda saxtalıq yoxdur. Əminə xanım dostunu yarı yolda qoymayan insanlardandır. İllər keçir, insanlar dəyişir, münasibətlər soyuyur, amma onun xarakterindəki sədaqət dəyişmir.
Bu gün o, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini kimi fəaliyyət göstərir. Azərbaycan jurnalistikasının tanınmış simalarının yubiley tədbirlərinin, kitab təqdimatlarının təşkilində böyük həvəslə iştirak edir. Çünki o, başqasının uğuruna da öz uğuru kimi sevinməyi bacaran adamlardandır.
Əminə xanımın yaradıcılığında xüsusi yer tutan mövzulardan biri də Vətən sevgisidir. 44 günlük Vətən müharibəsində şəhid olan igidlər haqqında yazdığı “Biz Vətən üçün doğulduq” kitabı bunun ən parlaq nümunəsidir. Bu kitab sadəcə faktların toplusu deyil. O kitab anaların göz yaşından, şəhidlərin yarımçıq qalan arzularından, Vətənin ağrısından yoğrulmuş bir əsərdir. Əminə xanım o kitabı qələmlə yox, ürəyinin qanı ilə yazıb.
Bəzən şəhid anaları ilə görüşəndə susurdu. Çünki bəzi ağrıları söz ifadə etmir. O özü də deyir: “Allah bir də mənə şəhidlər haqqında kitab yazmağı nəsib etməsin...” Bu cümlədə bir ananın, bir jurnalistin, bir vətəndaşın bütün ağrısı yaşayır.
Əminə Yusifqızı Azərbaycan jurnalistikasında öz sözünü deyə bilən nadir qadınlardandır. O, heç vaxt gurultulu reklamın, yüksək tribunalardan səslənən pafosun adamı olmayıb. Onun böyüklüyü sadəliyindədir. İnsanlara yaxın olmağında, onların dərdini öz dərdi bilməyindədir.
75 illik ömür yoluna baxanda bir həqiqət aydın görünür: Əminə xanım ömrünü insanlara xidmətə həsr edib. O, qəzet səhifələrində təkcə xəbərlər yox, həm də zamanın yaddaşını yaradıb. Çünki əsl jurnalist hadisələri yazmır, dövrün ruhunu yaşadır.
Bu gün 75 yaşının tamamında Əminə Yusifqızı yenə əvvəlki kimidir – qayğıkeş, həssas, səmimi və işıqlı. Hələ də dostluğa inanan, insanlara sevgisini itirməyən, uşaq qəlbini qoruyan bir xanım. Rəngarəngliyi sevən bir xanım. Onun təbiətinin gözəlliyi geyimlərinin rəngarəngliyindən seçilir. Zövqlə geyinir, çoxları onun bu tərzinə həsəd çəkir, mən deyərdim ki, qibtə edənləri də olur...
Bəlkə də onun ən böyük sirri elə budur…
1 İyunda dünyaya gələn o qız uşağı böyüsə də, içindəki işığı heç vaxt böyütməyib, qocaltmayıb.
Və buna görə də Əminə Yusifqızı yalnız yubileyini qeyd edən bir jurnalist deyil – o, bütöv bir nəslin yaddaşında yaşayan insanlıq nümunəsidir.
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist