AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MİLLİ GEYİM MİLLİ MƏDƏNİYYƏTİN TƏRKİB HİSSƏSİ KİMİ: SOSİAL-ANTROPOLOJİ REDUKSİONİZMİN TƏNQİDİ VƏ MADDİ-MƏDƏNİ YANAŞMA

  • + A
  • - A
  • Dünən, 14:32

    MİLLİ GEYİM MİLLİ MƏDƏNİYYƏTİN TƏRKİB HİSSƏSİ KİMİ: SOSİAL-ANTROPOLOJİ REDUKSİONİZMİN TƏNQİDİ VƏ MADDİ-MƏDƏNİ YANAŞMA
    Sayılov Qalib, Filologiya elmləri doktoru, professor



    Baku, 29 sentyabr, Azadmedia.az

    MİLLİ GEYİM MİLLİ MƏDƏNİYYƏTİN TƏRKİB HİSSƏSİ KİMİ: SOSİAL-ANTROPOLOJİ REDUKSİONİZMİN TƏNQİDİ VƏ MADDİ-MƏDƏNİ YANAŞMA

    Xülasə

    Milli geyim yalnız insan bədənini örtən utilitar vasitə, sosial statusu nümayiş etdirən vizual göstərici və ya müəyyən etnik qrupun özünü təqdimetmə forması deyil. O, xalqın uzunmüddətli tarixi təcrübəsini, maddi istehsal imkanlarını, estetik düşüncəsini, iqlim və coğrafi mühitə uyğunlaşma mexanizmlərini, sənətkarlıq texnologiyalarını, ailə və mərasim sistemini, yaddaş formalarını və nəsillərarası mədəni ötürmə mexanizmlərini özündə birləşdirən mürəkkəb maddi-mədəni fenomendir. Bu baxımdan milli geyim milli mədəniyyətin yalnız “simvolik ifadəsi” deyil, onun maddi şəkildə mövcudluq formalarından biridir.
    Məqalədə geyim tədqiqatlarında geniş yayılmış sosial-antropoloji yanaşmalar tənqidi şəkildə nəzərdən keçirilir. Geyimin əsasən identiklik, sosial status, gender, sinif, hakimiyyət, fərqləndirmə və kommunikasiya kodu kimi izah edilməsinin mühüm elmi nəticələr verməsinə baxmayaraq, bu yanaşmanın milli geyimin maddi substansiyasını, tekstil texnologiyasını, istehsal prosesini, ustalıq ənənəsini, regional-tipoloji xüsusiyyətlərini və tarixi davamlılığını ikinci plana keçirməsi göstərilir. Bu kontekstdə Pierre Bourdieunun “habitus”, Roland Barthesin semioloji model, sosial identiklik və performativlik nəzəriyyələri ilə yanaşı, onların geyimə tətbiqinin metodoloji sərhədləri də təhlil edilir.
    Məqalənin əsas tezisi ondan ibarətdir ki, milli geyimi yalnız “cəmiyyətin sosial münasibətlərinin üzərindəki işarələr sistemi” kimi izah etmək kifayət deyil. Geyim həm sosial münasibətləri ifadə edir, həm də insanın maddi dünya ilə münasibətini formalaşdırır. Buna görə milli geyimin tədqiqində sosial-antropoloji, etnoqrafik, tarix, sənətşünaslıq, tekstilşünaslıq, arxeologiya, folklorşünaslıq və maddi mədəniyyət nəzəriyyələrinin inteqrasiyasına əsaslanan multidissiplinar model təklif edilir. Azərbaycan milli geyimləri bu model əsasında konkret nümunə kimi nəzərdən keçirilir.
    Açar sözlər: milli, geyim, mədəniyyət, maddi, etnoqrafiya, identiklik, sosial

    GİRİŞ

    Milli mədəniyyət anlayışı yalnız dil, folklor, musiqi, ədəbiyyat və dini-mənəvi dəyərlərlə məhdudlaşmır. Milli mədəniyyətin mühüm hissəsini insanın gündəlik həyatında yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi mədəniyyət nümunələri təşkil edir. Geyim həmin maddi mədəniyyət sistemində xüsusi mövqeyə malikdir. Çünki geyim insan bədəninə bilavasitə münasibətdə olan, insanın gündəlik həyatını müşayiət edən və eyni zamanda kollektiv estetik yaddaşı qoruyan maddi obyektdir.
    Bu xüsusiyyət milli geyimi digər maddi mədəniyyət nümunələrindən müəyyən dərəcədə fərqləndirir. Ev, xalça, məişət əşyası və əmək aləti insanın yaşadığı və fəaliyyət göstərdiyi mühiti formalaşdırdığı halda, geyim insanla birlikdə hərəkət edir. O, insanın bədəni ilə maddi mədəniyyət arasında bir növ vasitəçi rolunu oynayır.
    Geyim tədqiqatlarında XX əsrin ikinci yarısından etibarən mühüm nəzəri dəyişiklik baş vermişdir. Geyim artıq yalnız etnoqrafik predmet kimi deyil, sosial münasibətlərin, identikliyin, genderin, statusun və kommunikasiya proseslərinin göstəricisi kimi də araşdırılmağa başlanmışdır. Mary Ellen Roach-Higgins və Joanne B. Eicher geyimi bədən modifikasiyaları və bədənə əlavə olunan vasitələri əhatə edən geniş anlayış kimi müəyyənləşdirir və onun sosial qarşılıqlı əlaqədə identikliyin qurulmasına təsirini vurğulayırlar.
    Bu nəzəri istiqamət mühüm elmi imkanlar açsa da, müəyyən mərhələdə başqa bir metodoloji problem meydana çıxır: geyimin özü sosial münasibətlərin izahı üçün vasitəyə çevrilir, lakin müstəqil maddi-mədəni fenomen kimi arxa plana keçir.
    Başqa sözlə, tədqiqatçı bəzən geyimdə olan materialı, biçimi, tikiş texnologiyasını, toxuculuq ənənəsini və estetik sistemi deyil, yalnız həmin geyimin “nə demək istədiyini” araşdırmağa başlayır. Məhz bu amil bizim əsas piriortitetimizdir.

    MİLLİ GEYİM: ƏŞYA, SİMVOL, YOXSA MƏDƏNİYYƏT FORMASI?

    Milli geyimin mahiyyətini yalnız “simvol” anlayışı ilə izah etmək onun çoxqatlı strukturunu sadələşdirir.
    Geyim ən azı beş müxtəlif səviyyədə mövcuddur:
    1. maddi obyekt kimi;
    2. texnoloji məhsul kimi;
    3. estetik forma kimi;
    4. sosial ünsiyyət vasitəsi kimi;
    5. tarixi-mədəni yaddaş daşıyıcısı kimi.
    Bu səviyyələr bir-birindən ayrılmazdır.
    Məsələn, bir milli geyim nümunəsinin hazırlanmasında istifadə olunan ipəyin, yunun, pambığın və ya başqa materialın seçilməsi təsadüfi deyil. Materialın seçilməsi coğrafi mühit, iqtisadi imkanlar, yerli istehsal, ticarət əlaqələri və texnoloji biliklərlə bağlıdır. Deməli, geyimin maddi tərkibi onun sosial mənasından əvvəl gələn və həmin mənanın yaranmasını mümkün edən real tarixi proseslərə bağlıdır.
    Burada mühüm nəzəri nəticə ortaya çıxır:
    Mədəni məna maddi formadan ayrı mövcud deyil.
    Bu səbəbdən milli geyimin yalnız semiotik mətn kimi oxunması metodoloji baxımdan natamamdır.
    Daniel Millerin maddi mədəniyyətə dair tədqiqatlarında da məhz bu problem ön plana çəkilir. O, maddi mədəniyyət obyektlərini sadəcə sosial münasibətlərin “simvolik təsviri” kimi qəbul edən yanaşmaları tənqid edir və insanla əşyanın qarşılıqlı münasibətinin daha mürəkkəb olduğunu göstərir. Beləliklə, milli geyim haqqında fundamental sual yalnız «“Bu geyim nəyi ifadə edir?” olmamalıdır. Bununla yanaşı, “Bu geyim necə hazırlanırdı?”,“Hansı materialdan hazırlanırdı?”,“Bu material haradan əldə edilirdi?”,“Onun texnologiyası necə ötürülürdü?”,“Bu forma hansı tarixi şəraitdə yaranmışdı?”,“Niyə məhz belə biçim meydana gəlmişdi?”» sualları da izah olunmalıdır.


    SOSİAL-ANTROPOLOJİ YANAŞMANIN GÜCLÜ TƏRƏFLƏRİ

    Sosial antropologiyanın geyim tədqiqatlarına gətirdiyi əsas yenilik geyimin cəmiyyət daxilindəki funksiyalarının araşdırılmasıdır. Bu yanaşma geyimi:- sosial statusun göstəricisi, gender fərqlərinin ifadəsi, etnik identikliyin markerı, mərasim davranışının elementi;sosial fərqləndirmə vasitəsi, bədən üzərində sosial normanın təzahürü, kommunikativ kod kimi izah etmişdir. Bu istiqaməti bütövlükdə rədd etmək elmi baxımdan düzgün olmazdı. Əksinə, geyimin sosial funksiyalarının araşdırılması milli geyimin strukturunu daha dərindən başa düşməyə imkan verir. Məsələn, Azərbaycan ənənəvi geyimlərində yaş, ailə vəziyyəti, sosial mövqe və mərasim konteksti ilə əlaqəli fərqlərin mövcudluğu geyimin sosial funksiyasının mühüm olduğunu göstərir. 2026-cı ildə Azərbaycan milli geyimləri haqqında yayımlanmış yeni etnoqrafik tədqiqatda da geyim və qadın zinət əşyalarının yaş xüsusiyyətləri, sosial status və estetik xüsusiyyətlərlə əlaqəsi araşdırılır. Lakin problem sosial funksiyanın mövcudluğunda deyil. Problem sosial funksiyanın geyimin bütün mahiyyətinə çevrilməsindədir.

    SOSİAL-ANTROPOLOJİ REDUKSİONİZM NƏDİR?

    Sosial-antropoloji reduksionizm dedikdə burada sosial antropologiyanın bütün metodları deyil, geyim fenomenini onun maddi, tarixi və estetik xüsusiyyətlərini nəzərə almadan yalnız sosial münasibətlər sisteminə endirən metodoloji meyl nəzərdə tutulur. Bu reduksionizmin üç əsas forması fərqləndirilə bilər.

    3.1. Geyimin sosial statusa reduksiyası

    Bu yanaşmaya görə geyimin əsas funksiyası insanın cəmiyyətdəki mövqeyini göstərməkdir. Belə olduqda milli geyimin:

    - biçimi,
    - materialı,
    - ornamentikası,
    - rəng sistemi,
    - tikiş texnologiyası,
    - regional fərqləri

    sosial statusun “kodları”na çevrilir.

    Lakin burada sual yaranır:

    Əgər geyim yalnız status göstəricisidirsə, onda eyni texnologiyanın müxtəlif sosial qruplar arasında nəsillər boyu yaşamasını necə izah etmək olar?

    Status dəyişə bilər, amma maddi-mədəni texnologiya daha uzun müddət fəaliyyət göstərə bilər. Deməli, geyimin tarixi ömrü onun müəyyən bir sosial statusu ifadə etməsindən daha genişdir.

    GEYİMİN SEMİOTİKLƏŞDİRİLMƏSİ PROBLEMİ

    Dünya brendlərinə imza atan Roland Barthesin geyim və moda haqqında semioloji yanaşması geyimin işarələr sistemi kimi təhlilinə böyük təsir göstərmişdir. Barthes geyim haqqında yazılı və vizual diskursların necə məna yaratdığını araşdırmışdır. Onun modelində real geyimlə onun haqqında yaradılan diskurs arasında mühüm fərq vardır. Bu yanaşma xüsusilə moda jurnallarının, reklamların və vizual mədəniyyətin təhlili üçün məhsuldardır. Lakin milli geyim məsələsində ciddi metodoloji fərq meydana çıxır.

    Milli geyim əvvəlcə reklam mətnində yaranmır. O, müəyyən tarixi-mədəni mühitdə:-toxucu, dərzi, zərgər, tikmə ustası, boyaqçı, ailə və icma tərəfindən yaradılır.
    Deməli, milli geyimin ilkin semantikası yalnız onun haqqında sonradan yaranan diskursdan çıxarıla bilməz. Başqa sözlə, geyim haqqında danışmaqla geyimin özünü yaratmaq eyni mədəni proses deyil. Bu fərq milli geyimlərin araşdırılmasında xüsusi əhəmiyyət daşıyır.

    BOURDIEU VƏ “HABİTUS”: MÜHÜM, LAKİN YETƏRSİZ İZAH

    Pierre Bourdieu-nun “habitus” anlayışı geyim tədqiqatları üçün məhsuldar nəzəri vasitədir. İnsan müəyyən geyim formalarını seçərkən bunu həmişə şüurlu qərar kimi etmir. Sosial mühit, ailə, zövq, təcrübə və öyrənilmiş davranış formaları onun geyim seçimlərinə təsir göstərə bilər. Bu baxımdan geyim habitusun görünən tərəflərindən biri kimi izah edilə bilər. Lakin burada da reduksionizm təhlükəsi vardır.
    Əgər geyim yalnız habitusun “görünən forması” kimi qəbul edilirsə, onda materialın özünün xüsusiyyətləri ikinci plana keçir. Məsələn, ipəyin bədən üzərində yaratdığı hiss, onun işıqla münasibəti, toxunma texnologiyası, rəng qəbul etməsi, davamlılığı və istehsal çətinliyi sırf sosial habitusla izah edilə bilməz.
    Burada materialın öz müqaviməti vardır. Maddi obyekt insanın istədiyi kimi istənilən formada dəyişdirilə bilməz. Bu səbəbdən müasir maddi mədəniyyət nəzəriyyəsi insanı və əşyanı bir-birinə qarşı qoymaq əvəzinə onların qarşılıqlı təsirini araşdırmağa çalışır. Millerin yanaşmasında da material mədəniyyətin yalnız sosial münasibətlərin passiv ifadəsi olmadığı xüsusi vurğulanır.

    “GEYİM SOSİAL MƏTNİDİR” FORMULUNUN TƏNQİDİ

    Müasir humanitar elmlərdə geyimin “mətn” kimi oxunması geniş yayılmışdır.
    Bu metafora müəyyən mənada faydalıdır. Çünki geyimin üzərindəki naxış, rəng, forma və ornament müəyyən mədəni informasiyanı daşıya bilər. Lakin geyim yalnız mətn deyil. Mətn oxunur; geyim isə həm də toxunulur, geyinilir, istehsal edilir, yuyulur, təmir olunur, köhnəlir və nəsildən-nəslə ötürülür. Bu fərq fundamental əhəmiyyət daşıyır. Geyim “oxunan obyekt” olmaqla yanaşı, yaşanan obyektdir. İnsan milli geyimi sadəcə müşahidə etmir; onun içində yaşayır. Bu səbəbdən milli geyimin tədqiqinə “embodied materiality” – bədənlə materialın qarşılıqlı münasibəti – anlayışını daxil etmək zəruridir. Müasir geyim nəzəriyyəsində də geyim materiallarının, texnologiyanın, bədənin və məkanın qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirilir.


    Milli geyim müəyyən identikliyi göstərə bilər, lakin onun funksiyası yalnız identiklik nümayiş etdirmək deyil. Milli geyim yaddaş yaradır; yaddaşı saxlayır; yaddaşı bədənə keçirir; nəsillər arasında əlaqə yaradır. Bu baxımdan milli geyim “mədəni yaddaşın maddiləşmiş forması” kimi nəzərdən keçirilə bilər. Məsələn, bir geyim formasının ailədə nənədən anaya, anadan qıza ötürülməsi yalnız sosial norma deyil. Burada əşyanın özünün tarixi biografiyası meydana gəlir. Igor Kopytoff əşyaların “mədəni biografiyası” anlayışını irəli sürərkən onların yalnız iqtisadi obyekt olmadığını, müxtəlif zamanlarda müxtəlif sosial və mədəni mənalar qazana bildiyini göstərir. Bu nəzəriyyəni milli geyimə tətbiq etdikdə çox mühüm nəticə əldə olunur:
    Milli geyimin biografiyası onu geyinən insanın biografiyasından daha uzun ola bilər.
    Bir kəlağayı, çuxa, arxalıq və ya zinət əşyası bir neçə nəsilin həyatını müşayiət edə bilər. Beləliklə, əşya fərdi yaddaşdan kollektiv yaddaşa keçid mexanizminə çevrilir.

    ---

    AZƏRBAYCAN MİLLİ GEYİMİ: MADDİ MƏDƏNİYYƏTİN SİSTEMİ KİMİ

    Azərbaycan milli geyimləri vahid, dəyişməz və bütün regionlarda eyni olan bir sistem kimi təsəvvür edilməməlidir. Əksinə, Azərbaycan milli geyim mədəniyyəti:-regional, tarixi; gender, yaş, mərasim, peşə,iqtisadi,estetik fərqlərin kəsişdiyi mürəkkəb sistemdir. Bununla belə, həmin müxtəliflik milli geyim anlayışının mövcudluğunu inkar etmir. Burada mühüm metodoloji fərq var, müxtəliflik parçalanma demək deyil. Milli mədəniyyət daxilində regional variasiyalar vahid mədəni sistemin daxilində fəaliyyət göstərə bilər. Bu baxımdan Şəki, Qarabağ, Şirvan, Gəncə, Naxçıvan, Bakı-Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara və digər bölgələrdə geyim xüsusiyyətlərinin fərqlənməsi milli geyim anlayışına zidd deyil. Əksinə, həmin regional müxtəliflik milli mədəniyyətin daxili strukturunun göstəricisidir.


    KƏLAĞAYI: SİMVOLDAN MADDİ MƏDƏNİYYƏTƏ

    Kəlağayı bu məsələnin ən yaxşı nümunələrindən biridir. UNESCO-nun 2014-cü il qərarında “Kəlağayının ənənəvi sənəti və simvolizmi” Azərbaycanın qeyri-maddi mədəni irsi kimi qeydiyyata alınmış və onun Şəki və Basqal mühitləri ilə əlaqəsi göstərilmişdir. UNESCO sənədində kəlağayının icmalar üçün mədəni identikliyin mühüm komponenti olduğu və müxtəlif sənətkar qruplarını birləşdirdiyi vurğulanır.

    Lakin kəlağayını yalnız “identiklik simvolu” adlandırmaq onun mahiyyətini tam ifadə etmir.

    Kəlağayının:- ipək materialı, toxunma texnologiyası, boyanma prosesi, basma üsulu, ornament sistemi; rəng texnologiyası, ustalıq ənənəsi onun mədəni mahiyyətinin ayrılmaz hissələridir. Deməli, kəlağayının simvolik mənası onun maddiliyindən ayrı deyil. Simvol materialın üzərində yaranır; material isə simvolik məna qazandıqca mədəni dəyərə çevrilir.


    MİLLİ GEYİMİN “STATİK” MİLLİLİYİ YOXDUR

    Milli geyim haqqında başqa bir yanlış təsəvvür onun dəyişməz və tarixdən kənar olmasıdır. Milli geyim canlı mədəni sistemdir. O, dəyişir:- material dəyişir;
    - biçim dəyişir;
    - rəng dəbi dəyişir;
    - texnologiya dəyişir;
    - istifadə mühiti dəyişir;
    - mərasim funksiyası dəyişir.

    Lakin dəyişmə milli mədəniyyətin yox olması demək deyil. Stuart Hallun mədəni identiklik haqqında nəzəriyyəsi də identikliyin tarixdən kənar və dəyişməz mahiyyət olmadığını, tarixi proseslər və təmsil formaları daxilində qurulduğunu vurğulayır. Lakin Hallun yanaşmasını milli geyimə tətbiq edərkən də ehtiyatlı olmaq lazımdır. Əgər “identiklik daim dəyişir” tezisi həddindən artıq genişləndirilərsə, mədəni davamlılığın özünü izah etmək çətinləşir. Çünki milli geyimdə dəyişən elementlərlə yanaşı davamlı elementlər də vardır. Elmi məsələ məhz bu ikisinin münasibətini araşdırmaqdır:-Davamlılıq dəyişmə mədəni ənənənin real strukturu.

    MİLLİ GEYİM VƏ TARİXİ YADDAŞ

    Milli geyim tarixi yalnız arxiv sənədlərində saxlamır, tarixi yaddaş bəzən əşyanın özündə maddiləşir. Köhnə geyim,müəyyən dövrün texnologiyasını, estetik zövqünü, material imkanlarını, iqtisadi əlaqələrini, ailə tarixini, regional xüsusiyyətlərini özündə saxlayır. Bu mənada muzeydə qorunan milli geyim “keçmiş haqqında informasiya verən obyekt” olmaqdan daha çox, keçmişin maddi qalığıdır.

    Bu fərq son dərəcə vacibdir, tarix kitabı keçmiş haqqında danışır.Milli geyim isə keçmişdən maddi izi bu günə da.ıyır.

    Azərbaycan Milli Tarix Muzeyinin milli geyim kolleksiyaları ilə bağlı materiallarında da XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid geyimlərin və tarixi fotoşəkillərin sənədləşdirilməsi milli geyim standartlarının müəyyənləşdirilməsində mühüm mənbə kimi təqdim olunur. Bu fakt geyim tədqiqatında vizual və maddi mənbələrin əhəmiyyətini artırır.

