AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Onların hamısı eyni səviyyədə məsuliyyət daşıyır - Ülvi Quliyev

  • + A
  • - A
  • 9-04-2021, 12:59


    Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin müsahibəsini təqdim edir:


    - Tanınmış jurnalist Poznerin Ermənistanın keçmiş prezidenti R.Köçəryandan götürdüyü telemüsahibə bir neçə gün əvvəl Rusiyanın dövlət kanalında yayımlandı. Ülvi müəllim,müsahibəyə baxmısınızmı?

    -Bəli,baxmışam.

    -Maraqlıdır ki,Xocalı qətliamının əsas günahkarlarından biri olan,birinci Qarabağ savaşında mülki əhalimizə və əsgərlərimizə qarşı xüsusi qəddarlığı ilə tanınan Köçəryan bildirdi ki,Ermənistanın və erməni ordusunun hazırki acınacaqlı durumunda revanş haqda fikirləşənlər sağlam düşüncədən uzaq olan şəxslərdir. Sizcə,o, açıqlamasında səmimi idi?

    -Mən də diqqət yetirdim ki,yerli sosial medianın bəzilərində Köçəryanın bu açıqlaması nədənsə xüsusi olaraq qabardıldı.Qeyd etdiyiniz kimi,bu şəxs 1-ci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilmiş ən ağır müharibə cinayətlərinə rəhbərlik edənlərdən biridir.Köçəryan müsahibədəbildirdi ki, Ermənistan üçün ən böyük təhlükə Türkiyədir.Onu da əlavə etdi ki,Türkiyə ilə kommunikasiyaların açılmasını Ermənistan üçün məqbul saymır və bu, baş verərsə,Türkiyənin Ermənistanı Acarıstana çevirəcəyindən narahatdır.Başqa sözlə, Qarabağda separatçı hərakatın başında dayanan, insanlıq əleyhinə cinayətlərin müəllifi olan,türkü düşmən gözündə görən birisi Azərbaycana qarşı heç vaxt səmimi ola bilməz.Üstəlik,jurnalistin ”hesab edirsinizmi ki,əraziləri həmişəlik itirmisiniz və onları artıq qaytarmaq mümkün olmayacaq?” sualına Köçəryanın verdiyi cavab onun hələ də revanş hissi ilə yaşadığını ortaya qoydu. Bildirdi ki,bütün ərazilər barədə olmasa da,vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan ərazilər haqda düşünmək olar.Revanş hissini gizlətmək üçün mövqeyini onunla izah etdi ki,guya hazırki vəziyyət ədalətli sülhü şərtləndirmir,ədalətsiz sülh isə uzunmüddətli və əbədi ola bilməz.Bu cür acıqlamalar olmasaydı belə,onun kimliyi və xisləti məlumdur,müharibə canisi olduğu heç birimiz üçün sirr deyil.Belə birisi Azərbaycana və azərbaycanlılara qarşı səmimi ola bilməz.Bizimlə bağlı açıqlamalarında o, növbəti dəfə cildini dəyişmişdi,səmimi deyildi.

    -Bununla yanaşı,maraqlıdır ki,Köçəryan müsahibəsində Ermənistanın müharibədən sonra düşdüyü vəziyyətin acınacaqlı olduğunu bir necə dəfə etiraf etdi.Axı,o bilməmiş deyildi ki,həmin müsahibəni təkcə Rusiya və Ermənistanda deyil,Azərbaycanda da izləyəcəklər?!

    -Məhz bu amili nəzərə aldığından,o, revanşist xislətini pərdələməyə,gizlətməyə çalışdı.Müsahibədə Köçəryanın əsas hədəfi Rusiyanın siyasi elitası və Ermənistan cəmiyyəti idi.Müharibədə uğradığı ağır məğlubiyyətdən sonra erməni cəmiyyətinin psixoloji sarsıntı yaşadığını,faktiki parçalanmış vəziyyətdə olduğunu, növbəti immiqrasiya dalğası ilə üzləşdiyini,iqtisadiyyatının çökdüyünü,erməni cəmiyyətinin ictimai biganəliyə yuvarlandığını və Ermənistan ordusuna məğlubiyyət sindiromundan çıxmaq üçün zaman lazım olduğunu etiraf edərkən Köçəryan yalnız siyasi məqsədlərini güdürdü.Doğrudur,onun bu etirafları həqiqəti, Ermənistandakı real mənzərəni əks etdirir.Lakin Köçəryan bu acı reallığı yalnız Paşinyan hakimiyyətinin fəaliyyətinin nəticəsi,xidməti kimi təqdim etdi. Ter-Petrosyanın, özünün və Sarqsyan hakimiyyətinin erməni cəmiyyətinin zehniyyətini necə zəhərlədiyini,Ermənistanın indiki vəziyyətə düşməsində özlərinin hansı xətalara yol verdiklərini və hansı günahları işlətdiklərinibilərəkdən "unutdu”. O,Ermənistan cəmiyyətinə çatdırmaq istəyirdi ki,baş vermiş məğlubiyyətin yeganə təqsirkarı Paşinyan və onun hakimiyyətidir.Köçəryan ictimai şəkildə onu da etiraf etdi ki,danışıqlar prosesi məhz erməni tərəfinin təqsiri üzündən pozulub.Bildirdi ki,Paşinyan Dağlıq Qarabağın danışıqlarda bir subyekt kimi iştirakını şərt kimi irəli sürəndə,”Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verəndə bilməli idi ki,danışıqları dalana dirəyir.Köçəryanın bu açıqlaması da,məlum olduğu kimi, həqiqətdir və həqiqətin yalnız cüzi hissəsidir.Lakin o etiraf etdiyi bu cür siyasi naşılığı yalnız Paşinyan hakimiyyətinin ayağına yazdı.Köçəryan siyasi riyakarlığı üzündən etiraf etmədi ki,28 il davam edən danışıqların altı ili Ter-Petrosyanın,on ili onun özünün,on ili də Sarqsyanın hakimiyyəti dövrünə təsadüf edib. Paşinyan qədər onların hər üçü danışıqları imitasiya ediblər,status-kvo vəziyyətini saxlamaq məqsədini güdüblər. Azərbaycana qarşı işğal siyasətində, azərbaycanlılara qarşı törədilən müharibə cinayətlərində dördü də günahkardır,eyni səviyyədə məsuliyyət daşıyırlar.

    -Köçəryanın müsahibədə məqsədi yalnız Rusiyayaya yarınmaq və onun siyasi dəstəyini qazanmaqmı idi?

    -Şübhəsiz ki,əsas məqsədi bu idi.Həm də bu müsahibəni ondan tanınmış jurnalist olan V.Pozner Rusiya-1 dövlət kanalı üçün götürürdü.Dolayısı ilə Erməniatan cəmiyyətinə çatdırılırdı ki,Köçəryan Rusiya üçün yad birisi deyil,onun siyasi gələcəyinə olan inam tükənməyib.Elə buna görə də,jurnalistin "dostunuz olan Rusiya Prezidenti ilə görüşünüz olubmu?” sualına Köçəryan guya istəmədən,guya jurnalistin təkidli sualı nəticəsində belə cavab verdi ki,görüşləri olmasa da,əlaqələri olub.Yenə Ermənistan cəmiyyətinə çatdırılırdı ki,Kremlin qapıları Köçəryanın üzünə hələ də açıqdır.Müsahibə az qala andiçmə təəssüratını yaradırdı,inaqurasiya yox,Rusiyaya sədaqət andını.Köçəryan dönə-dönə vurğuladı ki,o başqaları kimi sağa-sola sapan deyil,yalnız bir ünvana xidmət edəcək.Ünvan kimi də Ermənistan xalqının deyil,başqa bir dövlətin-Rusiyanın maraqlarını göstərdi.Bayaq qeyd etdiyim kimi,müsahibənin növbəti hədəfi Ermənistan cəmiyyəti idi.Köçəryan məhz Moskvadan öz millətinə aşılayırdı ki,hərbi məğlubiyyətin yeganə günahkarı Paşinyandır, sonuncunun sərsəm bəyanatlarla Azərbaycanı müharibəyə təhrik etməsidir.Onun bu açıqlaması da həqiqətdir.Paşinyanın xalqımız qarşısında günahları və hərbi-siyasi təxribatları danılmazdır,bağışlanılmazdır.Lakin 28 il boyunca Ermənistanın bütün rəhbərləri Azərbaycan xalqının əsəbi ilə oynadılar,heç biri beynəlxalq hüquqa və tarixi ədalətə məhəl qoymadı.Bu cür məkrli oyunların sonu Ermənistan üçün gec-tez məğlubiyyətlə bitməli və haqlı tərəf Zəfər qazanmalı idi.

    -Belə çıxır ki,Moskva Köçəryana ciddi efir vaxtı verməklə məqsədli şəkildə onu təbliğ edib?

    -İyun ayında Ermənistanda Parlament seçkiləri olmalıdır.Orada hakimiyyətə gələcək şəxsin kimliyinə Rusiya heç vaxt biganə olmayıb,bu gün də deyil.Ermənistanın hazırkı baş naziri N.Paşinyan da Moskvaya səfər etdi.Rusiya Prezidenti ilə üç saatdan artıq davam edən təkbətək görüşü oldu.İctimailəşən videokadrlar göstərir ki,Ermənistan cəmiyyətində yaşanan psixoloji sarsıntı Paşinyandan da yan ötməyib, onu da əməlli-başlı silkələyib.Artıq başa düşüb ki,o, müstəqil bir dövlətin yox,çoxdan Rusiyanın təsir dairəsində olan bir ərazinin rəhbəridir və orada rəhbər qalıb-qalmaması xeyli dərəcədə Kremldən asılıdır.Bağlı qapılar arxasında nələrin danışıldığı,hansı razılıqların əldə olunduğu haqda fərziyyə irəli sürmək istəməzdim.Lakin görünən odur ki,Moskva Köçəryanla yanaşı,Paşinyanı da öz təsir dairəsinə yaxınlaşdıra bilib.Fors-major şəraitində onlardan hər hansı birinin hakimiyyətə gəlişi Moskvanın ziyanına olmayacaq. Kremldə oturanlar Ermənistandakı ictimai-siyasi durumdan,oradakı anti-rus meyillərindən məlumatlıdırlar.Təsadüfi deyil ki,V.Poznerin Köçəryana ünvanladığı sullardan biri də belə idi:”Moskvada mənimlə baş tutan müsahibənin Ermənistanda əleyhinizə işləyəcəyindən narahat deyilsinizmi?”.V.Pozner açıq şəkildə Ermənistandakı anti-rus əhval-ruhiyyəli kəsimə işarə edirdi.

    -Ermənistan hakimiyyətinə kimin gəlməsi Azərbaycan üçün daha sərfəli olardı?

    -Desəm ki,ilanın ağına da,qarasına da lənət,kobud çıxacaq.Amma bu,belədir.Lakin Ermənistan yerləşdiyimiz coğrafi məkandan heç yana buxarlanan deyil,o cümlədən orada olan revanşist qüvvələr də,onlara himayədarlıq edənlər də.Ona görə baş verən prosesləri izləməliyik,heç nəyi,heç bir təması diqqətdən kənarda qoymamalıyıq. Əsas olan odur ki,strateji müttəfiqlərimizlə,qardaş və dost ölkələrlə bütün sahələrdə yaxınlaşmağımız, daha sıx əməkdaşlığımız intensiv xarakter alıb.Vacib olan budur.

    -Köçəryanın müsahibəsi, ümumiyyətlə, Sizə necə təsir bağışladı?

    -Müsahibənin məqsədi və müsahibin kimliyi,xisləti ilə bağlı fikirlərimi bayaq bildirdim.Köçəryanın dediyi iki fikir,iki suala verdiyi cavab göstərdi ki,on il prezident kürsüsündə əyləşmiş bu şəxs xələfi Paşinyanın bənzəridir,onun başqa bir formasıdır və o da yetkin siyasətçi deyil. Məsələn,Köçəryan etiraf etdi ki,Ermənistan cəmiyyətində yalnız milli kimlik faktoru inkişaf edib,dövlətçilik ənənəsi isə elə rüşeym formasında qalıb.Onun bu etirafı Ermənistan cəmiyyətində necə qarşılanacaq,deyə bilmərəm.Amma bu etiraf həqiqətə tam uyğun olsa da, erməni cəmiyyəti və erməni xisləti üçün çox ilginc səslənirdi.O dedi ki,Ermənistan adlı dövlət uzun zaman olmayıb,çox sonralar yaranıb,ona görə də ermənilər müxtəlif dövlətlərin ərazilərində özlərinə sığınacaq tapmalı olublar.Bir o qaldı etiraf etsin ki,elə bu səbəbdən başqasının-Azərbaycanın torpağına göz dikiblər və onun ərazisini işğal hədəfi kimi seçiblər,ara-sıra Türkiyə tərəfə də boylanıblar.Belə bir etirafı Ermənistanda siyasi rəhbərliyə iddialı olan birisinin dilindən eşitmək şəxsən məni məmnun etdi. Deyəsən,qədim Ermənistan dövləti kimi uydurduqları mifə özləri də artıq inanmırlar.V.Poznerin ikinci ritorik sualı isə belə idi:”Əgər Tanrı ilə görüşsəniz,ona nə deyərdiniz?” . Köçəryanın ilk cavabı bu cür oldu:”İndi,yoxsa həyatın qürub çağında?”.Pozner Köçəryanı bu sözlərlə başa salmaq məcburiyyətində qaldı:”Adətən, Tanrı ilə görüş həyat bitdikdən sonra olur”.Köçəryanın həm də belə cavablarına görə qeyd etdim ki,o nə yetkin siyasətçidir,nə də dərin müsahib.

    -Bu yaxınlarda məlum açıqlamalarına görə V.Pozneri Gürcüstandan qovmuşdular.Müsahibə nəyi göstərdi,onun Azərbaycana münasibəti necədir?

    -Həmişə qonaqpərvərliyi ilə seçilən qədim gürcü xalqını hövsələdən çıxarmaq üçün,həqiqətən, ciddi səhvə yol vermək gərəkdir.Bununla yanaşı,V.Pozner Rusiya informasiya məkanının ən peşəkar jurnalistlərindən biridir.Bu da həqiqətdir.Müsahibə zamanı Köçəryanı "Dağlıq Qarabağın ilk prezidenti” adlandırması,1915-ci il hadisələrinə genosid damğasını vurması,44 günlük Vətən müharibəmizdə Hitler və Stalin kimi uğursuz,məkrli tarixi şəxsiyyət eyniləşdirməsini aparması onun Azərbaycana bəslədiyi ədalətsiz və qərəzli münasibətin göstəricisidir.Bundan əvvəl verdiyiniz sualın cavabını konkretləşdirmək üçün deyim ki,Poznerin Köçəryanla olan müsahibəyə marağı sırf peşəkar fəaliyyətindən qaynaqlanırdı,yoxsa bu, onun dövlət kanalında çalışması ilə bağlıdır,dəqiq deyə bilmərəm.Bəlkə, hər iki səbəb mövcuddur,kim hansının ağırlığına üstünlük versə,yenə də haqlı çıxar.O da var ki,Pozner həm də Fransa vətəndaşıdır,oranı özünün əsl vətəni hesab edir.Erməni lobbisi orada da güclüdür.

    -Ülvi müəllim,yeri gəlmişkən,ANAMA tərəfindən Şuşada "İsgəndər-M” raketinin qalıqlarının aşkar edilməsi hadisəsinə münasibətinizi də öyrənmək istərdim.

    -Hadisə fakt olaraq artıq təsdiqini tapıb.Azərbaycan ərazisinə həmin raket atılıb.Bu,1949-cu il Cenevrə Konvensiyasının və 1977-ci ildə ona əlavə edilmiş iki Protokolun (Əlavə Protokol) müdəalarının pozulması deməkdir.Həmin raketin mənsub olduğu ölkənin bu hadisəni gələcəkdə necə izah etməsindən asılı olmayaraq,aidiyyatı hüquq-mühafizə orqanımız faktın istintaq çərçivəsində araşdırmasını aparıb nəticəsini həm cəmiyyətimizə,həm də beynəlxalq birliyə çatdırmalıdır. Hər bir halda,bu,sıradan bir hadisə deyil.Elə ona görə dünyanın da diqqət mərkəzindədir. Əsas odur ki,fakt ortadadır və o ictimailəşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR