SƏRHƏDSİZ VƏTƏN SEVGİSİ

Bəşəriyyət yarandığı gündən etibarən insan övladı daim müharibələr, qarşıdurmalarla sınağa çəkilmiş, qələbə və ya süqut – bu iki anlayışdan biri sözügedən savaşların mütləq sonluğu, qaçılmaz nəticəsi olmuşdur. Müharibənin hər hansı tərəf üçün qalibiyyət ilə nəticələnməsini isə, nə qədər qəribə səslənsə də, bəzən hətta adını belə bilmədiyimiz tarixi şəxslər müəyyən etmiş və sanki bir bayraqdar kimi qələbənin mənəvi məşəlini əllərində daşıyaraq, hətta öz canları bahasına zəfərə doğru çığır açmışlar. Həqiqətən də, hər qələbənin arxasında adsız qəhrəmanların şücaəti və səssiz fədakarlığı dayanır.
Böyük Vətən müharibəsi də XX əsrin ən faciəvi və eyni zamanda ən qəhrəmanlıq dolu səhifələrindən biri olmuşdur. Bəşəriyyət tarixinə yalnız hərbi qarşıdurma deyil, həm də vətən sevgisinin, birlik və dözümlülüyün simvolu kimi düşən bu müharibədə döyüşmək üçün 660 mindən çox azərbaycanlı cəbhəyə yola salınmışdır. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək 130-a yaxın həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. Müharibənin əsl siması da budur: insanı sınayar, şücaət onu ucaldar, qələbə isə tarixə çevirər. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşərək həlak olan 223-cü Azərbaycan diviziyasının 1037-ci polkunun 19 əsgəri də, əslində, çox az adamın tanıdığı, lakin Vətən uğrunda canını fəda edərək tarixdə silinməz iz qoyan qəhrəmanlardan olmuşlar. Bu yaxınlarda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 81-ci ildönümündə Şimali Osetiya-Alanya Respublikasının Mozdok şəhərinin Koma- rova kəndində onlara ucaldılan abidə 19 nəfərin naməlum taleyinə işıq salaraq ruhlarına ehtiram ifadə etməklə yanaşı, xalqın öz qəhrəmanlarını tanımasına yardımçı oldu. Adətən tarix üçün əhəmiyyət daşıyacaq, dönüş nöqtəsi olacaq hadisədən əvvəl ona doğru yol açan və bu hadisələri vacib məcraya yönəldən proseslər baş verir, onların yükünü çiyinlərində daşıyan isə sanki bəşər tərəfindən öncədən müəyyən edilmiş şəxslər olur. Abidə kompleksinin yaradılması zərurətini sanki tarix özü dəstəklədi, hadisələr zəmin yaratdı. 19 nəfərin taleyinə aydınlıq çırağı tutmaq kimi müqəddəs iş isə ölkəmizdən xaricdə yaşayıb fəaliyyət göstərən xeyriyyəçi iş adamı, polis polkovniki Bayramov Ağasəf Yasər oğlunun taleyinə düşdü. 1954-cü ildə Masallının Göyəçöl kəndində dünyaya göz açmış Ağasəf müəllim ömrünün 50 ildən çoxunu qürbətdə keçirmişdir. Daşkənd Ali milis məktəbini 1981-ci ildə bitirdikdən sonra Özbəkistan DİN-də peşə fəaliyyətinə başlayan həmyerlimiz əmək fəaliyyətində fərqləndiyinə görə xidmət pillərini sürətlə qalxmış, yerli istintaq idarələrində ən yüksək vəzifələrdə çalışmışdır. 2011-ci ildə təqaüdə çıxmışdır, hazırda Özbəkistan Respublikasında Azərbaycan Diasporunun fəal üzvüdür, içtimai-sosial layihələrin təşkilində təşəbbüskar və dəstəkçisi kimi yaxından iştirak edir. O, Azərbaycandan kənarda yaşasa da, qəlbi daim doğma torpağa sevgi ilə döyünür, məhz elə bu sevgi Ağasəf müəllimi doğulduğu elin, obanın, ümumiyyətlə yurdunun abadlaşmasına vəsilə olmağa sövq edir. Ağasəf Bayramovun şəxsi təşəbbüsü və dəstəyi ilə 2012-ci ildə Masallının Göyəçöl kəndində uzunluğu 210 metr olan küçədə abadlıq işlərinə başlanmış, küçə genişləndirilmiş, kommunikasiya xətləri yenilənmiş, hərə- kəti nizamlamaq üçün xüsusi yol nişanları, təhlükəsizlik kameraları və sərnişinlər üçün nəqliyyat dayanacağı infrastrukturu quraşdırılmış, estetik zövqlə hazırlanmış mədəni-mənəvi inkişafa sövq edən xüsusi lövhələr vurulmuşdur. Burada Bahı Bayramov bulağı da sakinlərin ixtiyarına veril- mişdir.
Kənd camaatının rahatlığına hesablanmış və müasir standartlara cavab verən küçənin inşası, abadlaşdırılması tam 12 il davam etmiş, 2024-cü il oktyabr ayının 10-da təmir işləri yekun- laşdırılaraq istifadəyə verilmişdir. Məhz yuxarıda qeyd etdiyimiz, Mozdok şəhərində həm- yerlilirimizə abidənin ucaldılmasına təşviq edən gizli səbəblər də buradan başlamışdır. Küçəyə Böyük Vətən müharibəsində dünyasını dəyişmiş Bayramov Bahı Xudu oğlunun (Ağasəf müəllimin əmisi) adının verilməsi təklif olunanda bir məsələ Ağasəf Bayramovun diqqətini çəkir. Sadəcə adını eşitdiyi və haqqında heç bir məlumatları olmayan əmisini müharibədə itkin düşdüyünü eşitdikdə onu axtarmaq qərarına gəlir. Beləliklə, öz peşə səriştəsinə və araşdırma təcrübəsinə əsaslanaraq qısa müddətdə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və Şimali Osetiya-Alanya Respublikasının müvafiq orqanlara rəsmi məktubla müraciət edir və prosesin gedişatını addım-addım izləyərək, lazımi tədbirlərin görülməsinə nəzarəti öz üzərinə götürür. Yerli axtarış briqadasının rəhbəri Dioletov Mexmati Camayeviç də bu işdə yaxından iştirak edir və köməyini əsirgəmir. Ağasəf müəllim əmisi Bayramov Bahı Xudu oğlunun həyat və döyüş yolunu araşdırarkən 1942-ci ildə Mozdok uğrunda döyüşdə bombardman nəticəsində onun və digər 18 həmyerlimizin qəhrəmancasına həlak olması ilə bağlı məlumat əldə edir. Onun şəxsi təşəbbüsü ilə 223-cü Azərbaycan diviziyasının 1037-ci polkunun müharibə zamanı dünyasını dəyişmiş azərbaycanlı döyüşçüləri ilə bağlı araşdırma aparılır, onların şəxsiyyətləri və həlak olma səbəbləri müəyyən edilir. Görülən işlər bununla yekunlaşmır, hər bir döyüşçünün yaxınları da axtarılıb tapılır. Şübhəsiz ki, bu tədbirlər bir neçə sətir və ya səhifədə təsvir olunsa da, əslində, mənəvi dəyərinin miqyası və əhəmiyyəti heç bir ölçüyə sığmır. Çünki 80 ilə yaxın məchulluq damğası daşıyan bir hadisənin üstündən sirr pərdəsinin çəkilməsi ilə müharibədə həlak olmuş döyüşçülərimizin ruhları da artıq rahatlığa qovuşmuş olur. Həmyerlilərimizin döyüş yolunun əks etdirilməsi, yerli xalqın və azərbaycanlıların öz qəhrəmanlarını tanıması üçün daha bir addım atılır, Ağasəf Bayramov 19 döyüşçünün xatirəsini əbədiləşdirmək üçün abidə kompleksinin ucaldılması məqsədilə müvafiq orqan və təşkilatlara müraciət ünvanlayır. Tamimilə öz şəxsi təşəbbüsü və dəstəyi ilə qısa müddətdə Azərbaycan döyüşçülərinin basdırıldığı yerdə adlarının həkk olunduğu və xatirələrinə ehtiramın ifadə edildiyi abidə ucaldılır. 2026-cı il mayın 6-da Şimali Osetiya-Alanya Respublikasının Mozdok şəhərinin Komarova kəndində Böyük Vətən mühari- bəsində yaxın ərazilərin azad olunmasında iştirak edən, döyüşərək qəhrəmancasına həlak olan azərbaycanlıların əziz xatirəsini əbədiləşdirən abidə kompleksinin açılış mərasimi keçirildi. Mərasimdə Şimali Osetiya-Alanya Respublikasının Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədovun rəhbərliyi ilə Konqresin sədri Murtuza Gülməmmədov, Mozdok üzrə Azərbaycanlılar Konqresinin nümayəndəsi Rafael Qasımov, konqresin digər fəal üzvləri, yerli qurumların məsul şəxsləri və sakinlər iştirak etmişlər. Təntənəli açılış mərasimində 1037-ci polk- da döyüşərək həlak olan bəzi döyüşçülərin yaxınlarının da iştirak etməsi üçün Ağasəf müəllim əlindən gələni əsirgəməmişdır. Murtuza Gülməmmədov, Rafael Qasımov və digər tədbir iştirak- çıları bu abidənin həm tarixi, həm də xalqlararası dostluğun möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışmış, xalqların və gənc nəslin qəhrəmanları tanımasına yardımçı olacağını dilə gətirmişlər. Bu cür tədbirlərin mədəniyyətlərarası körpü rolunu oynadığı, tolerantlıq, qarşılıqlı hörmət və anlaşma mühitinin möhkəmlənməsinə xidmət etdiyi, eyni zamanda gənclərin vətənpərvər ruhda yetişməsinə töhfə verəcəyi diqqətə çatdırılmışdır. Ağasəf müəllimin təşşəbbüsü nümunəvi addım kimi dəyərləndirilərək döyüşçülərə hörmət və ehtiram əlaməti, həmçinin vətəndaş təəssübkeşliyinin bariz nümunəsi kimi təqdir edilmişdir.
Həqiqətən də bəzi qələbələr tarix kitablarında yazılır, bəzi şücaətlər isə xalqın qəlbində yaşayır. Beləliklə, xalq öz qəhrəmanlarına, qəhrəmanlarımız isə layiqi dəyərinə qovuşdular. Lakin sözügedən məsələnin mənəvi tərəfi daha vacibdir, canından keçmiş əsgərlər layiqli hörmət və ehtiramı gördü, onların yaxınları əzizləri haqda məlumat əldə etmiş oldular, xatirələrinə abidə kompleksinin ucaldılması isə fəxr etməyə əsas verdi. Bu hissi yaşadan isə Bayramovlar nəslinin layiqli davamçısı, xeyriyyəçi Ağasəf Bayramov oldu. O, əsl vətəndaş mövqeyi ilə qəlbən, ruhən vətənə bağlı olmağın, torpaq təəssübkeşliyinin bariz nümunəsini təqdim etdi. Müsahibə zamanı “Ağasəf müəllim, qürbətdə vətən sevgisi ilə yaşayan bir şəxs üçün vətən nədir?” sualına cavabı belə oldu: “Mən hesab edirəm ki, hər bir azərbaycanlı Azərbaycandan çıxandan sonra Azərbaycanın adını yüksəklərə qaldırmalıdır, saxlamalıdır. Sorsanda ki, milliyətin nədir? Qururla deyə bilsin ki, “azərbaycanlıyam”. Ulu öndər Heydər Əliyev deyir ki, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” (bu sitat yazılmış lövhə Bahı Bağırov küçəsində də bir neçə yerdə vurulmuşdur). İnsan öz evini, küçəsini, kəndini, rayonunu, doğma vətənini, torpağını, respublikanı sevməlidir və lazım olanda döyüşlərə qatılmağa hazır olmadı ki, öz yaxınlarını, öz torpağını müdafiə elə bilsin. Azadlıq ən yüksək nemətdir. Bu azadlığı həmişə saxlamaq lazımdır, qorumaq lazımdır”.
Azadlığı qorumaq, vətənin təəssübünü çəkmək, vətənin əsl vətən daşı və əsl vətəndaşı olmaq, onu təmənnasız sevgi ilə sevmək hər bir insanın ən müqəddəs borcu, mənəvi məsuliyyəti və vətənə bağlılığının ən gözəl təzahürüdür. Ağasəf müəllim xalqına, həmvətənlərinə yardımçı olduğu təşəb- büsləri ilə vətənpərvər ruhunu sözlə deyil, əməllə sübut edir. Azərbaycanın igid, qəhrəman oğul- larını tanıtmaq, heç bir təmənna gösləmədən bu işləri görmək isə örnək olacaq şərəfli bir missiya- dır. Elə əsl xeyirxah əməldə də məhz budur: təmənnasız, qarşılıq gözlədən xalqına xidmət etmək.
Vətən uğrunda yorulmadan, usanmadan çalışan hər kəsə təşəkkür edir, bu nəcib və şərəfli yolda uğurlar arzulayırıq.
Elçin Şükür






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.