    SOSİAL ANTROPOLOGİYANIN İKİLİ PARADİQMA PROBLEMİ

    Sosial antropoloji geyim tədqiqatlarının mühüm hissəsində iki əsas anlayış üstünlük qazanmışdır:-cəmiyyət+ fərd və simvol + məna. Lakin milli geyimin təhlili üçün üçüncü istiqaməti əlavə etmək lazımdır insan və material. Bu üçbucaq olmadan milli geyimin tam mənzərəsini əldə etmək mümkün deyil. Beləliklə əsas sual sosial-antropoloji geyim cəmiyyətdə nəyi göstərir? Semiotik| geyim nəyi ifadə edir? Bourdieuçu geyim hansı habitusu təcəssüm etdirir? Performativ geyim identikliyi necə nümayiş etdirir? Maddi-mədəni geyimin öz maddiliyi mədəniyyəti necə formalaşdırır? Tarixi-etnoqrafik geyim hansı tarixi prosesin məhsuludur? Texnoloji geyim necə istehsal olunur və bilik necə ötürülür? Sonuncu üç istiqamətin əlavə edilməsi milli geyim tədqiqatlarını əhəmiyyətli dərəcədə zənginləşdirir.

    “GEYİM SOSİAL MÜNASİBƏTLƏRİ ƏKS ETDİRİR” TEZİSİNİN TƏNQİDİ

    Bu tez müəyyən hallarda doğrudur. Lakin “əks etdirmək” ifadəsi geyimin aktiv rolunu zəiflədir. Geyim yalnız sosial münasibətləri əks etdirmir.
    O, həmin münasibətlərin formalaşmasına da iştirak edir. Məsələn, müəyyən geyim forması, insanın hərəkət imkanlarını dəyişə bilər, bədənin necə görünəcəyini müəyyənləşdirə bilər, mərasim davranışına təsir edə bilər, gündəlik fəaliyyətin ritmini dəyişə bilər, insanın özünü necə hiss etməsinə təsir göstərə bilər. Beləliklə, geyim sosial münasibətlərin passiv “güzgüsü” deyil. O, sosial həyatın maddi iştirakçısıdır.
    Bu fikir maddi mədəniyyət nəzəriyyəsində əşyanın insan həyatında aktiv rolunu önə çəkən yanaşmalarla səsləşir. Millerin materiallıq haqqında tədqiqatlarında da insan və əşya münasibətinin yalnız “insanın əşyanı istifadə etməsi” modeli ilə məhdudlaşdırılmaması vurğulanır.

    MİLLİ GEYİMİN ESTETİK MÜSTƏQİLLİYİ

    Sosial antropologiyada geyimin sosial funksiyasının ön plana çıxarılması bəzən onun estetik mahiyyətini zəiflədir. Halbuki milli geyim sənət əsəri kimi də fəaliyyət göstərə bilər. Rənglərin seçimi, ornamentlərin ritmi, kompozisiya, materialın işıqla münasibəti, tikiş texnikası və bəzək elementləri yalnız sosial status haqqında məlumat vermir. Onlar estetik sistem yaradır. Bu sistemin öz daxili qanunauyğunluqları vardır.
    Məsələn, bir ornamentin yalnız “qadınlıq simvolu” kimi izah edilməsi həmin ornamentin:- kompozisiya strukturunu, ritmini, təkrarlanma prinsipini, rəng harmoniyasını, texniki icra üsulunu izah etmir. Bu səbəbdən milli geyim tədqiqatında sənətşünaslıq metodu sosial antropoloji metodla paralel işləməlidir.

    MİLLİ GEYİM VƏ FOLKLOR

    Milli geyim folklorla da sıx əlaqəlidir. Xalq yaradıcılığında geyim dastanlarda , nağıllarda, bayatılarda, atalar sözlərində, mərasim mətnlərində, aşıq yaradıcılığında müxtəlif funksiyalar daşıyır. Bu mətnlərdə geyim bəzən insanın sosial mövqeyini bildirir, bəzən gözəllik konseptini yaradır, bəzən sevgi münasibətlərinin işarəsinə çevrilir, bəzən də qəhrəmanın etnik-mədəni mənsubiyyətini göstərir. Lakin folklor mətnindəki geyim təsviri ilə real geyim nümunəsini eyniləşdirmək olmaz. Burada iki mənbə tipi fərqləndirilməlidir:-real geyim maddi mənbə, geyim haqqında folklor mətni semiotik-mətn mənbəyi. Onların qarşılaşdırılması isə daha dərin nəticələr verə bilər.

    MİLLİ GEYİMİN KOLLEKTİV YADDAŞIN “MADDİ ARXİVİ” KİMİ

    düşüncələrimizin əsas nəzəri təkliflərindən biri milli geyimə “maddi arxiv” anlayışının tətbiq edilməsidir. Arxiv sənədi yazılı yaddaşı, muzey əşyası isə maddi yaddaşı saxlayır. Milli geyim bu iki yaddaş sisteminin arasında xüsusi mövqeyə malikdir. Çünki o, maddidir, bədənlə əlaqəlidir, istifadə olunmuşdur, sosial həyatın içində olmuşdur, estetik informasiya daşıyır, texnoloji bilik saxlayır, ailə və kollektiv yaddaşla əlaqələnir. Bu baxımdan milli geyimə “maddi arxiv” kimi yanaşmaq onu yalnız sosial statusun göstəricisi olmaqdan çıxarır.

    QLOBALLAŞMA VƏ MİLLİ GEYİM

    Qloballaşma milli geyimlərin funksiyasını dəyişdirmişdir. Əvvəllər müəyyən geyim forması gündəlik həyatın təbii hissəsi olduğu halda, müasir dövrdə onun istifadəsi festival, toy, bayram, folklor tədbiri, muzey, turizm,səhnə, dövlət və mədəniyyət tədbirləri ilə məhdudlaşa bilər. Bu vəziyyətdə milli geyim “gündəlik geyim”dən “mədəni irs obyektinə” çevrilir. Lakin bu dəyişiklik ənənənin yox olması kimi izah edilməməlidir. Ənənənin funksiyası dəyişir, bu, mədəni transformasiyanın göstəricisidir.

    Məsələn, UNESCO-nun kəlağayı ilə bağlı sənədində qoruma, təlim, maarifləndirmə, tədqiqat və xammal təminatı kimi tədbirlərin ənənənin yaşadılmasında əhəmiyyəti xüsusi qeyd edilir. Deməli, müasir milli geyim həm irs, həm mədəni təcrübə, həm də müasir identiklik resursu kimi fəaliyyət göstərə bilər.

    “MİLLİ GEYİM” ANLAYIŞININ ÖZÜNƏ TƏNQİDİ YANAŞMA

    Elmi baxımdan “milli geyim” anlayışını da sadələşdirmək olmaz, çünki milli geyim anlayışı bəzən sonrakı dövrlərdə standartlaşdırılmış formaları qədim və dəyişməz ənənə kimi təqdim edə bilər. Bu təhlükənin qarşısını almaq üçün üç kateqoriya fərqləndirilməlidir tarixi geyim, müəyyən dövrün real geyim forması.

    . Ənənəvi geyim;-nəsillərarası ötürülmüş və müəyyən mədəni mühitdə yaşamağa davam edən geyim.
    Milli geyim;- sonrakı mərhələdə həmin ənənələrin daha geniş milli mədəniyyət çərçivəsində ümumiləşdirilmiş forması. Bu üç anlayışın eyniləşdirilməsi tarixi metodologiyada problemlər yarada bilər.

    TƏKLİF OLUNAN YENİ METODOLOJİ MODEL

    Milli geyimin tədqiqi üçün aşağıdakı “maddi-semiotik-tarixi model” təklif edilə bilər material səviyyəsi, parça, ipək, yun, pambıq, dəri, metal, daş və boya.

    Texnoloji səviyyə toxuma, tikiş, boyama, naxışlama, tikmə, zərgərlik; biçim.
    Formal-estetik səviyyə, siluet, rəng, ornament, kompozisiya, ritm, proporsiya.

    Sosial səviyyə yaş, gender, ailə vəziyyəti,sosial mövqe, mərasim.
    Simvolik səviyyə, identiklik, yaddaş, mənsubiyyət,dini-mənəvi məna regional mənsubiyyət.
    Tarixi səviyyə genezis, dəyişmə, regional yayılma, mədəni əlaqələr, tarixi transformasiya.

    Müasirlik səviyyəsi muzeyləşmə, folklorlaşdırma, turizm, milli brend, səhnə və festival, müasir moda.
    Bu model milli geyimin yalnız bir nəzəri kateqoriyaya sığdırılmasının qarşısını alır.

    NƏTİCƏ

    Milli geyim milli mədəniyyətin sadəcə xarici atributu deyil, o, milli mədəniyyətin maddi şəkildə mövcud olan formalarından biridir. Sosial antropologiyanın geyimi identiklik, status, gender, sinif, sosial fərqləndirmə və kommunikasiya baxımından izah etməsi mühüm elmi nəticələr vermişdir. Lakin geyimin bütün mahiyyətini sosial münasibətlərə və simvolik kodlara endirmək metodoloji reduksionizmə gətirib çıxara bilər. Milli geyim yalnız “cəmiyyət haqqında danışan işarə” deyil. O, özü də tarixi prosesin məhsulu, texnoloji bilik daşıyıcısı, estetik istem, maddi yaddaş forması və nəsillərarası mədəni ötürmə vasitəsidir. Bu səbəbdən milli geyimin tədqiqində əsas metodoloji prinsip belə ifadə oluna bilər:-«Milli geyim cəmiyyətin üzərində yazılmış mətn deyil; cəmiyyətin tarix boyu yaratdığı və özü ilə birlikdə yaşatdığı maddi-mədəni yaddaşdır.» Bu yanaşma sosial antropologiyanı rədd etmir. Əksinə, onu maddi mədəniyyət, tarix, etnoqrafiya, sənətşünaslıq, tekstil texnologiyası və folklorşünaslıqla tamamlayır. Beləliklə, milli geyimin elmi tədqiqinin əsas obyekti “geyimin nəyi ifadə etdiyi” sualından “geyimin hansı tarixi-mədəni sistem daxilində necə yarandığı, necə yaşadığı, hansı maddi və mənəvi bilikləri qoruduğu və sonrakı nəsillərdə necə yenidən mənalandırıldığı” sualına doğru genişlənməlidir. Bu perspektivdə Azərbaycan milli geyimi yalnız keçmişin etnoqrafik qalığı deyil. O, Azərbaycan milli mədəniyyətinin maddi yaddaş sistemidir.



    ƏDƏBİYYAT

    1. Appadurai, A. (ed.). The Social Life of Things: Commodities in Cultural Perspective. Cambridge: Cambridge University Press, 1986.

    2. Barthes, R. The Fashion System. Berkeley: University of California Press, 1983.

    3. Bourdieu, P. Distinction: A Social Critique of the Judgement of Taste. Cambridge, MA: Harvard University Press, 1984.

    4. Bourdieu, P. Outline of a Theory of Practice. Cambridge: Cambridge University Press, 1977.

    5. Douglas, M., Isherwood, B. The World of Goods: Towards an Anthropology of Consumption. London: Routledge, 1996.

    6. Eicher, J. B., Evenson, S. L. The Visible Self: Global Perspectives on Dress, Culture, and Society. New York: Fairchild Books.

    7. Entwistle, J. The Fashioned Body: Fashion, Dress and Modern Social Theory. Cambridge: Polity Press, 2000.

    8. Hall, S. “Cultural Identity and Diaspora.” In: Rutherford, J. (ed.). Identity: Community, Culture, Difference. London: Lawrence & Wishart, 1990.

    9. Hansen, K. T. “The World in Dress: Anthropological Perspectives on Clothing, Fashion, and Culture.” Annual Review of Anthropology, 2004, Vol. 33, pp. 369–392.

    10. Kopytoff, I. “The Cultural Biography of Things: Commoditization as Process.” In: Appadurai, A. (ed.). The Social Life of Things. Cambridge: Cambridge University Press, 1986, pp. 64–91.

    11. Miller, D. Stuff. Cambridge: Polity Press, 2010.

    12. Miller, D. “Materiality: An Introduction.” University College London.

    13. Miller, D. “Consumption Beyond Dualism.” University College London.

    14. Roach-Higgins, M. E., Eicher, J. B. “Dress and Identity.” Clothing and Textiles Research Journal, 1992, Vol. 10, No. 4, pp. 1–8.

    15. Rocamora, A. “Fields of Fashion: Critical Insights into Bourdieu’s Sociology of Culture.” Journal of Consumer Culture, 2002, Vol. 2, No. 3, pp. 341–362.

    16. Almila, A.-M. “The Dressed Body, Material and Technology: Rethinking the Hijab through Sartorial Sociology.” International Journal of Fashion Studies, 2018, Vol. 5, No. 2, pp. 309–328.

    17. Aliyeva, K. “Azerbaycan Milli Giyim-Kuşam Kültürü: Tarihi Gelişim Aşamaları ve Etnografik Özellikleri.” Türk Arkeoloji ve Etnografya Dergisi, 2026, № 92, s. 111–125.

    18. Azərbaycan Milli Tarix Muzeyi. Azərbaycan milli geyimləri olduğu kimi. Bakı, 2017.

    19. UNESCO. “Traditional art and symbolism of Kelaghayi, making and wearing women’s silk headscarves.” Representative List of the Intangible Cultural Heritage of Humanity, 2014.

    20. Gell, A. Art and Agency: An Anthropological Theory. Oxford: Clarendon Press, 1998.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR