Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətən müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, qazi müəllimlər və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak edib.
Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən BŞTİ müdiri xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb.
İdarə müdiri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.
28 may-Respublika Günü münasibətilə qazi müəllimləri təbrik edən BŞTİ müdiri dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən Müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı zəfərin qazanılmasında iştirak etdiyini və canlı vətənpərvərlik nümunəsi göstərdiyini deyib.
M.Vəliyeva qazi müəllimlərin həm cəbhədəki, həm də məktəbdəki əməli fəaliyyətləri ilə şagirdlər və yetişməkdə olan nəsillər üçün örnək olduğuna əminliyini ifadə edib.
Görüş zamanı şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edək ki, qazi müəllimlər BŞTİ-nin "Təşəkkürnamə"si ilə təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.